» » » Azərbaycan Dillər Universitetinə yeni prorektor təyin olundu

Azərbaycan Dillər Universitetinə yeni prorektor təyin olundu

Azərbaycan Dillər Universitetinə yeni prorektor təyin olundu

Azərbaycan Dillər Universitetində Tədris işləri üzrə prorektoru vəzifəsinə yeni təyinat olub.

Ucarliyiq.biz xəbər verir ki, universitetin mətbuat xidmətindən Report-a verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun imzaladığı müvafiq əmrə əsasən, bu vəzifəyə Əfqan Abdullayev təyin olunub. 

Ə.Abdullayev təyinata qədər Təhsil Nazirliyinin Lisenziyalaşdırma və akkreditasiya sektorunun baş məsləhətçisi vəzifəsində işləyib.  

Bu gün nazirliyin Aparat rəhbərinin müavini Yaqub Piriyev yeni təyin olunmuş prorektoru universitet kollektivinə təqdim edib.

Qeyd edək ki, Əfqan Əli oğlu Abdullayev Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini və aspiranturasını bitirib. Həmin institutda laboratoriya müdiri, İngilis dilinin qrammatikası kafedrasında müəllim, Xəzər Universitetində kafedra müdiri, Humanitar fakültənin dekanı işləyib. 

1993-2005-ci illərdə ABŞ-da magistratura, həmçinin doktorantura təhsili alıb, Ph.D. pilləsini tamamlayıb, magistr elmi dərəcəsinə layiq görülüb. 

ABŞ Dövlət Departamentinin, Avropa İttifaqının, Almaniya Xarici İşlər Nazirliyinin 20-dən çox qrantının mükafatçısıdır. 1996-cı ildə namizədlik, 2001-ci ildə doktorluq elmi dərəcələrini alıb. 105-dən çox elmi məqalənin, 6 kitabın (3 kitab xaricdə nəşr olunub) müəllifidir. 2001-ci ildən Xəzər Universitetinin, 2002-ci ildən isə Azərbaycan Dillər Universitetinin professorudur.

ABŞ, Türkiyə, Polşa, Rumıniya, İran, Rusiya, İngiltərə, Almaniya, Macarıstan, İspaniyada müxtəlif beynəlxalq konfranslarda məruzələrlə çıxış edib. 2003-cü ildən 2014-cü ilə kimi Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsində dekan vəzifəsində çalışan Əfqan Abdullayev Təhsil Nazirliyində Lisenziyalaşdırma və akkreditasiya sektorunun baş məsləhətçisi kimi, son dövrlərdə isə Elm, ali və orta ixtisas təhsili şöbəsində fəaliyyət göstərib.

.
ucarliyiq.biz