» » » Uşaqlara hansı adları qoymaq olmaz?

Uşaqlara hansı adları qoymaq olmaz?

Uşaqlara hansı adları qoymaq olmaz?

“Bizə müraciət edilmişdi ki, qızların adını “Xiyarə” qoysunlar”.

Azərbaycanda son dövrlərdə uşaqlara daha çox tarixi adlar qoyulur.

ucarliyiq.biz xəbər verir ki, bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, son dövrlərdə uşaqlara daha çox qədim Orxan, Yenisey abidələrində, “Dədə-Qorqud”da, Mahmud Kaşğarlının divanında verilən adlardan istifadə edilir: “Məsələn, bizə “Albas” adının qoyulması üçün müraciət etmişdilər. 

Türk mənşəli olan bu ad Qıpçaq hökmdarının adıdır, daha çox mübarizlik, qəhrəmanlıq mənasını ifadə edir. Son dövrdə bizə “Alpər”, “Beyrək” adının qoyulması üçün də müraciət edirlər. Belə adların yenidən qayıtması bizim milliliyimizi, kimliyimizi əks etdirir”.

S.Sadıqova deyib ki, yenidoğulan uşaqlara mürəkkəb adlar deyil, artıq sadə, lakonik adlar qoyulur.

Komissiya rəsmisinin sözlərinə görə, son 5 ildə Azərbaycanda valideynlərin övladlarına gülüş doğuran adlar qoyması faktları azalıb.

Belə adların qoyulmasına əvvəllər nəzarət edilmədiyini nəzərə çatdıran S.Sadıqovanın sözlərinə görə, belə halların qarşısı “ASAN xidmət” mərkəzləri tərəfindən Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq alınır: “Kiminsə öz uşağını Cinayətkar, Sərxoş, Şüşəbənd çağırması nə dərəcədə düzgündür? Bu tipli adların qoyulması qəti qadağandır. Kim isə bizə övladına ingilis adının qoyulması üçün müraciət edirsə, belə adın da qoyulmasına icazə verilmir. Valideynlərə bunun səbəbi izah edilir. 

Ona görə də artıq uşaqlara “Ansambl”, “Traktor”, “Kombayn” kimi adlar qoyulmur. Keçən il bizə müraciət edilmişdi ki, qızların adını “Xiyarə” qoysunlar. O xəbər internetdə şərh olunduqdan sonra valideyn həmin adı qoymaqdan əl çəkdi. Bizə bu yaxınlarda müraciət ediblər ki, qızımın adını “Kiara” qoymaq istəyirəm. Ancaq biz bu adın mənşəyini müəyyənləşdirə bilmirik və hələ qərara gəlməmişik”.