» » » “ASAN İmza” Rusiyada təqdim ediləcək

“ASAN İmza” Rusiyada təqdim ediləcək

“ASAN İmza” Rusiyada təqdim ediləcək

Cari ilin sentyabrın 14-dən 16-dək Rusiyanın Sankt-Peterburq şəhərində bu ölkənin Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin təşkilatçılığı ilə açıq açar infrastrukturu (PKI) və elektron imza mövzularına həsr edilmiş XIV Beynəlxalq PKI Forumu keçirilir. 

Builki forumun əsas işçi mövzuları açıq açar infrastrukturuna etimad, PKI infrastrukturunda perspektivli texnologiyaların tətbiqi, PKI və elektron imza sahəsində standartlaşdırma, sertifikasiya mərkəzlərinin fəaliyyəti, elektron imza texnologiyalarının qarşılıqlı əlaqəsi və s. ibarətdir.

Ümumilikdə tədbirdə Belarus, Qazaxstan, Azərbaycan, Polşa, Rusiya Federasiyası, Özbəkistan və digər ölkələrdən 300-dən artıq nümayəndə iştirak edir. 

Forumda ilk dəfə olaraq “ASAN İmza” mobil elektron imza xidmətinin yaradıcısı və operatoru olan “B.EST Solutions” şirkətinin təsisçisi Yana Krimpe də iştirak edir.

Tədbir zamanı baş tutacaq mobil identitet və PKI mövzusunda çıxışında Y.Krimpe açıq açar infrastrukturu əsasında fəaliyyət göstərən “ASAN İmza” texnologiyası haqda ətraflı məlumat verəcək, Azərbaycanda “ASAN İmza” texnologiyasının elektron hökumətdən mobil hökumətə keçid prosesində tətbiqi barədə danışacaq.

“ASAN İmza” texnologiyası bütün dövlət və özəl elektron xidmətlərə məhdudiyyətsiz giriş imkanı təmin edir və qanunvericilik baxımından elektron mühitdə ümummilli vətəndaş pasportu ilə bərabər hüquqlar təqdim edir.

Elektron xidmət təminatçıları üçün tətbiqinin asanlığı və əhali üçün kütləvi istifadə baxımından əlçatan olması kimi üstünlüklərə görə “ASAN İmza” texnologiyası hazırda Azərbaycanda vətəndaşlar və sahibkarlar arasında artan populyarlığa malikdir və mobil hökumətin başlıca komponentini təşkil edir.

Çıxış zamanı tədbir iştirakçılarına Azərbaycan Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Elektron Hökumət və “ASAN Ödəniş” portallarının, eləcə də maliyyə sektorunun “ASAN İmza” ilə mümkün olan innovativ elektron xidmətləri təqdim ediləcək. 

Qeyd etmək lazımdır ki, cəlbedici ixrac potensialına malik olan “ASAN İmza” texnologiyası mütəmadi olaraq bu kimi müxtəlif beynəlxalq sahəvi tədbirlərdə “Madein Azerbaijan” şüarı altında təmsil edilir.

“B.EST Solutions” şirkəti qabaqcıl mobil identitet və imza texnologiyasının tətbiqi və istifadəsi, eləcə də mobil imza xidmətinin dövlət və özəl elektron sistemlərlə qarşılıqlı əlaqəsi sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlərin təqdim edilməsi məqsədilə bu kimi beynəlxalq tədbirlərdə fəal iştirak edir.  

“ASAN İmza” Azərbaycanda vahid elektron hökumət konsepsiyasının mühüm komponentini təşkil etməklə yanaşı, özəl sektorun elektron xidmətlərinin göstərilməsində də istifadə olunur. Hazırda ölkədə bir çox banklar, sığorta şirkətləri, onlayn ödəniş portalları öz elektron sistemlərində mobil imza xidmətindən fəal şəkildə yararlanır. 

“ASAN İmza” haqqında

“ASAN İmza” mobil elektron imza – mobil telefonu rəqəmsal şəxsiyyət vəsiqəsi və elektron imza vasitəsi kimi istifadə etməyə imkan verən texnologiyadır. “ASAN İmza” texnologiyasını önə çıxaran başlıca cəhət smart-kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır.

Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir. Ətraflı məlumat: www.asanimza.az.

“ASAN İmza” mobil elektron imza sistemində istifadə olunan autentifikasiya və elektron imza sertifikatları Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən təqdim edilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə yaradılmış və Rabitə və Yüksək Texnologiyalar Nazirliyində akkreditasiyadan keçmiş ASXM dövlət və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarına, hüquqi və fiziki şəxslərə təkmil sertifikatlar təqdim etmək hüququna malikdir. Ətraflı məlumat üçün: www.asxm.gov.az.

U.A
ucarliyiq.biz