» » » Ələsgər Məmmədoğlu xəstəxanaya yerləşdirildi

Ələsgər Məmmədoğlu xəstəxanaya yerləşdirildi

Ələsgər Məmmədoğlu xəstəxanaya yerləşdirildi

Günorta saatlarında aktyorun səhhəti pisləşib.

Əməkdar artist Ələsgər Məmmədoğlu xəstəxanaya yerləşdirilib.

ucarliyiq.biz-ın APA-ya istinadən məlumatına görə, noyabrın 12-də günorta saatlarında təzyiqdən əziyyət çəkən aktyorun səhhəti pisləşib.
 
Ə. Məmmədoğlu Binəqədi şəhər Xəstəxanasına yerləşdirilib. İlkin müayinə və müalicələrdən sonra aktyorun vəziyyəti stabilləşib və onun bu gün axşam xəstəxanadan evə buraxılması nəzərdə tutulub.
 
Qeyd edək ki, Ə. Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.

1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib.

Ə. Məmmədoğlu bir çox teletamaşalarda, Şair (“Evləri köndələn yar” Anar), Milis (“Yaşıl eynəkli adam” V.Səmədoğlu), Nökər (“Mehmanxana sahibəsi” K.Haldoni), Dəmir -qaya “Topal Teymur” H.Cavid), Narsatan (“Qatarda” İ.Məlikzadə), Gümrah (“Alov” M.Hüseyn) kimi obrazlar yaradıb.

“Mozalan” satirik kino- jurnalının 20 -yə yaxın süjetinə çəkilən Ə. Məmmədoğlu, “Ömrun səhifələri” (Ələsgər), “Xoşbəxtlik qayğıları”(Əlövsət), “Bəyin oğurlanması” (Ələsgər), "Tehran -43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısıdır.

2002-ci ildə Ə. Məmmədoğlu Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.