» » » “Sovetski” barədə qərarın səbəbi və mahiyyəti açıqlanıb

“Sovetski” barədə qərarın səbəbi və mahiyyəti açıqlanıb

“Sovetski” barədə qərarın səbəbi və mahiyyəti açıqlanıb

Qərarının hansı zərurətdən qəbul edilməsinə aydınlıq gətirib.

Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Nazirlər Kabinetinin Yasamal rayonunda dövlət ehtiyacı üçün alınan torpaq sahələrinin müəyyən olunması barədə qərarının hansı zərurətdən qəbul edilməsinə aydınlıq gətirib.

ucarliyiq.biz xəbər verir ki, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev APA-ya açıqlamasında bildirib ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 501 saylı 12 dekabr 2013-cü tarixli “Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi ilə əlaqədar Yasamal rayonu ərazisində müəyyən edilmiş ünvanlarda bir sıra yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi haqqında” sərəncamının icrası məqsədilə 10 yanvar 2014-cü il tarixindən Yasamal rayonundakı “Sovetski” adlanın adlanan ərazidə yaşayış və qeyri-yaşayış obyektlərinin vətəndaşlardan mülki qanunvericiliyə uyğun olaraq alqı-satqı müqaviləsi ilə alınmasına başlanıb. 
 
İ. Mehdiyev deyib ki, ötən müddət ərzində qeyd edilən ərazidə vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərinin alınması işləri, habelə satın alınma ilə əlaqədar həmin obyektlərin sahiblərinin müəyyən edilməsi, obyektlərin vətəndaşların mülkiyyətində olmasına və onların tikintisinə dair müvafiq sənədlərin toplanması, qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi məqsədilə bu işlərə müstəqil qiymətləndiricələrin cəlb edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Sərəncama əsasən əhatə olunan ərazidə inventarlaşdırma işləri artıq tam başa çatdırılıb, həmin ərazidə mövcud olan obyektlərin 7 min 700 sayda olduğu müəyyənləşdirilib. Köçürülmə planının ilkin mərhələsinə müvafiq olaraq  3 min 510 mənzil sahibi ilə danışıqlar aparılıb, 2 min 553 mənzil sahibi ilə alqı-satqı aparılıb, mənzillərinin sahəsi çox kiçik olan 104 ailə yeni mənzillərə köçürülüb, 2320 mənzil isə sökülüb: “Köçürülmə prosesinin hazırkı mərhələsinin başa çatdırılması paytaxtımız üçün xüsusi əhəmiyyət kəsb edən yeni dövlət əhəmiyyətli yolların tikintisinə imkan yaradacaq. 

Bununla əlaqədar artıq layihə sənədləri də hazırlanıb. Layihəyə əsasən Azərbaycan Milli Dram Teatrından Nəriman Nərmanov prospektinədək, “Nizami” metrostansiyasının yaxınlığındakı A. Məcidov küçəsi boyunca Nəriman Nərimanov prospektinədək, həmçinin Nabat Aşurbəyova, keçmiş Mustafa Sübhi küçəsi boyunca Təzəpir məscidinə qədər geniş yol qovşaqlarının və kommunikasiya xətlərinin tikintisi nəzərdə tutulub. Lakin son dərəcə əhəmiyyətli bu layihənin həyata keçirilməsinə bu mərhələdə köçürülmə işlərinin tam başa çatdırılmaması çətinlik yaradır”.  
 
İ. Mehdiyev qeyd edib ki, ərazidə köçürülməsi nəzərdə tutulan 1093 mənzil sahibindən 730 mənzil sahibi ilə dəfələrlə aparılmış danışıqlara baxmayaraq, onlar tərəfindən qeyri-real tələblər irəli sürülüb və nəticədə evlərin satın alınması üçün razılıq əldə edilməsi mümkün olmayıb: “Əhatə olunan ərazidə mənzillərin əsas hissəsi köçürülüb, 20 faiz hissənin qalması və köçürülmənin başa çatdırılmaması isə ətrafda yaşayan sakinlərin öz mənzillərinə təhlükəsiz gediş-gəlişində, kommunikasiya xətlərindən istifadə və ərazinin sanitar təmizliyinin təmin edilməsində həlli mümkün olmayan problemlər yaradır. 

Məhz bununla əlaqədar Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və qeyd edilən ərazidə köçürülmə tədbirlərinin başa çatdırılması məqsədilə Nazirlər Kabinetinin torpağın alınmasını zəruri edən və həmin torpağı alan orqanı müəyyənləşdirən 358 saylı 11 noyabr tarixli qərarı imzalanıb. 

Qərara əsasən ümumilikdə vətəndaşlara məxsus 1093 yaşayış və qeyri-yaşayış obyektinin alınması nəzərdə tutulub və alan orqan kimi Yasamal rayon İcra Hakimiyyəti müəyyən edilib. Artıq tərəfimizdən “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” qanuna müvafiq olaraq hazırlıq işlərinə, o cümlədən mənzil sahiblərinə mənzillərin satın alınması barədə fərdi bildirişlərin göndərilməsinə və bununla əlaqədar digər tədbirlərin göndərilməsinə başlanılıb”.
 
Qeyd edək ki, Nazirlər Kabineti Yasamal rayonunda dövlət ehtiyacı üçün alınan torpaq sahələrinin müəyyən olunması barədə qərar qəbul edib. Qərara əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində (“Sovetski” məhəlləsi) Nəriman Nərimanov prospekti ilə Abdulla Şaiq, Lev Tolstoy, Əlibəy Hüseynzadə küçələri və Azərbaycan prospekti ilə Abdulla Şaiq, Çingiz Mustafayev və Süleyman Rəhimov küçələri arasındakı ərazidə 730, Nabat Aşurbəyova, Mirzə Fətəli Axundov, Çingiz Mustafayev və Bəşir Səfəroğlu küçələri arasındakı ərazidə 175 ədəd, Cəfər Cabbarlı küçəsi ilə Balababa Məcidov küçəsinin kəsişməsindən Nəriman Nərimanov prospektinə qədər olan ərazidə 70 ədəd və Balababa Məcidov küçəsi ilə Nabat Aşurbəyova küçəsinin kəsişməsindən Süleyman Rəhimov küçəsinə qədər olan ərazidə 118 ədəd, ümumilikdə sayı 1093 olmaqla, vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilib. 

Nazirlər Kabineti “Torpağın dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” 2011-ci il 15 fevral tarixli fərmanına əsasən bu barədə qərar qəbul edib. Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, bu qərarda nəzərdə tutulan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etsin.