» » » 26 rayon üzrə müəllimlərin diaqnostik qiymətləndirilməsinin vaxtı açıqlandı

26 rayon üzrə müəllimlərin diaqnostik qiymətləndirilməsinin vaxtı açıqlandı

26 rayon üzrə müəllimlərin diaqnostik qiymətləndirilməsinin vaxtı açıqlandı

Azərbaycanın 26 şəhər və rayonunda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilmə tarixləri açıqlanıb.

Ucarliyiq.biz Trend-ə istinadən xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bu gün keçirilən mətbuat konfransında bildirib ki, ilk diaqnostik qiymətləndirmə 21-23 noyabr tarixlərində Quba Olimpiya İdman Komleksində təşkil olunacaq.

3 gün ərzində keçiriləcək imtahanlarda Qusar, Quba, Şabran, Siyəzən və Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılacaq.

Qobustan, İsmayıllı, Şamaxı rayonlarında çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi 27-28 noyabrda Şamaxıda; Şəmkir, Gədəbəy, Samux, Daşkəsən və Göygöl rayonları üzrə 2-4 dekabrda Göygöldə; Ağsu, Kürdəmir, Ucar, Ağcabədi və Zərdab rayonları üzrə 8-10 dekabrda Kürdəmirdə; Biləsuvar, Salyan və Neftçala rayonları üzrə 14-15 dekabrda Salyanda; Lənkəran şəhəri, Astara, Yardımlı və Lerik rayonları üzrə 19-24 dekabrda Lənkəranda keçiriləcək.

Şuşa rayonunun ümumi təhsil müəssisələrinin müəllimləri dekabr ayının 25-dən sonra Bakı şəhərində imtahan verəcəklər. Şuşanın digər rayonlarda olan ümumi təhsil müəssisələrinin müəllimləri isə diaqnostik qiymətləndirmənin keçirildiyi yaxın rayonlarda imtahanlara cəlb ediləcəklər.

E.Bağırov deyib ki, 2015-ci ildə diaqnostik qiymətləndirmənin keçirildiyi rayon və şəhərlərdə çalışan, müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər üçün də qiymətləndirmədə iştirak etmək məqsədilə şərait yaradılacaq.

Xaçmaz rayonu üzrə diaqnostik qiymətləndirmədə iştirak edə bilməyən müəllimlər Qubada; Gəncə şəhəri üzrə müəllimlər Göygöldə, İmişli rayonu üzrə müəllimlər Kürdəmirdə; Sabirabad, Saatlı, Hacıqabul rayonları və Şirvan şəhəri üzrə müəllimlər Salyanda; Masallı və Cəlilabad rayonları üzrə müəllimlər Lənkəranda; Abşeron, Qubadlı rayonları və Sumqayıt şəhəri üzrə müəllimlər Bakı şəhərində keçiriləcək imtahanlara cəlb ediləcəklər.

E.Bağırov deyib ki, diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla bu barədə ətraflı məlumat ala bilərlər:

“Hər bir namizədin şəxsi səhifəsində diaqnostik qiymətləndirmənin keçirilmə tarixi və vaxtı ilə bağlı məlumat yerləşdiriləcək. Eyni zamanda, həmin saytda diaqnostik qiymətləndirmənin elektron qaydada kompüter vasitəsi ilə keçirilməsi və hər bir müəllimin imtahana qədər kompüterdən istifadə verdişlərinin inkişaf etdirilməsi məqsədi ilə “Simulyativ test” bölməsi yaradılıb”.

E.Bağırov qeyd edib ki, diaqnostik qiymətləndirmədə qeyd olunan rayonların dövlət ümumi təhsil müəssisələrində müddətsiz və müddətli müqavilə ilə çalışan müəllimlərlə yanaşı, gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər:

“Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən, müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər”.