» » » Ad uğrunda mübarizə

Ad uğrunda mübarizə

Ad uğrunda mübarizə

Azad ölkədə uşağa qeyri-müsəlman adının verilməsini qadağan edən qanun ola bilməz.

Bizim bəzi məmurlarımız işləməyi çox sevirlər. Həm də çox məhsuldar, gözlərindən qığılcım çıxana qədər işləməyi sevirlər. Buna nail də olurlar: sıravi vətəndaşların bəzən qanunvericilərin paxıllıq ediləcək qədər mütəmadi şəkildə icad etdikləri qaydaları oxuduqda saçları biz-biz durur.

Görünüşə baxılırsa, Azərbaycanda cari və mühüm problem qalmayıb, qanuna riayət edən vətəndaşlar kimi buna şadıq. Axı bu yaxınlarda Azərbaycan uşaqlarına verilə biləcək və verilə bilməyəcək adlar haqqında çıxan qərar yalnız bunu göstərir.

Nazirlər Kabineti nəzdində fəaliyyət göstərən Terminologiya üzrə komissiyanın sədrinin müavini Sayalı Sadıqovanın bəyan etdiyi kimi, son 5 ildə Azərbaycanda valideynlərin uşaqlarına gülməli adlar qoyması hallarının sayı azalıb.

Onun sözlərinə görə, əvvəllər bu hallara nəzarət edilmirdi, amma hal-hazırda Nazirlər Kabinetinin müvafiq qərarı ilə “ASAN xidmət” mərkəzlərində bunun qarşısı alınır.

“Öz uşaqlarına Cinayətkar, Şüşəbənd, Sərxoş adı vermək nə dərəcədə düzgündür? Belə adların verilməsi qəti qadağandır”, - Sadıqova bəyan edib.

Mən hələ bura Bəsti və Yetər kimi adları da əlavə edərdim. Bu adları bizdə çoxuşaqlı ailələrdə verirlər, fikrimcə, bu adla onlar qadının ləyaqətini alçaltmış olurlar. Övladlarına bu adları verən valideynlərə bəzən işə yarayan digər yolların olmasını izah etmək istəyirsən və məncə bu yolları öyrənib istifadə etsələr daha məqsədəuyğun olar.

Bütün bunlar yaxşı və tərifəlayiq olardı, amma böyük bir “amma” var. Təhqiredici və qəribə adlarla yanaşı qadağa altına bizdə o qədər də populyar olmayan, əsasən avropasayağı adlar da düşüb.  

“Eləcə də uşaqlara ingilis adları vermək qadağan edilir və valideynlərə bu qadağanın səbəbi izah edilir”,- Sayalı Sadıqova bildirib.

O, həmçinin faktiki olaraq Azərbaycanda müsəlman və türk mənşəli adlara rəğbət bəsləndiyini qeyd edib.

Mənə maraqlıdır, axı hansı paralel kainatda, dini etiqad azadlığı verilən demokratik dövlətin vətəndaşlarına övladlarına, müsəlman adı olmasa ad verməyə icazə verilmir?

Əgər səhv etmirəmsə ölkəmiz sivil ölkədir və biz haqlı olaraq bütün din nümayəndələrinə tolerant və ədalətli münasibət ilə fəxr edirik (və ya bir müddət bundan əvvəl fəxr edirdik). Axı digər dinə elə azərbaycanlı özü də etiqad edə bilər. Bəs görəsən kim və hansı haqla kiməsə qızına Marqarita və ya Yelizaveta adını verməyi qadağan edə bilər? Yalnız soyadı azərbaycanlı olduğu üçün? Axı bu gülməlidir.

Mən artıq ikimillətli ailələrdə dünyaya gələn uşaqları demirəm. Bu yaxınlarda ABŞ vətəndaşı ilə evli olan tanış xanım “ASAN xidmət”ə yenicə doğulmuş qızına Avropa adı və hətta iki ad vermək üçün müraciət edib. Sizcə nə baş verib? Ona qəti etiraz ediblər, arqument kimi isə bizdə belə şey olmur deyiblər. Vəziyyətin həll edilməsi və valideynlərin öz övladlarına istədikləri adı vermələri üçün diplomatik səviyyədə müdaxilə tələb edilib.

Və yaxud da Kiara adı ilə bağlı əhvalat. Valideynlər bu adı qızlarına vermək istəyiblər, ad heç də təhqiredici deyil və xoş səslənir. Onlara edilən etirazdan sonra məhkəməyə müraciət ediblər. Amma, elə həmin Sadıqovanın sözlərinə görə xatırladım ki, (Nazirlər Kabineti nəzdində fəaliyyət göstərən Terminologiya üzrə komissiyanın sədrinin müavinidir) Kiara irland mənşəli addır. Bundan başqa, aman Allahım, dəhşət!, “Simba” cizgi filmində şir balasının adı Kiara idi.

““Adların, soyadlarının, ata adlarının verilməsi və dəyişdirilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli 79 saylı qərarında qeyd edilib ki, uşaqlara onların maraqlarına xələl gətirən, cinslərinə uyğun gəlməyən və ələ salmaq üçün səbəbə çevrilə biləcək adların verilməsi qətiyyən yolverilməzdir. Belə ki, Kiara adının Azərbaycan dilinə ümumiyyətlə, aidiyyatı yoxdur, adam adları reyestrində olmadığı üçün biz onu qəti qadağan etmişik”, Sayalı Sadıqova bu qərarı şərh edib.

Qeyd etmək istərdim ki, Sadıqova özü öz sözünü təkzib edir, belə ki, əgər bu adın irland mənşəli olduğunu deyirsə, o zaman bu adın adlar reyesterində olmadığını necə deyə bilər? Bundan başqa, Kiara adı Avropada çox yayılmış addır, sadəcə Google-da axtarış vermək kifayət idi. Bəlkə bizim məmurları bu adın cizgi filmində işlənməsi narahat edib? Əgər sabah Azərbaycan cizgi filmlərində və ya tamaşalarında insan adı daşıyan personaj meydana çıxsa, məsələn, Məmməd adlı qoyun, o zaman bu adı avtomatik olaraq qadağan edəcəklər? Hər şey bu qədər kədərli olmasaydı, yəqin ki, gülməli olardı...

İstənilən işdə müəyyən güzəştlərə yer olmasını xatırlatmaq istərdim, həm də belə incə məqamda. Yalnız onlara bəlli olan səbəblər ucbatından uşaqlara xarici və qeyri-Azərbaycan adların verilməsini qadağan edib vətəndaşları seçim hüququndan məhrum edərək ölkənin imicinə ümumilikdə xələl gətirirlər.

Aliyə İsmayılzadə