» » » ABŞ yəhudiləri Azərbaycanda – FOTO

ABŞ yəhudiləri Azərbaycanda – FOTO

ABŞ yəhudiləri Azərbaycanda – FOTO

“Azərbaycanda hər zaman yəhudilərə doğma münasibət bəslənilib”.

“Azərbaycan multikulturalizminə səyahət” layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan ABŞ-ın Kaliforniya ştatındakı Los-Anceles yəhudi icmasının nümayəndə heyyəti noyabrın 1-də Bakıdakı Dağ Yəhudiləri Sinaqoqunda “Sefer -Tora”nın təqdimat mərasimində iştirak ediblər.

ucarliyiq.biz-ın verdiyi məlumata görə, ABŞ yəhudilərinin ən nüfuzlu dini mərkəzlərindən olan Los-Ancelesdə fəaliyyət göstərən Sinay Sinaqoqu tərəfindən Azərbaycan Dağ Yəhudiləri İcmasına “Sefer- Tora” hədiyyə edilib.

2015-ci ilin fevralında Los-Ancelesə  ezam olunmuş Azərbaycan nümayəndə heyətinin tərkibində  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Milli Məclisin deputatı Yevda Abramov, Bakıdakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və həmin icmanın baş ravvini Avraam Yakubov iştirak ediblər.

Noyabırın 1-də keçirilən tədbirdə əvvəlcə Bakıdakı Dağ Yəhudiləri Sinaqoqunun binası qarşısında toplaşan çoxsaylı icma üzvləri və  qonaqların iştirakı ilə  musiqi və alqış sədaları altında “Sefer -Tora”nın təntənəli şəkildə sinaqoqa gətirilməsi mərasimi keçirildi.

Yəhudi dini ayinlərinə görə  hər bir yəhudi “Sefer -Tora”ya toxunaraq dua etməklə  bir-birini bayram münasibəti ilə təbrik ediblər. “Sefer –Tora”nın ətrafında baş tutan bayram şənliyindən sonra mərasim iştirakçıları təbrik nitqləri söylədilər.  

Bakıdakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev göstərilən diqqətə görə Los-Anceles yəhudi icmasına təşəkkürünü bildirdi.

Milix Yevdayev Azərbaycanda və Birləşmiş Ştatlarda yaşayan yəhudilər arasında qurulmuş münasibətlərdən, Azərbaycanın tarixi tolerantlıq ənənələrindən danışaraq ölkəmizdə yaşayan dini icmalara, o cümlədən yəhudi icmasına göstərilən diqqətə görə Azərbaycan Xalqına, Azərbaycan dövlətinə və Azərbaycan Prezidenti İlham Əliyev cənablarına  öz dərin minnətdarlığını bildirdi.  

M.Yevdayev Los Ancelesin yəhudi icması tərəfindən Azərbaycan Dağ Yəhudiləri İcmasına “Sefer –Tora”nın hədiyyə edilməsini tarixi hadisə hesab edərək, bu hadisə nəticəsində ABŞ ictimaiyyətinin Azərbaycanda dini etiqadlara göstərilən ehtiram barədə bir daha məlumatlandığını qeyd etdi.

O bildirdi ki, dağ yəhudiləri 2000 ildən çoxdur  Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Yəhudi icmasına göstərilən qayğıdan bəhs edən M.Yevdayev qeyd etdi ki, dünyəvi müsəlman ölkəsi olan Azərbaycanda yəhudilərin dinc şəraitdə, daim hörmət görərək yaşamalarının və dini etiqadlarına azad şəkildə əməl etmələrinin qarantı Azərbaycan xalqı və Prezidentidir. 

Tədbirdə millət vəkilləri Səməd Seyidov və Asim Mollazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav, Azərbaycan Respublikasının Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Los-Ancelesdəki Sinay Sinaqoqunun baş ravvini Devid Volpi, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Rəşad Əliyarlı, Avropa Yəhudiləri Dini İcmasının sədri Gennadi Zelmanoviç, Alban -Udi xristian icmasının sədri Robert Mobili və “Azərbaycan-Dünyası” Beynəlxalq  jurnalının baş redaktoru Eldar ismayılov çıxış ediblər.

