» » » “Azəriqaz”dan Nardaran ziyarətgahında qazın kəsilməsinə münasibət – YENİLƏNİB

“Azəriqaz”dan Nardaran ziyarətgahında qazın kəsilməsinə münasibət – YENİLƏNİB

“Azəriqaz”dan Nardaran ziyarətgahında qazın kəsilməsinə münasibət – YENİLƏNİB

Bakı şəhərinin Nardaran qəsəbəsindəki “Rəhimə xanım ziyarətgahı” məscidinə sabahdan etibarən təbii qaz veriləcək.

Ucarliyiq.biz xəbər verir ki, bunu “Report”a məscidin axundu Musa Rza bildirib. 

O qeyd edib ki, məscidin qazı 2015-ci ilin dekabrından kəsilib. M.Rza deyib ki, yeni qaydalara görə, məscid Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyata alınmalı idi:

“Biz də qeydiyyatla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət etdik. Müraciətimiz müsbət cavablandırıldı və bu ilin sentyabr ayında məscid qeydiyyata alındı. Sonra texniki şərtlərin alınması üçün ASAN Xidmətə müraciət etdik”.

Onun sözlərinə görə, ASAN Xidmət bu gün texniki şərtləri təqdim edib və həmin texniki şərtlərin alınması ilə bağlı arayış “Azəriqaz”a göndərilib: “İstehsalat Birliyindən sabah qazın verilişinin təmin olunması ilə bağlı məlumat verilib”.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, abonent uçotu sistemində qeydiyyatda olan və təbii qazla təmin olunan İslam dini təyinatlı ibadət, digər konfessiyalara məxsus məbəd və ziyarət yerlərinin orta illik qaz sərfiyyatı 1953 kubmetr olduğu halda İstehsalat Birliyi tərəfindən hər bir məbədə illik 5 min kubmetr limitin əvəsiz verilməsi həyata keçirilir: 

“2016-cı il noyabrın 1-ə olan məlumata əsasən, bu çərçivədə 378 məscid və dini məbədin təbii qazdan əvəzsiz istifadəsi üçün 1 milyon 890 min kub metr limit ayrılıb. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi insanların dini inanclarından asılı olmayaraq hər bir məbədə hörmətlə yanaşır”.

Qurumun mətbuat xidmətindən bildirilib ki, “Rəhimə xanım ziyarətgahı” məscidinin qazla təmin edilməsi ilə bağlı müraciət təqdim olunandan sonra “Azəriqaz” məscidin tez bir zamanda təbii qazla təmin olunması üçün bütün köməkliyi göstərəcək.

16:06

“Azəriqaz” İstehsalat Birliyi (İB) Nardaran qəsəbəsində fəaliyyət göstərən “Rəhimə xanım” ziyarətgahına təbii qazın verilişinin dayandırılması barədə məsələyə münasibət bildirib.

Ucarliyiq.biz xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev Trend-ə açıqlamasında ziyarətgaha qazın verilməsinin dayandırılması faktını təsdiqləyib:

“Əvvəllər Nardaran qəsəbəsində qaz çəkilişi pərakəndə olanda həmin ziyarətgaha da sakinlər özləri qaz çəkib. Qəsəbənin qazlaşdırılması prosesi yenilənərkən məlum oldu ki, ziyarətgah “Azəriqaz” İstehsalat Birliyinin abonenti deyil. 

Ona görə də qəsəbənin qazlaşdırılması zamanı həmin obyektə qazın verilişi dayandırılıb. Ziyarətgahın rəsmi dövlət qeydiyyatına alınması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsindən arayış alınaraq “Azəriqaz”a təqdim edilərsə, obyektə abonentlik veriləcək və bina qazla təmin olunacaq”.

U.A.
ucarliyiq.biz