» » » Bakıda din və multikulturalizm mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda din və multikulturalizm mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda din və multikulturalizm mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının təşkilatçılığı ilə “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfrans keçirilir.

Ucarliyiq.biz AZƏRTAC-a istinadən xəbər verir ki, konfransda Ali Dini Şuranın üzvləri, dövlət, din xadimləri, Rus Pravoslav və Gürcüstan Pravoslav kilsələrinin nümayəndələri, bir sıra ölkələrin səfirləri iştirak edirlər.

Tədbiri açan QMİ-nin sədri Allahşükür Paşazadə bildirib ki, bu konfrans dünyada irqi, milli, etnik və digər zəmində baş verən qarşıdurmalar fonunda Qafqazda sülhə və onun qorunmasına xidmət edir. Şeyxülislam ölkəmizdə müxtəlif dinlərə mənsub insanların sərbəst, rahat yaşamaları üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən danışıb. O, bu baxımdan Azərbaycanın tolerantlıq modelini nümunə göstərib. Allahşükür Paşazadə deyib ki, bu gün çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu din-dövlət münasibətləri yüksək səviyyədədir və gündən-günə inkişaf edir. Azərbaycanda sabitlik mövcuddur. Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Burada siyasi iradə böyük önəm daşıyır.

Sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.

Azərbaycan multikulturalizminə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda tolerantlıq bir ənənədir, dövlət siyasətidir. Komitə sədri deyib ki, hazırda dünyada 169 ölkələrarası və daxili münaqişə var. Dünyanın 40 ölkəsində müxtəlif qanlı savaşlar gedir. Münaqişələr nəticəsində 60 milyon insan yurd-yuvasından didərgin düşüb. Son 15 ildə dünyada 57 min terror aktı törədilib. Bu terror aktlarının iki minini ermənilər azərbaycanlılara qarşı törədiblər. Qafqazda ən qaynar münaqişələrdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişə nəticəsində Ermənistan Azərbaycan ərazisinin bir hissəsini işğal edib, yüz minlərlə azərbaycanlını milli, dini zəmində zorakılığa məruz qoyub.

Daha sonra Moskva və bütün Rusiyanın patriarxı Kirillin konfrans iştirakçılarına müraciəti oxunub.