» » » ABŞ-da təhsil alan azərbaycanlıların sayı açıqlandı

ABŞ-da təhsil alan azərbaycanlıların sayı açıqlandı

ABŞ-da təhsil alan azərbaycanlıların sayı açıqlandı

Azərbaycandan olan tələblərin sayı artıb.

2014/2015-ci tədris ilində Azərbaycandan olan 408 tələbə ABŞ-da təhsil alıb.

Oxu.Az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, bu barədə “Open Doors”un hesabatında qeyd olunub. 

Hesabatda bildirilib ki, Azərbaycandan olan tələblərin sayı 6.5% artıb: ““Open Doors” hesabatı Azərbaycanla ABŞ arasında tələbə mobilliyi sahəsində müsbət meyllərin olduğunu göstərir”.
 
Hesabatda deyilib ki, 2014/2015-ci tədris ili üzrə göstəricilərə əsasən, Azərbaycandan olan tələbələr ABŞ-da əsasən natamam ali təhsil pilləsində təhsil almağa meyl ediblər: 

“Tələbələrin 38 faizi tam ali təhsil, 42 faizi natamam ali təhsil, 13 faizi könüllü praktik təlimlər, 7 faizi isə İngilis dili kursları və ya qısamüddətli kursları üzrə təhsil alır”.
 
Hesabatda qeyd olunub ki, ABŞ-da beynəlxalq tələbə qəbulu səviyyəsi 10 faiz yüksələrək təqribən bir milyona bərabər olub: 

“ABŞ kollec və universitetlərinə qəbul olan əcnəbi tələbələrin sayı ötən 35 il ərzində ən yüksək artım nümayiş etdirərək 2014/2015-ci tədris ilində 10 faiz yüksəlib”.
 
“On il əvvəlki rəqəmlər ilə müqayisədə hazırda ABŞ kollec və universitetlərində  təhsil alan tələbələrin sayı 73 faiz yüksəlib və son beş ildə artım tempi daha yüksək olub.  Bu artım həm ABŞ ali təhsil müəssisələrinə qəbul olan beynəlxalq tələbələrin sayının artması, həm də amerikalı tələbələrin sayının azalması ilə izah olunur” – deyə hesabatda qeyd olunub.
 
Qeyd edək ki, “Open Doors” dünyanın müxtəlif ölkələrində 19 nümayəndəlik şəbəkəsinə və 1440-dən artıq üzv institutlara malik Beynəlxalq Təhsil İnstitutu (BTİ) tərəfindən nəşr olunur. BTİ yarandığı 1919-cu ildən etibarən və 1972-ci ildən başlayaraq Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosunun dəstəyi ilə ABŞ-da təhsil alan beynəlxalq tələbələrə dair illik statistik sorğular həyata keçirir.
 
“Open Doors” ABŞ universitetlərində təqaüd əsasında təhsil alan beynəlxalq tələbələrin, akademik təhsildən əvvəl İntensiv İngilis Dili Proqramında oxuyan beynəlxalq tələbələrin və xarici ölkələrdə təhsil alan Amerikalı tələbələrin sayına dair məlumat verir. 

“Open Doors” 2015 sorğularına və əldə edilən nəticələrə dair təfərrüatlı məlumatları www.iie.org/opendoors  ünvanında Open Doors  internet saytından əldə etmək olar. 100 səhifədən artıq tam hesabatı həmçinin, 79.95 ABŞ dolları ödəniş edərək www.iiebooks.org saytı vasitəsilə IIE Books-dan sifariş etmək mümkündür.