» » » Daha dörd kənd qazlaşdırıldı

Daha dörd kənd qazlaşdırıldı

Daha dörd kənd qazlaşdırıldı

SOCAR məlumat yaydı.

Bu gün Oğuz, Göyçay, Beyləqan və Sabirabad rayonlarının daha 14 kəndinə təbii qaz verilib.

ucarliyiq.biz SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon İcra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, kənd ağsaqqalları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Oğuz rayonunun 118 abonentlik Dəymədərə kəndinin ilk dəfə qazlaşdırılması ilə əlaqədar keçirilmiş mərasimdə bildirilib ki, bu məqsədlə birpilləli sistem əsasında 9380 metrlik müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Beyləqan rayonunun Yuxarı Aran, Mil və Bahar kəndlərinə də ilk dəfə təbii qaz verilib. Vurğulanıb ki, 1243 abonenti olan kəndlərin qazlaşdırılması üçün ümumi uzunluğu 61438 metrlik polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Sabirabad rayonunun ümumilikdə 905 abonenti olan Yaxa Dəllək, Beşdəli, Həsənli, Axtaçı və Xankeçən kəndlərinin ilk dəfə qazlaşdırılması zamanı isə 89 534 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 905 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Göyçay rayonunda keçirilmiş tədbirlərdə qeyd olunub ki, rayonun ümumilikdə 1295 abonenti olan Aşağı Qaraməryəm, Mallı Şıxlı, Üngütlü, Xəlitli və Dövranlı kəndlərinə təbii qazın verilişinin bərpa edilməsi zamanı birpilləli sistem əsasında 115 713 metr uzunluğunda polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1295 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirlərdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.