“Sefer-Tora”nın təqdim olunması mərasimindən sonra  Los-Ancelesdəki Sinay Sinaqoqunun baş ravvini Devid Volpinin başçılıq etdiyi nümayəndə heyəti və onları müşayiət edən şəxslər Quba şəhərinə  yollandılar.

Qubadakı Heydər Əliyev Mərkəzinin qarşında ABŞ nümayəndə heyətini mehribanlıqla qarşılayan Quba rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov qonaqlara Azərbaycanda dinc və demokratik şəraitdə keçirilən parlament seçkiləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rayonun sosial-iqtisadi və mədəni həyatında baş verən müsbət dəyişikliklər, dövlət tərəfindən milli azlıqların bütün hüquqlarının təmin olunması, onların tolenrantlıq, sülh və əmin-amanlıq şəraitində yaşadıqları haqqında məlumat verdi. 

Sonra ümummilli lider Heydər Əliyevin əziz və parlaq xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dahi şəxsiyyətin abidəsi önünə tər çiçəklər qoyuldu. Qonaqlar Soyqırım Memorialını da ziyarət etdilər.

Nümayəndə heyəti dağ yəhudilərinin kompakt şəkildə yaşadıqları Qubadakı Qırmızı Qəsəbə  ilə yaxından tanış oldular. Burada onları millət vəkili Yevda Abramov və Quba Rayon İcra Hakimiyyətinin Qırmızı qəsəbə inzibati ərazi vahidliyi üzrə nümayəndəsi Pisax İsakov qarşıladılar.

Amerikalı qonaqlar qarşısında çıxış edən Yevda Abramov və Pisax İsakov bildirdilər ki, Qırmızı qəsəbə 270 illik tarixə malikdir, burada yəhudilərin dünyada yeganə kompakt şəklində məskunlaşması faktı haqqında cox az adama məlumdur. 

Bildirildi ki, dağ yəhudilərinin Azərbaycanda məskunlaşmasının 2000 ildən artıq bir  tarixi var. Ölkədə hər zaman yəhudilərə doğma münasibət bəslənilib və indiyə qədər bu münasibət davam edir.

Azərbaycan hökumətinin bütün dini konfessiyalara bərabər şərait yaratdığını deyən Yevda Abramov digər konfessiyalar kimi, yəhudi dini icmasının nümayəndələrinin də ölkədə öz ibadətlərini, dini ayinlərini sərbəst şəkildə yerinə yetirdiklərini vurğuladı. 

Y.Abramov dünyada antisemitizmlə bağlı problemlərin mövcud olduğu bir dönəmdə Azərbaycanda yəhudilərin sülh və dostluq şəraitində yaşamasının sevindirici hal olduğunu bildirdi. Bunun bariz nümunəsi kimi onun yəhudi icmasının təmsilçisi kimi Azərbaycan Milli Məclisinə 3 dəfə namizədliyini irəli sürülməsini göstərmək olar.  

Sonra qonaqlar Qırmızı Qəsəbədə fəaliyyətdə olan Yeşiva (Yəhudi məktəbi) və tarixi “Altı Günbəz”, “Giləki” sinaqoqlarını ziyarət etdilər.

Qubaya səfər ABŞ və dağ yəhudiləri icması üzvlərinin birgə axşam ibadətini etməsi ilə başa çatdı.  

Sonda ravvin David Volpi Azərbaycan xalqına, Azərbaycan dövlətinə və Azərbaycan Prezidentinə yəhudilər üçün yaradılmış sülh və əmin-amanlıq şəraitinə görə ABŞ nümayəndə heyəti adından təşəkkür edərək öz dərin minnətdarlığını bildirdi.

ABŞ yəhudiləri Azərbaycanda – FOTO

ABŞ yəhudiləri Azərbaycanda – FOTO