» » » Yanlış protokolla üzləşən sürücü nə etməlidir?

Yanlış protokolla üzləşən sürücü nə etməlidir?

Yanlış protokolla üzləşən sürücü nə etməlidir?

“Bu xətaların qarşısının alınması üçün vətəndaş müraciət edə bilər”.

Son zamanlar sürücülər tərəfindən çoxsaylı şikayətlər daxil olur. Bu şikayətlər daha çox DYP protokollarında yol verilən qüsurlarla bağlıdır. Belə ki, sürücülər onlara gələn protokolları incələmək üçün müvafiq sayta müraciət edir, orda özəl kabinet yaradır və protokolları araşdırırlar. Məlum olur ki, bir çox hallarda seriyası fərqli olan, amma rəqəmləri eyni olan nömrə nişanlı, fərqli markalı maşınların yol verdiyi pozuntular bir-birinin adına yazılır. Protokola diqqət edirsən: nömrə eynidir, amma maşının markası da, rəngi də fərqlidir. 

Bu kimi xətalı protokolların taleyi necə olur? Belə xətalar sürücünün cibinə girmək, onun hüquqlarını pozmaq sayılmırmı? 

Ucarliyiq.biz Avtosfer.az-a istinadən xəbər verir ki, Dövlət Yol Polisinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, xətalar təkcə polislər tərəfindən törədilmir. Bir çox hallarda əməkdaşlar yanlışlığa yol verirsə, bəzən də texniki xəta baş verir.

Kamran Əliyevin sözlərinə görə, dövlət qeydiyyat nişanından hansısa hərfin, rəqəmin yanlış qeydə alınması yanlış protokollaşdırma ilə nəticələnir:

“İldə 2,5 milyon protokol tərtib olunursa, bunun 25-də xətaya yol verilməsi mümkündür. Bu, ola bilər və dünyanın hər yerində belə hallar mövcuddur. Həyatda mümkün olan xətadır. Bu xətaların qarşısının alınması üçün vətəndaş müraciət edə bilər. Bu halda da həmin xəta dərhal aradan qaldırılır. Texniki məsələlərin işləyib-işləməməsini bilmək üçün gərək müraciət edilsin. Müraciət olanda onunla bağlı araşdırma aparılır. Müəyyənləşdirilir ki, çatışmazlıq nədən ibarətdir. İnsan faktoru var, ya texnikada problem özünü göstərir. Belə hallar müəyyənləşəndə aradan qaldırılır. İnsan faktı varsa, yol polisi əməkdaşı tənbeh olunur, ona diqqətli olması ilə bağlı tövsiyələr verilir”.

DYP rəsmisi dedi ki, yol polisi əməkdaşları qarşısında daha çox protokol yazmaları ilə bağlı hər hansı öhdəlik yoxdur. Sadəcə, yol verilmiş yol hərəkət qaydaları pozuntularına qarşı diqqətli olmaları ilə bağlı tələb var:

“Hansısa əməkdaşın xidməti ərazisində nəqliyyat hadisələrinin sayı bir qədər artıqdırsa, qayda pozuntuları çoxdur. O əməkdaşlardan tələb olunur ki, ərazidə maksimum həssas və tələbkar olsunlar. O ərazidə sürücülər qaydaları pozursa, yol-hərəkət qaydaları çoxdursa, inspektordan  bu hadisələrə nəzarət etməsi, prinsipial mövqe tutması, xətaya görə protokollaşdırma aparması tələb olunur”.

K.Əliyev dedi ki, qayda pozuntusu olan yerdə yol polisindən buna göz yummasını tələb etmək olmaz. Müsahibimizin dediyinə görə, yol polisi əməkdaşının protokollaşdırdığı aktlara görə gəlir əldə etməsi də təbii və qanunidir: “Hər cərimənin 25 faizi məbləğində vəsait o əməkdaşın əmək haqqına əlavə edilir. Bu, qanunidir və yol polisinə buna görə irad bildirmək olmaz”.

.

ucarliyiq.biz