» » » MTN-in dörd generalı işdən çıxarıldı

MTN-in dörd generalı işdən çıxarıldı

MTN-in dörd generalı işdən çıxarıldı

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

MTN-in dörd generalı işdən çıxarıldı.

ucarliyiq.biz bildirir ki, Trend Milli Təhlükəsizlik Nazirliyinin 9 yüksək vəzifəli əməkdaşının vəzifədən azad olunması ilə bağlı özəl informasiya əldə edib.

Məlumatda qeyd olunur ki, MTN-in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov, Baş İdarə rəisi, general-mayor Tarverdi Məmmədov, Baş İdarə rəisi, general-mayor Pərviz Səfərov, Hərbi Hissə komandiri, general-mayor Vüqar Allahquliyev, Hava Limanı İdarəsinin rəisi, polkovnik Pərviz Vəliyev, Kadrlar İdarəsinin rəis müavini, polkovnik Tehran Babatov və Nazirliyin Xətai, Pirallahı, Masallı rayon şöbələrinin rəisləri tutduğu vəzifələrindən azad olunaraq sərəncama götürülüblər.

Daha bir məlumata görə, MTN-də kadr islahatları bundan sonra da davam edəcək və yaxın zamanda digər yüksək vəzifəli məmurların da vəzifələrindən azad ediləcəyi gözlənilir.

Xatırladaq ki, oktyabrın 20-də Baş Prokurorluq Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli zabitlərinin həbsi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasında əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, oktyabrın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub.

Digər sərəncamla Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin edildi və nazir səlahiyyətlərinin M.Quliyevə ona həvalə edildi.