» » » İmperiyanın süqutu: Telman İsmayılov borcun içində batır - FOTO + VİDEO

İmperiyanın süqutu: Telman İsmayılov borcun içində batır - FOTO + VİDEO

İmperiyanın süqutu: Telman İsmayılov borcun içində batır - FOTO + VİDEO

Birdəfəyə 60 milyon dollar şabaş səpdi, indi işıq pulu verə bilmir...

Xəbər verdiyimiz kimi, Azərbaycan əsilli milyarder Telman İsmayılovun Antalyadakı yeddiulduzlu “Mardan Palace” oteli bu günlərdə borca görə dəyərindən düz 12 dəfə ucuz - cəmi 128 milyon dollara məcburən satılıb.

1,5 milyard dollara başa gələn və Telman İsmayılovun atasının adını daşıyan, Yaxın Şərqin ən dəbdəbəli oteli sayılan “Mardan Palace”in yeni sahibi nəzarət səhm paketi Türkiyə dövlətinə məxsus olan “Halk bank”dır.

Bank Telman İsmayılova verdiyi təxminən 60 milyon dollarlıq krediti geri ala bilmədiyi üçün otelə həbs qoydurub.

Daha sonra məhkəmə oteli hərracdan satışa çıxarıb və cəmi 128 milyon dollara banka satıb. Bu, bir vaxtlar milyonları sağa-sola səpələyən, Hollivud ulduzlarını ad günü qonaqlıqlarına və digər dəbdəbəli ziyafətlərə çağırıb qızıl-brilyant yağmuruna tutan, onlara milyonlarla dollar qonorar verən T.İsmayılovun biznesmen və oliqarx kimi acınacaqlı sonluğudur.

İmperiyanın süqutu: Telman İsmayılov borcun içində batır - FOTO + VİDEO

Xatırladaq ki, T.İsmayılovun Rusiyada da yüz milyonlarla dollar borcu var. Bu borclara görə onun şəxsən müflis elan edilməsi üçün məhkəmə iddiası da qaldırılıb.

“Bu, “nuvoriş”lərin Qərbə getdiyinə və orada ancaq pul xərcləməyi bacardıqlarına, daha sona müflis olduqlarına dair daha bir nümunədir. Axı onlar orada pul qazana bilmirlər, onların həyat tərzi Qərbdə qəbuledilməzdir”- Rusiyanın “Vesti” telekanalının süjetində T.İsmayılovun müflisləşməsini belə şərh edirlər.

ucarliyiq.biz Virtualaz.org-a istinadən xəbər verir ki, telekanal “Mardan Palace” otelinə çəkiliş qrupu göndərib. Otelin qarşısında Telmanın atası Mərdanın yaşının sayı qədər - 96 ədəd qızılgül kolu əkilib. Bir vaxtlar T.İsmayılovun az qala bütün sərvətini xərcləyib tikdirdiyi və atasının adını verdiyi otel indi dəbdəbə və zənginlik rəmzi deyil.

Otelin maliyyə vəziyyəti ağırdır və indi hətta işıqlandırmada da qənaət etmək lazımdır. Mərkəzi holl istisna olmaqla otelin bütün dəhlizlərinə qaranlıq çöküb. Bu, heç də dizayner tapıntısı deyil. Tavanda hər bir neçə metrdən bir büllur çilçıraqlar asılıb, hərəsinin üstündə çoxlu sayda lampalar var. Lakin lampalardan heç biri yanmır. Çünki “Mardan Palace” otelinin 2 milyon dollar işıq pulu borcu var və borc üzündən otelin işıqları kəsilib.

İmperiyanın süqutu: Telman İsmayılov borcun içində batır - FOTO + VİDEO

2009-cu ildə otel açılanda isə orada heç bir problem yox idi. Hətta planeti bürümüş iqtisadi böhranın da “Mardan Palace” otelinə dəxli olmamışdı. Tonlarla qızıl, mərmər, xüsusi olaraq icarəyə götürülmüş təyyarədə gətirilən 242 funt qara kürü, çimərlik üçün 9 min ton qızılı qum, açılışda iştirak edən Moskva meri və hərəsinə azı 5 milyon dollar ödənilən Hollivud ulduzları....

