» » » Nazir: Sahibkarlara mane olan polislər ciddi cəzalandırılacaq

Nazir: Sahibkarlara mane olan polislər ciddi cəzalandırılacaq

Nazir: Sahibkarlara mane olan polislər ciddi cəzalandırılacaq

DİN iclas keçirdi.

Sahibkarlıq fəaliyyətinə müdaxilə, vətəndaşlarla münasibətdə kobudluq, süründürməçilik və korrupsiya halları yolverilməzdir, belə neqativ əməllər törədən əməkdaşlar və onların rəhbərliyi barədə ciddi intizam tənbehi tədbirləri görüləcək.

ucarliyiq.biz xəbər verir ki, bunu Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov DİN əməkdaşlarının bu gün keçirilən kollegiya iclasında bildirib.

Nazir bildirib ki, polisin ictimai nüfuzuna və işgüzar imicinə həlledici təsir göstərən vətəndaşların qəbulu və müraciətlərinə baxılması orqan rəislərinin və onların müavinlərinin hər zaman diqqətində olmalıdır.

Bundan başqa, nazir narkotik vasitələrin qeyri-qanuni yollarla ölkəyə gətirilməsinin qarşısının alınması, güclü təsirə malik olan narkotiklərin qanunsuz dövriyyəyə girmədən aşkarlanmasına, onları qaçaqmalçılıq yolu ilə ölkəyə gətirən şəxslərin müəyyən edilməsinə yönəldilmiş əməliyyat-axtarış tədbirlərinin daha da gücləndirilməsinin, yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın gücləndirilməsi baxımından ayrı-ayrı əmək kollektivlərində, orta ixtisas və ali təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Qarşıdan dövlət əhəmiyyətli mühüm tədbirin-növbəti parlament seçkilərinin gəldiyini xatırladan Ramil Usubov hər bir əməkdaşın qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib.

O, bir daha qeyd edib ki, Azərbaycanda sabitliyi, əmin-amanlığı pozmaq, qarışıqlıq, xaos və anarxiya yaratmaq istəyən qüvvələrin qarşısı qanunların verdiyi imkanlar çərçivəsində ən sərt, qətiyyətli şəkildə alınacaqdır.