» » » YAP Elza Seyidcahanı cəzalandırdı

YAP Elza Seyidcahanı cəzalandırdı

YAP Elza Seyidcahanı cəzalandırdı

“Ölçü götürüləcək”.

Milli Məclisə keçirilmiş 1 noyabr seçkiləri zamanı hakim Yeni Azərbaycan Partiyasının (YAP) bəzi üzvləri özbaşına deputatlığa namizədliklərini irəli sürdü. Həmin ərəfədə hakim partiyadan bununla bağlı ölçü götürüləcəyi bildirilmişdi.

Lakin seçkilər bitsə də, məsələ ilə bağlı partiyanın mövqeyi ictimaiyyətə açıqlanmayıb. 

ucarliyiq.biz xəbər verir ki, Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Modern.az-a açıqlamasında artıq özbaşına namizədliklərini irəli sürmüş şəxslər barədə ölçü götürüldüyünü deyib. 

“Yeni Azərbaycan Partiyası tərəfindən dəfələrlə xəbərdarlıq edilib ki, partiyanın mövqeyi olmadan sərbəst şəkildə seçkilərə qatılıb deputatlığa namizəd kimi iştirak edən partiya üzvlərinə qarşı ölçülər götürüləcək.

Bildiyiniz kimi, xəbərdarlıqdan sonra müstəqil şəkildə namizədliyini irəli sürmüş partiya üzvlərinin əksəriyyəti öz namizədliyini geri götürdü. Sadəcə, 10 nəfər partiyanın qərarının əksinə olaraq seçki marafonunda iştirakını davam etdirdi.

Düzdür, özbaşına namizədliyini irəli sürənlərin birmənalı olaraq partiyadan kənarlaşdırılacağını deməmişdik. Bizim qərarımız bu idi ki, onların hər birinin məsələsi qeydiyyatda olduqları rayon təşkilatında müzakirə olunacaq,  partiya nizamnaməsinə uyğun olaraq ölçülər götürüləcək”.

Hüseyn Paşayevin sözlərinə görə, həmin şəxslərə qarşı  müxtəlif cəza növü tətbiq edilib.

“Bu, partiya sıralarından xaricolma da ola bilər, töhmət də.  Digər cəza növü ilə də əvəzlənə bilər. Artıq bu addımlar atılıb. Rayon təşkilatlarında deputatlığa namizədliyini vermiş həmin şəxslərin məsələsinə baxılıb”. 

Hakim partiyanın sözçüsü əməkdar artist Elza Seyidcahanın partiyadan kənarlaşdırılması məsələsinə də aydınlıq gətirib. 

“Elza Seyidcahan YAP-ın Nərimanov rayonunda qeydiyyatdadır. Həmin rayon təşkilatında Elza xanımın iştirakı ilə fərdi qaydada söhbət aparılıb. Elza xanım haqqında da cəza növü tətbiq edilib. Bu, partiya sıralarından qovulma deyil. Digər cəza növü tətbiq olunub”.