İndi isə T.İsmayılovun daşıtdığı həmin qızılı qumun çoxunu dəniz yuyub aparıb. Şikayətlər və təkliflər kitabında son aylar otelin müştərilərinin T.İsmayılova ünvanlanmış çoxlu şikayətləri var. Onlar şikayətlənir ki, oteldə hər gün eyni yeməklər verilir, bəzi otaqlarda təmir lazımdır.

İndi bu şikayətlərlə “Halk bank” məşğul olacaq. Çünki İsmayılovun oteli borc üzündən 12 dəfə ucuz satılıb. “Mardan Palace”in tikintisinə görə o, Türkiyə banklarına və podratçı inşaat şirkətlərinə 200 milyon dollar borclu qalıb.

İmperiyanın süqutu: Telman İsmayılov borcun içində batır - FOTO + VİDEO

Əslində oteli tikəndə İsmayılovu xəbərdar etmişdilər ki, ora qoyulan pulu ancaq 200 ildən sonra geri qaytarmaq olar. Ancaq sağa-sola milyonlar səpələyən adamı bununla çəkindirmək olardımı?

Qərb mətbuatı yazırdı ki, ziyafətlərdən birində rəqs edən İsmayılov 60 milyon dollarlıq kupyuru şabaş kimi səpələmişdi. Onun qızıl suyu ilə örtülü “Falcon” təyyarəsi də məşhur idi. İsmayılov dünya estrada ulduzları ilə bir gecə keçirmək üçün milyonlarla dollar ödəyirdi.

2006-cı il. Telman İsmayılovun 50 illik yubileyidir. Həmin yubileydə İsmayılovun Azərbaycandan olan nazir və oliqarx dostları da iştirak edir. “Çerkizovsk” bazarından pullar sel kimi axır. Ora şəhər içində toxunulmaz şəhərdir. Milyardlarla dollarlıq qaçaqmalçılıq, qul vəziyyətinə salınmış minlərlə adam. Telmanın FTX-dəki və Kremldəki qüdrətli dostları, onu “əbədi dostum” adlandıran mer Yuri Lujkov...

“Onların öz bankları, öz ordusu var idi. Olduqca çox etnik qruplaşmalar fəaliyyət göstərirdi. Vaxtaşırı olaraq bizim əməkdaşlar bazarda əleyhqazlarla işləməli olurdu, çünki zirzəmilərdə zəhərli kimyəvi maddə hopdurulmuş nəhəng miqdarda mallar olurdu”- Federal Gömrük Xidmətinin ictimaiyyətlə əlaqələr xidmətinin rəisi, general-mayor Aleksandr Smelyakov deyir.

İmperiyanın süqutu: Telman İsmayılov borcun içində batır - FOTO + VİDEO

Bir vaxtlar əfsanəvi “Praqa” restoranı, Moskvanın digər bahalı və tarixi obyektləri də Telman İsmayılovun mülkiyyətinə keçmişdi. Ancaq Lujkovun istefasından və “Çerkizovsk” bazarının bağlanmasından sonra İsmayılovun imperiyası silkələndi, oliqarx borc bataqlığına düşdü.

“O, sivil biznes apara bilməz, bunu sadəcə olaraq bacarmır. Kölgə iqtisadiyyatının tüğyan etdiyi vaxtda isə o, suda balıq kimi üzürdü”- deyə İctimai Layihələndirmə İnstitutunun direktoru Valeri Fadeyev bildirir.

İndi borclular hər yerdə Telmanı axtarır. Axı o, götürdüyü yüz milyonlarla dollarlıq kreditlərə görə ödəmələri çoxdan dayandırıb. Məsələn, “Bank VTB”-dən 230 milyon dollar götürüb.

“Bizim onu məhkəməyə verməkdən başqa yolumuz qalmayıb”- deyə bankın rəsmisi Vadim Suxoverxov bildirir.

İmperiyanın süqutu: Telman İsmayılov borcun içində batır - FOTO + VİDEO

Məhkəmə icraçılarının əlində Telmanın həbs qoyulmuş əmlakının siyahısı var: 3 min kvadratmetrlik ev, obyektlər, torpaq sahələri, hətta yüksək və aşağı təzyiqli qaz kəmərləri...