» » » Ev başmaqlarında ölüm və ya uşaqsız qadınlar nədən əziyyət çəkir?

Ev başmaqlarında ölüm və ya uşaqsız qadınlar nədən əziyyət çəkir?

Ev başmaqlarında ölüm və ya uşaqsız qadınlar nədən əziyyət çəkir?

“Hər qadın üçün ana olmaq vacibdir, amma daha psixoloji travma və ya həyatı bahasına yox”.

“Mentalitetimizə nifrət edirəm... səssiz və vəhşicəsinə”. Əslində adi, gözəl sözdür, amma nə qədər insanın həyatını məhv edib.

Uzun müddət bu mətni yazmağa əlim qalxmadı. Başlayırdım və yarımçıq qoyurdum. Ağır mövzudur...

Bakıda noyabrın 7-dən 8-nə keçən gecə gənc qadın - Nuranə Vasif qızı Panıyeva (1993-cü il təvəllüdlü) həlak olub. İlkin məlumata görə gənc qadın özünü əri və onun qohumları tərəfindən incidildiyinə görə asıb. İncidilmənin səbəbi ana ola bilməməsidir. Onun cəmi 22 yaşı var idi. Cəmi (!).

Ailə etibarlı yuvadır, orada isti və rahatdır. Bəs əgər orada incidirlərsə, təhqir edir, bəzən isə məhv edirlərsə... 

Psixoloqlar məsləhət görür ki, mənəvi (fiziki kimi oxu) pressinq zamanı qaçmaq lazımdır! Qaçdıqdan, özünüzü müdafiə etdikdən sonra aydınlaşdırın. Ehtiyatla, səliqəli, ölçülüb-biçilmiş şəkildə - onlar belə deyirlər. Bəs qaçmağa yer olmadıqda nə etmək lazımdır?

Deyilənə görə, Nuranə ərinin və onun qohumlarının qınaqlarına, alnına vurulan “Sonsuz!” möhürünə dözməyib atası evinə gedib. Amma ən əzabverici odur ki, rüsvayçılıqdan çəkinən valideynlər qızlarını geri - ər evinə qaytarıblar. Həmin mentalitet ataya qızını ölümdən qorumağa imkan vermədi, (nə yalan danışaq, yəqin ki, ölüm faktını, rüsvayçı “boşanma” damğasından üstün tutardı) və elə həmin mentalitet gənc qadını boynuna ip salmağa məcbur etdi.  

“Təəssüf ki, psixoloji zorakılıq faktları ölkədə nadir hal deyil, zorakılıq yalnız fiziki olmur, və hər zaman da açıq şəkildə olmur. Ailə həyatında hamı səriştəli deyil, amma ailədə uşağın doğulmamasını problemə çevirmək düzgün mövqe deyil. İstənilən halda uşaq dünyaya gətirə bilməmək qadın üçün belə faciəli nəticələrə gətirib çıxarmamalıdır. Amma bizim ailələrdə evlənmələrindən bir il keçməmiş gəlinə: “Nə vaxt uşaq dünyaya gətirəcəksən?” sualı ilə hücum edirlər. Əlbəttə hər qadın üçün ana olmaq vacibdir, amma daha psixoloji travma və ya həyatı bahasına yox”,– “Pozitiv psixologiya” Mərkəzinin rəhbəri psixoloq Arzu Quliyeva danışır.

Onun sözlərinə görə, bir çoxları nikaha girməyə, uşağın doğulmasına şıltaqlıq kimi yanaşırlar. Bu, yanlış yanaşmadır.

“Bu halda isə, gənc qadının yaxınlarının yardımına ehtiyacı var idi, bunun əvəzində isə anlaşılmazlıq və qınaq ilə qarşılaşıb. Onun nə əri, nə də ki, qohumları tərəfindən dəstəyi var idi, ona öz valideynləri də yardım etməyiblər”, - psixoloq qeyd edib.

Onun sözlərinə görə, uşaqlar hansı yaşda olurlarsa olsunlar həyatın çətin anlarında valideynlərinin yardımına ehtiyac duyurlar.

“Gənc qadın xoşagəlməz vəziyyətdə idi: o, istəsə də ana ola bilmirdi, ailədə təzyiq altında idi. Bütün bunlar üst-üstə gəldi, bu isə faciə ilə nəticələndi. İntihar mürəkkəb vəziyyətdir. Onun səbəblərindən yalnız intihar baş verdikdən sonra danışırlar. Bu niyyətlə yaşayan insanlar həyatda olan və baş verən müsbət halları görmürlər. İntihar aktı atılmaq və lazımsızlıq hisslərindən doğur. Bu vəziyyətdə insanı yalnız olmadığını bildirən bir söz və ya bir baxış xilas edə bilər” - o əlavə edib.

Psixoloq hal-hazırda bir çox qadının fizioloji və ya psixoloji problemlər ucbatından ana ola bilmədiyini əlavə edib. Daxili gərginlikdən başqa, onlar yaxınlarının analıq barədə bezdirici suallarından, yaxın və qohumlarından öz ünvanlarına eşidəcəkləri qınaqlardan sığortalanmayıblar.

“Bu sualdan necə də bezmişəm, onu eşidəndə artıq əsəbdən tik başlayır. Qohumlar, dostlar, dostlarımın dostları - hamı ancaq “Nə vaxt uşaq doğacaqsan?” deyə soruşurlar. Mən özüm də bu sualın cavabını bilməyə sevinərdim. Uşaqsız ailə haqqında moizələrlə adamı ağlatmağa qadirdirlər. Kiminsə hamilə qalmağı barədə bu qədər inadla maraqlanan insanları anlamıram. Elə bir hiss var ki, mənim hamıya borcum var - ərimə, qohumlarıma, valideynlərimə, dostlarıma bütün dünyaya. Uşağım olanda hamıya hər şey məlum olacaq”- Amaliya danışır (ad dəyişdirilib). Qadın iki ildir ki, ailəlidir, uşağı yoxdur.

Çoxsaylı müşahidələr uşaqsız ailələrin, yarımçıq ailələr qədər bədbəxt olduğunu göstərir. Uşağı olmayan qadın sanki şübhə yaradır, o hər zaman özünə bəraət qazandırmalı, niyə uşaq sahibi olmadığı barədə suala acıqlanmalıdır. Kənardan ona yönələn maraq, onun onsuz da narahat həyatını bir qədər də təlaşlandırır, psixoloji olaraq o, çox zəifdir. Bəlkə gələn dəfə ailədə artımın niyə olmaması barədə sual dilinizin ucuna gələrkən, bir anlıq dayanıb bunu eşitməyin nə qədər ağır olduğunu düşünərsiz?! 

Zarina Oruc