» » » Nöqsanlara yol verən diplomatlar rütbələrindən məhrum ediləcəklər

Nöqsanlara yol verən diplomatlar rütbələrindən məhrum ediləcəklər

Nöqsanlara yol verən diplomatlar rütbələrindən məhrum ediləcəklər

Milli Məclis layihə qəbul etdi.

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında “Diplomatik xidmət haqqında” qanunun 11.2 maddəsinə əlavə müzakirəyə çıxarılıb.

ucarliyiq.biz xəbər verir ki, APA-nın məlumatına görə, layihə barədə deputat Azər Kərimli məlumat verib. 

Bildirilib ki, yeni layihədə Azərbaycan diplomatlarının yol verdikləri nöqsanlarla bağlı cəzaların əhatə dairəsi genişləndirilir, diplomatların məsuliyyət hissi artırılır.

Azərbaycan Prezidenti tərəfindən təqdim olunan layihədə bildirilir ki, “Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə” diplomatik əməkdaşların rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilər.

Maddənin hazırkı variantı isə belədir:

"Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilər".

“Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə” hissəsi 11.2 maddəsinin əvvəlinə əlavə edilir.

Əlavədən sonra 11.2 maddəsi belədir:

“Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə, habelə Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilərlər".

Layihə səsə qoyularaq qəbul olunub.