» » » Oqtay Şirəliyev: Doqquz ay ərzində 62 nəfərə böyrək köçürülüb

Oqtay Şirəliyev: Doqquz ay ərzində 62 nəfərə böyrək köçürülüb

Oqtay Şirəliyev: Doqquz ay ərzində 62 nəfərə böyrək köçürülüb

“Dövlət onların hamısının dərman təminatını öz üzərinə götürüb”.

Səhiyyə sahəsində dövlət proqramları uğurla yerinə yetirilir. Onların nə dərəcədə vacib olduğunu təkcə bir neçə rəqəmlə göstərmək olar. 200 mindən çox şəkərli diabet xəstəsi illər boyu, daim dövlət hesabına bütün lazımi dərmanları alır. Əgər vaxtilə diabetli uşaqlara adi şpris-qələm verilməsi problem idisə, indi onlara dərman insulin pompası vasitəsilə verilir. Bu isə körpələri gün ərzində bir neçə dəfə insulin iynəsi vurmaqdan azad edir.

ucarliyiq.biz xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Səhiyyə naziri Oqtay Şirəliyev bildirib.

“Vaxtilə insanlara həm tibbi, həm də maddi cəhətdən çox böyük problem yaradan B və C viruslu hepatit də ötən ildən başlayaraq dövlət hesabına müalicə olunur. Hazırda 1529 belə xəstə uzunmüddətli müalicə kursu alır.

Xroniki böyrək çatışmazlığı üzrə dövlət proqramı çərçivəsində ölkəmizdə 34 hemodializ mərkəzində 3 minə yaxın xəstə illər boyu daimi müalicə qəbul edir. Bunun sayəsində onların ömrü uzanır, ölüm göstəricisi azalır və faktiki olaraq məhz buna görə ildən-ilə belə xəstələrin sayı artır. Diqqətəlayiqdir ki, bu mərkəzlərin 26-sı bölgələrdə yerləşir və xəstələrin yarıdan çoxu Bakıya gəlmək məcburiyyətindən azad olaraq müalicəsini yaşadığı yerdə alır.

Qeyd etmək lazımdır ki, bu kateqoriya xəstələrə hazırda dializlə yanaşı, artıq böyrəkköçürmə əməliyyatları da həyata keçirilir. Bu isə əslində ümidsiz xəstələri həyata qaytarmaq deməkdir. Doqquz ay ərzində 62 nəfərə böyrək köçürülüb. İndi Azərbaycanda hər növ orqan köçürülməsi əməliyyatı olunmuş 653 nəfər var və dövlət onların hamısının dərman təminatını öz üzərinə götürüb.

Ana və uşaq sağlamlığı ilə bağlı ötən ildən etibarən beynəlxalq səhiyyə təşkilatlarının tövsiyələrinə uyğun olaraq yeni diridoğulma meyarları qəbul edilib. Bu gün Azərbaycan səhiyyəsinin inkişafı bizə imkan verir ki, vaxtından xeyli tez, hətta 600 qram çəki ilə doğulan körpələrin də həyatı uğrunda mübarizə aparaq. Bir neçə il əvvəl hər belə körpənin xilası bir möcüzə kimi qiymətləndirilirdi. İndi isə ilin əvvəlindən ekstremal az çəkili, yəni 1000 qramdan az çəki ilə doğulmuş 202 yenidoğulmuşdan 80-nini xilas etmək mümkün olub, bu isə çox yüksək göstəricidir” - nazir deyib.