» » » Azərbaycanda ümumi təhsilin dövlət standartları layihəsi hazırlanıb

Azərbaycanda ümumi təhsilin dövlət standartları layihəsi hazırlanıb

Azərbaycanda ümumi təhsilin dövlət standartları layihəsi hazırlanıb

Təhsil Nazirliyi Azərbaycanda ümumi təhsilin dövlət standartları layihəsini hazırlayıb. 

Nazirlikdən Ucarliyiq.biz-a verilən xəbərə görə, ümumi təhsilin dövlət standartları (bundan sonra – dövlət standartları) “Təhsil haqqında” Qanununa, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən hazırlanıb.

Dövlət standartları ümumi təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyən edir. Dövlət standartları fənlər üzrə məzmun standartları və kurikulumların hazırlanmasında əsas tutulur. Dövlət standartları 5 il müddətinə qüvvədədir.

Ümumi təhsilin məzmunu milli və ümumbəşəri dəyərləri əks etdirməklə dünyəvilik, nəticəyönümlük, şagirdyönümlük, şəxsiyyətyönümlük, varislik və inteqrativlik prinsipləri əsasında hazırlanır. Ümumi təhsilin məzmununa şagirdlərin ümumi inkişafına xidmət etməyən, tətbiqi və tərbiyəvi xarakter daşımayan, məzmunu ağırlaşdıran məsələlərin daxil olunması yolverilməzdir.

Ümumi təhsilin idarə olunması hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında həyata keçirilir, müəssisənin fəaliyyətinin düzgün və səmərəli planlaşdırılması idarəetmənin keyfiyyətini təmin edən başlıca şərtlərdən biri hesab olunur.

Ümumi təhsilin infrastrukturuna təhlükəsiz təhsil şəraiti, pedaqoji kadrlarla təminat, təhsil fəaliyyəti üçün zəruri imkanlara malik binalar, yardımçı bina və qurğular, sadə idman meydançası və qurğuları, müvafiq kadrlarla təmin olunmuş tibb, iaşə obyektləri, kitabxana, rabitə, su, istilik, elektrik sistemləri, internet xidməti daxildir.

Ümumi təhsilin həyata keçirildiyi müəssisələrdə işə, bir qayda olaraq, pedaqoji ali təhsilli mütəxəssislər müəyyən edilmiş qaydalara uyğun olaraq, bilavasitə öz ixtisasları üzrə qəbul olunurlar. Zəruri hallarda ucqar yaşayış ərazilərində yerləşən ümumi təhsil müəssisələrində pedaqoji orta-ixtisas təhsilli şəxslərin qəbuluna, habelə ixtisaslı pedaqoji kadr çatışmadığı hallarda məzmun və mahiyyət etibarilə yaxın fənlərin müvafiq ixtisas müəllimi tərəfindən tədrisinə yol verilir. Cinayət məsuliyyətinə cəlb olunmuş təhsilverənlərin pedaqoji fəaliyyəti davam etdirmələri, habelə səhhətinin vəziyyətinə görə, təhsilverənlərin təlim-tərbiyə müəssisəsində fəaliyyədən kənarlaşdırılması müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi ümumi təhsilin hər bir səviyyəsi üçün təsdiq olunmuş təhsil proqramları üzrə qazandıqları təlim nailiyyətlərinin səviyyəsi ilə müəyyən edilir.

Qeyd edək ki, Təhsil Nazirliyi “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinin layihəsini ictimai müzakirəyə təqdim edir.  İctimai müzakirədə iştirak etmək istəyənlər  Təhsil Nazirliyinin internet saytının “Sənədlər” bölməsində (http://edu.gov.az/upload/file/layihe-senedi/umumi_tehsilin_dovlet_standartlari.pdf) həmin sənədlə tanış ola bilərlər. Rəy, təklif və iradları layihe@edu.gov.az elektron poçtuna göndərməklə bildirmək mümkündür. Təhsil Nazirliyi “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinin təkmilləşdirilməsində geniş ictimaiyyəti fəal olmağa dəvət edir.