» » » Taleh Bağırov kimdir və nə istəyir?

Taleh Bağırov kimdir və nə istəyir?

Taleh Bağırov kimdir və nə istəyir?

“Nardaran kəndinin hər zaman sözünü deyən ağsaqqalları olub, var”.

Hazırkı dövrdə dini, dindarı aidiyyəti olmayan şeylərlə bulaşdırıb nüfuzdan salmaq heç də dinə xidmət etmək deyil. O biri məzhəblər sakit, sivil formada heç bir prosesə qarışmadan öz təbliğatlarını aparır, saylarını çoxaldırlar. Bu vəziyyətdə ənənəvi inancımız olan şiəliyi özlərinin liderlik maraqları istiqamətində istifadə edib istər dövlət, istərsə də camaat arasında nüfuzdan salmaq, əsl şiəliyin mahiyyətinə xələl gətirir.

“Müsəlman Birliyi Hərəkatı”nın sədri, radikal şiə yönümlü dindar Taleh Bağırovun fəaliyyətinin məğzi bir çox şiələrin öz halal pullarından verdikləri xüms hesabına dini maarifləndirmə adı altında, əslində isə şiəliyə zərbə vuran hərəkətləri etmək, həmin o şiələrin haqqına girməkdir.

Həm də ki, hamımızın yaxşı bildiyi “xüms” vəsaitinin toplanması həyata keçirilirsə onun bölünməsi və təyinatı üzrə istifadə olunması şəffaf olmalıdır.

Ortada isə “xüms” adı altında Taleh Bağırovun əlində cəmləşən pul vəsaitini şəxsi maraqları istiqamətində istifadə etməsi faktları mövcuddur.

Taleh Bağırovun təşkil etdiyi tədbirlərdəki çıxışları dini maarifləndirmədən daha çox ancaq dövlət və ayrı-ayrı şəxsləri tənqid etməkdən başqa bir şey deyil. O, “Müsəlman Birliyi Hərəkatı”na rəhbərlik etdiyi halda heç bir çıxışında dini cəhətdən tam savadlı olan fikir söyləməmiş, əksinə dini baxımdan ümumi sözlərlə kifayətlənmişdir. O, burada da siyasətə əl atıb lazım olan zaman özündən qat-qat dini cəhətdən savadlı olan Zülfüqar Mikayılzadənin imkanlarından istifadə edir, bu kimi hərəkətləri Taleh Bağırovun dini fəaliyyətdən daha çox siyasi fəaliyyətlə məşğul oduğunun bir daha sübutudur.

Həbsdən azad olunduqdan dərhal sonra Taleh Bağırovun ABŞ və Qərblə yaxınlığı ilə seçilən Leyla Yunusu dəstəkləməsi siyasi məqsədlər güdür. Bu, əsl dindarlar tərəfindən mənfi qarşılanır.

Bu il noyabrın 5-də baş vermiş hadisədə çoxsaylı dindarların həbs olunmasına baxmayaraq, Taleh Bağırov və onun yaxın tərəfdarı, “sağ əli” Zülfüqar Mikayılzadə proseslərdən gizlənərək kənarda qalıblar.

Taleh Bağırov və Zülfüqar Mikayılzadənin əslən Azərbaycanın başqa bölgələrindən olmasına baxmayaraq, Nardaran, Maştağa və Bilgəh kəndlərinin əhalisini itaətsizliyə sövq edirlər. Yerli din xadimləri əsassız arxa plana keçmişlər. Nardaran, Maştağa və Bilgəh camaatı üçün əlavə problemlər yaratmışlar.

Nardaran kəndinin hər zaman sözünü deyən ağsaqqalları olub, var. Heç kəsin bu kəndin adından söz deməyə ixtiyarı yoxdur. Belə ki, lazım olan sözü deyənlər var.

Qeyd olunan şəxslər fəaliyyətə başladıqdan sonra Sabunçu rayonu ərazisində yerləşən “Əbülfəz Abbas” məscidində ibadət edən şəxslər üçün müəyyən problemlər yaranmışdır. Yerli dini icmaya aidiyyəti olmayan Taleh Bağırov və Zülfüqar Mikayılzadə öz radikal çıxış və təbliğatlarını qeyd olunan məscid mövqeyindən aparıblar.

Hər bir dindarın hüququnu qorumaq adı altında çıxış etməklə, guya onların müdafiəçisi kimi özünü qələmə verən Taleh Bağırov bu gün şəxsi mühafizə və bahalı maşınlarda gəzir, yaxın ətrafının köməkliyi ilə ətrafda özünə imic qazanmağa çalışır, amma bu lideri onlar tərəfindən təşkil olunmuş hicab aksiyalarında saxlanılmış sıravi dindarların sonrakı taleyi maraqlandırmamış, bu kimi aksiyalardan sonra hansı məişət problemlərilə üzləşdiklərindən bixəbər olmuşdur. Yalnız öz liderliyi və ətrafı uğrunda mübarizə aparmaqla sıravi inanclı şəxslərdən istifadə olunması özünü lider kimi qələmə verən şəxsə yaraşan hərəkət deyil.

T. Kərimli