» » » YAP Elzanın taleyini müzakirəyə çıxaracaq

YAP Elzanın taleyini müzakirəyə çıxaracaq

YAP Elzanın taleyini müzakirəyə çıxaracaq

“Uyğun qərar qəbul olunacaq”.

Əməkdar artist Elza Seyidcahanın Yeni Azərbaycan Partiyasında qalıb-qalmaması məsələsinə parlament seçkilərindən sonra baxılacaq.

ucarliyiq.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. 

E.Seyidcahan YAP üzvü olduğu halda parlament seçkilərinə bitərəf şəxs kimi qatılıb və Dairə Seçki Komissiyası onu bitərəf kimi qeydiyyata alıb. Buna münasibət bildirən S.Novruzov qeyd edib ki, YAP E.Seyidcahanın deputatlığa namizədliyini irəli sürməyib: 

"Biz xəbərdarlığımızı etmişik və bildirmişik ki, YAP-ın rəsmi namizədlərinə alternativ olanlarla yollarımızı ayıracağıq. Bu xəbərdarlıq qüvvədə qalır və YAP-ın bütün üzvlərinə aiddir. Noyabrın 1-də parlament seçkiləri keçiriləcək. Seçkidən sonra məsələni müzakirə edəcəyik və uyğun qərar qəbul olunacaq".

Qeyd edək ki, E.Seyidcahan (Qasımova) 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Dairə Seçki Komissiyası E.Seyidcahanın deputatlığa namizədliyini qeydə almayıb, DSK qərarını toplanan imzaların deputatlığa namizədliyin qeydə alınması üçün kifayət etməməsi ilə əsaslandırıb. O, DSK-nın qərarından Mərkəzi Seçki Komissiyasına (MSK) şikayət edib. MSK şikayəti təmin edərək, E.Seyidcahanın deputatlığa namizədliyini qeydə alıb.

54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən 7 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. YAP-ın həmin dairədən namizədi hazırda deputat olan Tahir Süleymanovdur.