» » » “Parlament-2015” Seçki Monitorinq Koalisiyası hesabat yaydı

“Parlament-2015” Seçki Monitorinq Koalisiyası hesabat yaydı

“Parlament-2015” Seçki Monitorinq Koalisiyası hesabat yaydı

Bəzi məntəqələrdə komissiya üzvlərinə qarşı kobudluq halları müşahidə edilib.

Noyabrın 1-də Milli Məclisə seçkilərin monitorinqinin aparılması məqsədilə 5 qeyri-hökumət təşkilatı (Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi, Qarabağ Araşdırmalar Mərkəzi, İqtisadi və Sosial İnkişaf Mərkəzi, Tətbiqi Tədqiqatlar Fondu, Azərbaycan Tələbələr Birliyi) tərəfindən yaradılmış “Parlament-2015” Seçki Monitorinq Koalisiyası keçirilmiş seçkilərlə bağlı hesabat yayıb.

ucarliyiq.biz xəbər verir ki, hesabata əsasən, 118 seçki dairəsində koalisiyanın 500 müşahidəçisi fəaliyyət göstərib.

Ümumilikdə 118 dairə üzrə 1361 məntəqədə müşahidə aparılıb.

Hesabatda qeyd olunur ki, seçki prosesinin tam şəffaf keçirilməsi üçün məntəqələrdə tam şərait yaradılıb:

“Bununla yanaşı, bəzi məntəqələrdə komissiya üzvlərinə və digər seçki subyektlərinə qarşı kobudluq və zorakılıq halları müşahidə edilib. Məsələn, 63 saylı Sabirabad birinci seçki dairəsinin 13 saylı məntəqəsində deputatlığa namizəd Pənah Hüseyn komissiya üzvlərini təhqir edib. Onun nümayəndəsi 3 vətəndaşın əlindən seçki bülletenlərini zorla alıb P.Hüseynə verib, o isə bülletenləri cibinə qoyaraq, məntəqəni tərk edib.

Həmçinin qeyd olunur ki, monitorinq zamanı bir sıra seçki məntəqələrinin yaxınlığında təşviqat aparılması halları qeydə alınıb:

“Belə ki, bəzi şəxslər səsverməyə gələn seçiciləri konkret namizədə səs verməyə çağırıblar. Belə hallar 2 məntəqənin yaxınlığında müşahidə edilib”.

Koalisiya hesab edir ki, səsvermə və səslərin sayılması prosesi kifayət qədər şəffaf olub.

“Müşahidə edilmiş bəzi nöqsan və çatışmazlıqlar seçkilərin nəticələrinə təsir göstərməyib. Qeyd edilənləri nəzərə alaraq, koalisiya seçkilərin baş tutduğunu və nəticələrin seçicilərin iradəsini dolğun əks etdirdiyini bəyan edir”.