» » » İsmayıllının İstisu kəndində sürüşmə davam edir

İsmayıllının İstisu kəndində sürüşmə davam edir

İsmayıllının İstisu kəndində sürüşmə davam edir

İsmayıllı rayonunun İstisu kəndində sürüşmə prosesi davam edir.

Ucarliyiq.biz xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, İstisu kəndində baş vermiş sürüşmənin yaratdığı fəsadlarla əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən Nazirlər Kabinetinə müraciət edilməsi planlaşdırılır.

Onun sözlərinə görə, Geoloji planlama ekspedisiyası yenidən sürüşmə sahəsinə baxış keçirəcək: “Sürüşmənin davam etməsi kənddəki evlər üçün fəsadlar yarada bilər. Artıq yerində araşdırmalar aparmaq üçün icra hakimiyyəti bizə müraciət edib. Sürüşmənin dinamikası, dəyə biləcək ziyan, qabaqlayıcı tədbirlər və s. haqda müvafiq qurumları məlumatlandırmaq üçün araşdırmalar aparılacaq”.

Ə. Qaralov qeyd edib ki, sürüşmə 2 hektardan çox ərazini əhatə edir: “Yay mövsümü həmin ərazidə tam quraqlıq keçib. Böyük quraqlığın təsirindən çatlar əmələ gəlib, intensiv yağışlar başlayandan sonra həmin çatlar doyub. Oranı təşkil edən süxurlar iri məsaməlidir, tez doyur. Süxurlar tez doyduğundan təzyiq nəticəsində yamac istiqamətində hərəkət edib. Sürüşmənin daban hissəsində quru çay, dərə yerləşir. Çayın da qidalanma mənbəyi yağış və qar sularıdır. Sürüşmə isə dərənin, çayın qarşısını tutub. Çayın o biri sahilində, 10-15 metr aralıda 3 ev yerləşir, həmin evlərə təhlükə gözlənilir”.

Qeyd edək ki, ötən həftə atmosfer yağıntılarının təsirindən İsmayıllı rayonunun İstisu kəndi ərazisində yeni sürüşmə prosesi qeydə alınıb.

.

ucarliyiq.biz