» » » Bakı sakinləri tikinti şirkətinə qarşı etiraz edir – VİDEO

Bakı sakinləri tikinti şirkətinə qarşı etiraz edir – VİDEO

Bakı sakinləri tikinti şirkətinə qarşı etiraz edir – VİDEO

Bakının Xətai rayonu, Natiq Əliyev küçəsi 10 ünvanında yerləşən ikimərtəbəli 46 mənzilli yaşayış binasının sakinləri yaşadıqları binanın söküləcəyindən narahatdır.

Ucarliyiq.biz “Report”-a istinadən xəbər verir ki, sakinlərə bununla bağlı “Baku Lüks Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən bildiriş göndərilib.

Belə ki, köhnə ikimərtəbəli binanın sökülməsi, yerində isə 16 mərtəbəli yaşayış binasının ucaldılması planlaşdırılır. Sakinlər yaşadıqları köhnə binanın uçurulub yenisi ilə əvəzlənməsindən narazı deyil. Ancaq tikinti şirkətinin qoyduğu şərtlər onları qane etmir. Belə ki, “Baku Lüks Tikinti” MMC şərt qoyub ki, sakinlərin yaşadığı hər bir evin sahəsi yalnız mənzildaxili olaraq ölçüləcək və iki illik müqavilə bağlanacaq. 

Müqaviləyə əsasən, sakinlər iki il kirayədə yaşayacaq. MMC sakinlərin kirayə pulunu 250-300 manat hesablayaraq yalnız bir illik ödəniş edəcək. Sakinlər ikinci ilin kirayə haqqını özləri ödəməlidir. Hazırda yaşadıqları binanın sökülərək yerində 16 mərtəbəli bina tikilib başa çatdığı təqdirdə, sakinlər yenidən öz yeni mənzilləri ilə təmin ediləcək. Ancaq bu, mənzil sahiblərini qane etmir.

Bundan əlavə, sakinlər bildirir ki, binanın həyətyanı sahəsi hazırda keçilməzdir: 

“Burada hündürmərtəbəli bina tikildiyi təqdirdə, digər yeni tikili ilə də ara məsafəsi saxlanılmır. Yəni, burda Şəhərsalma və Tikinti Məcəlləsinin bir neçə maddəsi də pozulur”.

Bəzi sakinlər isə ərazidə tikinti aparacaq şirkətin adını da bilmir. 

“Bizi 110 nömrəli Mənzil İstismar Sahəsinə (MİS) çağırıb şirnikləşdirici təkliflər edirlər. Bu “tələ”yə yalnız 11 mənzil sahibi düşüb”, - sakinlərdən biri deyib.

Bir sözlə, sakinlərin əksəriyyəti “Baku Lüks Tikinti” MMC-nin qoyduğu şərtlərlə razılaşmırlar. Onlar şərtlər qane etmədiyi təqdirdə, mənzillərindən çıxmayacaqlarını bildirir”.

Natiq Əliyev küçəsi, 3 ünvanında yerləşən 2 bloklu 16-mərtəbəli bina da hazırda güclü sıxlıq müşahidə olunur. Həyətin həcmi binaya uyğun nəzərdə tutulmadığından həyətə cəmi 5 avtomobil yerləşir. Əldə etdiyimiz məlumata görə, binanın qaraj sayı da məhduddur.

Bina sakinləri bildiriblər ki, uşaqların həyətdə oynamağı üçün şərait yoxdu, onlar avtomobillərin gediş gəliş hissəsində oynayırlar və bu da təhlükəlidir . “İnşaatçı 2002” tərəfindən həmin bina 2008-ci ildə tikilib. Sakinlər qeyd edirlər ki, hazırda onun qarşısında digər hündürmərtəbəli binanın tikintisi həyətə giriş-çıxışı tamamilə məhdudlaşdıracaq.

Tikinti aparan şirkətin mövqeyini öyrənmək mümkün olmayıb.

Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Əzizov Dəyanət bildirib ki, Natiq Əliyev küçəsi 10 ünvanında yerləşən ikimərtəbəli binanın sökülməsi, yerində 16 mərtəbəli binanın tikiləcəyindən xəbərdar olub: 

“Lakin söküləcək binanın sakinləri tərəfindən İcra Hakimiyyətinə hər hansı bir müraciət olmayıb. Bu səbəbdən də sakinlərin narazılıqlarından xəbərimiz yoxdur”.

Xatırladaq ki, 2004-cü il aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxta gəzintiyə çıxarkən hündürmərtəbəli binaların tikintisi ilə bağlı məsələyə də toxunub: 

“Getsinlər, sakinlərlə danışsınlar, o yerləri münasib bir qiymətə alsınlar. Birmərtəbəli binaları söksünlər, yerində baş plana uyğun şəkildə, yəni razılaşdırılmış qaydada yeni evlər tiksinlər. Özü də bunlar memarlıq cəhətdən də gözəl olmalıdır. 

Yoxsa biri gəlir, 30 mərtəbəli tikir, biri onun yanında 5 mərtəbəli tikir, ümumi görüntü pozulur. Göstərilməlidir ki, harada neçə mərtəbəli bina tikilə bilər və onun memarlığı da mütləq münasib olmalıdır”.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov isə Echo.az saytına müsahibəsində əksər binaların 16 mərtəbəli olmasına qarşı çıxdığını açıq bəyan edib: 

“Bu gün yaşayış tikintisi ərazilərində başdan-başa 16 mərtəbəli (və daha yüksək) yaşayış binaları tətbiq olunur ki, bu da ərazilərin planlaşdırılması zamanı yolverilməzdir. Ərazilərin tikinti sıxlığı əmsalı normalardan dəfələrlə artıqdır ki, bu da sakinlərin təhlükəsizliyini təmin etmir, insolyasiya pozulur. 

Həmçinin dəhliz tipli çoxmərtəbəli yaşayış binalarının tikintisi də geniş yayılmışdır ki, bu da əsasən müəyyən məhdudiyyətlərin hazırlanmasını sövq etmişdir. 

Çoxmərtəbəli blok seksiyalı (əvvəllər 4 mənzilə qədər tətbiq edilən) bir mərtəbədə 9 mənzil nəzərdə tutulmuş dəhliz tipli mərtəbəyə çevirmək - bu, nonsensdir. 

Belə alınır ki, 9 mənzildən 5-i küləklənmir, mərtəbənin ümumi yaşayış sahəsi 450 kv.m əvəzinə, 800-dən artıq olur, bu zaman mərtəbələrin, liftlərin sayı və yerləşməsi bəzi hallarda normalara cavab vermir. 3 və daha yuxarı yaşayış mərtəbələri qeyri-yaşayış obyektləri ilə tikilir ki, bu da yolverilməzdir. 

Bununla da bir hektara düşən əhali sıxlığı 1000 nəfərdən artıq olur ki, bu da normanı 2 dəfə üstələyir. Ədəbiyyatda yüksək mərtəbəli yaşayış binalarında yaşamağın qeyri-komfort olmasını göstərən bir sıra misallar verilmişdir. 

Məsələn, əhalinin sıxlığı insanların davranışına və ərazinin sosial iqliminə əsaslı şəkildə təsir göstərir. Sakinlər arasında ünsiyyətin azalması (çoxlu sayda qonşuyla ünsiyyətin olmaması), yaşayış mühitinin anonimliyi hissinin artması (hər şey hamınındır, hər şey heç kimidir), əsasən yeniyetmələr arasında məişət vandalizminin və cinayətkarlığın artmasına aparır”.

.
ucarliyiq.biz