» » » Səhiyyə Nazirliyi intiharların əsas səbəblərini açıqladı

Səhiyyə Nazirliyi intiharların əsas səbəblərini açıqladı

Səhiyyə Nazirliyi intiharların əsas səbəblərini açıqladı

“Suisidal cəhdlər daha çox kəskin həyat böhranı dövründə yaranır”.

Ağır və xroniki psixi pozuntular zamanı suisid riski daha yüksəkdir.

ucarliyiq.biz xəbər verir ki, Səhiyyə Nazirliyinin intiharlarla bağlı yaydığı açıqlamada belə deyilir. 

Nazirlikdən bildirilib ki, ağır psixi pozuntular zamanı suisid riskini azaltmaq üçün pasiyentlərin sosial həyata adaptasiyası təşkil olunmalıdır:

"İntihara münasibətdə kütləvi şüurda bəzi stereotiplər mövcuddur. Adətən belə düşünülür ki, intihar edənlər öz əməllərini tamamilə dərk edirlər və onların öz həyatları ilə istədikləri kimi davranmağa tam hüquqları çatır. Ancaq suisidal fikirlərə düşən insanlar eyni zamanda ziddiyyətli hisslər keçirirlər: bir tərəfdən onlar ölüm arzulayırlar, digər tərəfdən yaşamaq istəyirlər. 

Digər səhv düşüncə, əgər insan bir dəfə hər şeyə son qoymaq istəyibsə - intiharın qaçılmaz olması ideyasıdır. Lakin suisidal cəhdlər daha çox kəskin həyat böhranı dövründə yaranır. İnsan böhrandan tamamilə çıxdıqdan sonra intihar etmək ehtimalı yox olur. Suisidal hisslərin yaşanmasında ciddi təcrübəyə malik olan əksər insanlar sonradan uzun illər və onilliklər yaşayırlar". 

Nazirlik hesab edir ki, intiharla bağlı üçüncü yanlış fikir bu barədə çox danışan insanların heç vaxt onu həyata keçirməmələri düşüncəsidir: "Buna baxmayaraq, intihar edənlərin 80%-dən çoxu həyatdan köçmək istəmələri barədə öncədən kifayət qədər ciddi xəbərdarlıqlar ediblər. 

İntiharla bağlı dördüncü yanlış fikir insanla onun suisidal düşüncələrinin müzakirə edilməsi onda intihar istəyinin daha çox baş qaldırmasına səbəb ola bilməsidir. Əslində isə intihar etmək qərarına gələn insana qarşı qayğı ilə yanaşmaq və həssaslıqla söhbət etmək onun vəziyyətini yüngülləşdirə və intiharın qarşısını ala bilər.
 
Son olaraq onu qeyd etmək lazımdır ki, intihar - qəfildən həyata keçirilən impulsiv aktdır. Yüksək intihar riskinin çoxsaylı əlamətləri məlumdur. Onlar intiharın həyata keçirilməsindən xeyli əvvəl müşahidə oluna bilər, əksər ciddi suisidal cəhdlər isə əvvəlcədən planlaşdırılır".

Səhiyyə Nazirliyindən bildirilib ki, intiharın qarşısını almaq üçün bütün cəmiyyət bu haqda məlumatlı olmalıdır: "Belə ki, insan resursları ilə işləyən peşə qrupları: müəllimlər, sahə həkimləri, sosial işçilər sayıqlıq göstərməli, bu hallarla rastlaşdıqda düzgün istiqamətləndirmə aparmalı və psixi sağlamlıq sahəsində çalışan mütəxəsisslərlə sıx əməkdaşlıq etməlidir.

Suisidal davranışın səbəbləri müxtəlif ola bilər. Bir sıra bioloji, irsiamillər, psixi və somatik xəstəliklər, psixoloji problemlər və sosial faktorlar intiharı şərtləndirə bilər. Bura təcavüz, özünə qarşı aqressiya, yardım etməyə çağırış daxildir. Eyni zamanda bir neçə göstəricilərə görə, şəxslər intihar üçün risk qruplarına daxildir. Kişi cinsinə mənsub olma, gənc və ahıl yaş, ailənin dağılması, aşağı sosial status, işsizlik, sağlamlıq problemləri, psixi pozuntular, zərərli vərdişlər, əvvəlki cəhdlər, intihar barədə bəyənat və s. aiddir.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, intiharla dünyasını dəyişənlərin sayı təkcə il ərzində 1 milyon nəfər təşkil edir".

Nazirliyin açıqlamasında qeyd olunub ki, suisidal davranış suisidal niyyət, suisidal cəhdlər və başa çatmış intihar olmaqla növlərə ayrılır. "Suisidal niyyət - intihar barədə düşüncələri, həyatdan getmək üçün yollar axtarılmasını, müxtəlif hazırlıqların görülməsini özündə birləşdirir. Suisidal cəhdlər -nisbətən az təhlükəli əməllərdən başlayaraq (misal üçün, az miqdarda dərman qəbulu) həyat üçün ciddi təhlükə yaradan autoaqressiv akta qədər hərəkət spektrini əhatə edir. Başa çatmış intihar isə insanın həyatdan getməsi ilə qurtarır. Suisidal niyyətlərin qiymətləndirilməsi və profilaktikası suisidal davranışın qarşını almağa səbəb olur.

Qeyd edək ki, Azərbaycanda da bu problem mövcuddur. Belə halların qarşısını almaq məqsədi ilə ölkədə Psixi Sağlamlıq Mərkəzi 2012-ci ilin oktyabr ayından insanlara daha geniş psixoloji yardım xidmətlərinin göstərilməsi üçün fəaliyyətə başlayıb. Suisidal niyyət, suisidal cəhd və realizə edilən suisidin yetərincə ümumi xüsusiyyətlərə malik olmasına baxmayaraq, məna etibarilə onlar müxtəlif hərəkətləri əks etdirirlər. Məhz bu səbəbdən Psixi Sağlamlıq Mərkəzində suisidal niyyətlərin qiymətləndirilməsi və profilaktikası üçün göstərilən xidmətlər olduqca vacibdir".