» » » Yol polisi paytaxt sakinlərinə müraciət edib

Yol polisi paytaxt sakinlərinə müraciət edib

Yol polisi paytaxt sakinlərinə müraciət edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi paytaxt sakinlərinə müraciət edib.

İdarədən Ucarliyiq.biz-a verilən məlumata görə, yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxtda nəqliyyat vasitələri ilə yanaşı, piyadaların da hərəkətində intensivlik xeyli dərəcədə artıb. Bunu nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarını, xüsusilə də piyadaları küçə və yollarda təhlükəsizlik qaydalarına ciddi riayət etməyə və öz nümunəvi davranışları ilə uşaqlara, yeniyetmələrə nümunə olmağa çağırır: 

“Hörmətli sakinlər, unutmayın ki, siz piyada qismində hərəkət edərkən yol hərəkəti iştirakçıları arasında ən zəifi sayılırsınız və bu zəiflik insanın fiziki və ya zehni imkanları ilə ölçülmür. Piyada ağır metal kütləsi olan nəqliyyat vasitəsi ilə müqayisədə həddən artıq zəifdir”.

Məlumatda qeyd olunur ki, hər il paytaxtın avtomobil yollarında baş verən yol-nəqliyyat hadisələrinin çoxu, təxminən 55%-i piyadaların vurulması ilə bağlı olur və bu hadisələrin  əksəriyyəti məhz piyadaların onlar üçün müəyyən olunmayan yerlərdən keçmələri səbəbindən baş verir: 

“Baxmayaraq ki, təkcə paytaxt ərazisində 40-dan çox yeraltı-yerüstü, bir o qədər nizamlanan və yüzlərlə nizamlanmayan piyada keçidi mövcuddur, yenə də piyadalarımız kütləvi şəkildə bu qaydaları pozur, nəticədə əziyyət çəkən, xəsarət alan və bəzən dünyasını dəyişənlər də məhz piyadaların özləri olurlar.

Bəziləri yol polisini sürücülərlə müqayisədə piyadalara qarşı zəif mübarizə aparmaqda suçlayır. Amma il ərzində 140 minədək piyadanın məsuliyyətə cəlb edilməsi faktı bu fikirlərin tam əksini sübut edir və unutmaq lazım deyil ki, sürücülərin yol verdikləri qayda pozuntularının 60-70 faizi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır. 

Aparılan təhlillər, ictimai qurumlar, qeyri-hökumət təşkilatları ilə birgə keçirilən sorğular da göstərir ki, qayda pozan hərəkət iştirakçıları arasında müxtəlif yaş həddində olan insanlar var və onların böyük əksəriyyətinin bu hərəkətlə bağlı gətirdikləri arqument ya tələsməkdir, yaxud diqqət yetirməmək. Narahatedici hallardan biri də odur ki, belə piyadaların əksəriyyətinin yanında uşaqlar olur. Bu isə uşaqlarda kiçik vaxtlarından yol qaydalarına biganəlik kimi xoşagəlməz vərdişlərin formalaşmasına səbəb olur.
 
Hörmətli hərəkət iştirakçıları, bir daha yaşından, həyatda tutduğu mövqedən asılı olmayaraq, hər bir kəsi yol hərəkəti qaydalarına ciddi riayət etməyə dəvət edir, bu qaydaların insan həyatının qorunması üçün nə qədər vacib və əhəmiyyətli olmasına diqqət yetirməyə çağırır və xahiş edirik ki, özünüzün, doğmalarınızın həyatının qorunması üçün bu çağırışımıza düşünülmüş şəkildə yanaşasınız”. 

[/b]
[b]ucarliyiq.biz