» » » BMT: Azərbaycanda 15 yaşından sonra qadınların 24 faizi zorakılığa məruz qalır

BMT: Azərbaycanda 15 yaşından sonra qadınların 24 faizi zorakılığa məruz qalır

BMT: Azərbaycanda 15 yaşından sonra qadınların 24 faizi zorakılığa məruz qalır

Zorakılıq hallarına ən çox Abşeron yarımadası və Lənkəranda rast gəlinir.

BMT-nin Əhali Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan sorğunun nəticələri göstərir ki, Azərbaycanda 15 yaşından sonra qadınların 24 faizi müxtəlif formada zorakılığa məruz qalır.

Ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin inkişaf proqramının (BMTİO) rezident nümayəndəsi Qulam İsakzai Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə layihəsinin açılış mərasimində deyib ki, regiondan-regiona bu vəziyyət dəyişir.

Onun sözlərinə görə, zorakılığa məruz qalma hallarına ən çox Abşeron yarımadası və Lənkəranda rast gəlinir: “Statistik göstəricilər kifayət qədər ciddi narahatçılıqlar yaradır. Bu o deməkdir ki, işimizi davam etdirməliyik. Xüsusilə, məcburi köçkün və qaçqınlar arasında zorakılıq halları daha yüksəkdir və bu göstərici 26 faiz həcmindədir. Bu təbəqə bütövlükdə zorakılığa məruz qalıb və onların arasında gender əsaslı zorakılıq halı daha yüksəkdir”.

Q.İsakzai əlavə edib ki, bu məsələyə ardıcıl və hərtərəfli yanaşmaq vacibdir. Onun sözlərinə görə, yalnız insanları məlumatlandırmaq deyil, media, hüquq-mühafizə orqanlarının nümayəndələri, gənclər, siyasətçilərlə də işləmək lazımdır: “Onları maarifləndirmək, müvafiq qanunvericilik aktları qəbul etmək və lazımi səviyyədə həyata keçirilmək gərəkdir. Gender əsaslı zorakılıq insan hüquqlarının çox kobud şəkildə pozulması halıdır. Bu tək Azərbaycan və ya daha az inkişaf etmiş ölkələrə aid olan fenomen deyil. Bütün dünyada, həmçinin inkişaf etmiş ölkələrdə baş verən haldır. Hər gün çoxsaylı qadınların hüquqları tapdanır, zorlama halları olur. Buna qarşı mübarizə aparmalıyıq. Azərbaycanda bu sahədə əsas çatışmazlıqlardan biri mövcud qanunvericiliyin kifayət qədər icra edilməməsi və günahkarların cəzasız qalmasıdır. Çoxtərəfli yanaşma, müxtəlif aidiyyatı orqanların bu problemə cəlb edilməsi məsələnin hərtərəfli həllinə kömək edə bilər”.

.

ucarliyiq.biz