» » » Vikipediya təlimləri keçiriləcək

Vikipediya təlimləri keçiriləcək

Vikipediya təlimləri keçiriləcək

18-20 noyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fərdi qrant müsabiqəsinin qalibi olmuş “Təhsildə Vikipediya təlimləri” layihəsi çərçivəsində Bakı şəhərində mühazirələr keçiriləcək. Təlimçi qismində “Azərbaycan vikimediaçıları” istifadəçi qrupunun üzvləri iştirak edəcəklər.

“Azərbaycan vikimediaçıları” istifadəçi qrupu 2014-cü ilin sentyabr ayında bir qrup fəal vikipediyaçı tərəfindən yaradılıb və 284 dildə fəaliyyət göstərən Vikipediyanı və digər viki-layihələri (Vikikitab, Vikilüğət, Vikisitat və s.) idarə edən “Vikimedia Fondu” qeyri-kommersiya təşkilatında Azərbaycan üzrə təmsilçi kimi qeydiyyata alınıb.

Qeyd edək ki, bu istifadəçi qrupu, müntəzəm olaraq, Azərbaycandilli Vikipediyada məqalə müsabiqələri təşkil edir və sosial şəbəkələrdə müxtəlif paylaşımlarla, öyrədici videoçarxlarla insanları Vikipediyada redaktə etməyə və məqalə yazmağa həvəsləndirir.

Budəfəki təlimlərin də məqsədi gənclərə Vikipediya barədə ətraflı məlumat vermək, onları bu onlayn ensiklopediyanın iş prinsiplərinə, Vikipediyanın təhsil məqsədləri üçün istifadə edilməsinə dair məlumatlandırmaqdır.

Təlimlər Diplomat Hoteldə, saat 15:00-da başlayacaq.