» » » Bakı və Abşeronda “TRT-1”-in yayımı dayanıb

Bakı və Abşeronda “TRT-1”-in yayımı dayanıb

Bakı və Abşeronda “TRT-1”-in yayımı dayanıb

Bakı şəhəri və Abşeron yarımadasında analoq yayım dayandırıldıqdan sonra Türkiyənin “TRT-1” telekanalının yayımı dayanıb.

Ucarliyiq.biz-ın APA-ya istinadla xəbərinə görə, Türkiyənin “TRT-1” telekanalı rəqəmli yayımda fəaliyyət göstərmir.

Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasov faktı təsdiqləyib. O bildirib ki, hazırda “TRT-1”-in analoq yayımı dayandırılıb. M.Abbasov qeyd edib ki, “TRT-1”-in Azərbaycanda yayımlanması müqavilə üzrə analoq yayımda nəzərdə tutulub:

“TRT-1” kanalının rəqəmli yayım üzrə müqaviləsi yoxdur. Müqavilə olduqdan sonra “TRT-1”-in yayımı bərpa oluna bilər. Artıq məsələ ilə bağlı TİKA-ya (Türk Əməkdaşlıq və İnkişaf İdarəsi) məlumat verilib, danışıqlar aparılır”.

Qeyd edək ki, “TRT-1” Azərbaycan və Türkiyə hökumətlərarası müqaviləyə uyğun olaraq Radiotezliklər üzrə Dövlət Komissiyasının 8 dekabr 1995-ci il tarixli razılığı əsasında yayımlanır.  Komissiyanın qərarı ilə noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb. Bu gündən Bakı şəhəri və Abşeron yarımadasında yalnız rəqəmli TV yayımı həyata keçirilir. Növbəti mərhələdə - 1 dekabr 2016-cı il tarixindən digər bölgələrdə də analoq TV yayımı dayandırılacaq.

A.S.
ucarliyiq.biz