» » » Bakının balaca sakinlərinə soyuqdur

Bakının balaca sakinlərinə soyuqdur

Bakının balaca sakinlərinə soyuqdur

“Winter is coming”.

Bu məqaləni yazmağa məni dostlarımın və tanışlarımın şikayətləri, eləcə də şəxsi mənzilimdə mərkəzi istilik sisteminin soyuq boruları məcbur etdi.

Beləliklə, xanımlar və cənablar, yağlı boya ilə çəkilmiş rəsm əsəri: XXI əsr, 2015-ci ilin noyabr ayının sonu.

Kiçik, amma iqtisadiyyatının dinamik inkişaf etdiyi məğrur neft ölkəsi, Azərbaycanın paytaxtı Bakı şəhəri.

Payızın sonunda gözlənildiyi kimi havanın temperaturu gecələr 5-6 dərəcəyə qədər düşür. Xoşbəxtlikdən selsi üzrə. 

Və bu gözəl, iqtisadiyyatı dinamik inkişaf edən ölkənin vətəndaşları noyabrın 15-də həmişə olduğu kimi istilik sistemlərinin qoşulmasını, borular vasitəsilə evlərinə gələcək istiliyin onların mənzillərində rahatlıq yaradacağını gözləyirdilər.

Amma belə olmadı. Noyabrın 15-də paytaxt mənzillərinə istilik gəlmədi. Bu istiliyin yolunu məktəblərdə, xəstəxanalarda və Ali məktəblərdə də hələ də gözləyirlər.

Bu vəziyyətin birincisi, elektrik qızdırıcılarından istifadə heç də ucuz başa gəlmədiyi üçün orta statistik vətəndaşın büdcəsinə xeyli zərər verdiyindən və ikincisi isə belə qızdırıcıların istifadəsi zamanı elektrik şəbəkələrində artan gərginlik ucbatından yanğın təhlükəsinin artmasından danışmağa dəyərmi?

Belə bir hadisə artıq baş verib. Xoşbəxtlikdən insan itkisi olmayıb.

Nəzərə alın ki, bu hələ başlanğıcdır. Qış hələ qabaqdadır və iliyə işləyən Bakı küləyinin yaxşı oturulmamış pəncərələrdə vıyıldadığı, evdə olan bütün istini çıxardığı əsl soyuqlar hələ gəlməyib.

Bu əhvalatda ən kədərli və cansıxıcı məqam isə istiliyin məktəb və uşaq bağçalarında olmamasıdır. Valideynlər son günlərdə uşaqların məktəbdə dərslərdə palto və ya gödəkçələrdə oturmalı olduqlarından şikayətlənirlər, çoxları isə xəstələnir.

Bu vəziyyətdən 214 və 141 saylı məktəblərin valideynləri də şikayətlənirlər, onlar hər gün uşaqları dərsdən soyuqdan donmuş vəziyyətdə götürürlər.

Bəs iş nə yerdədir? Nəyə görə Bakı sakinləri artıq iki həftədir ki, istiliksiz qalıblar. Elektrik qızdırıcılarından istifadə etməyi maliyyə durumuna görə özünə icazə verə bilməyən sakinlər gecə bir neçə yorğana bürünmək, səhər isə soyuqdan dişi-dişinə dəyərək oyanmaq məcburiyyətində qalırlar.  

Aydın oldu ki, səbəb çox sadədir. Hər zaman olduğu kimi hər şey maliyyəyə dayanır - pula, məmurların məsuliyyətsizliyinə və kiminsə özbaşınalığına.

Beləliklə, “Azəristiliktəchizat” ASC-nin abunə və müştəri xidmətinin rəisi Rafiq Əliyevin KİV-ə verdiyi məlumata görə, noyabrın 15-də məhz istilik sistemlərinin işə düşmə vaxtında “Azəriqaz” İB Bakının bir sıra qazanxanalarına qazın verilməsini dayandırıb:

“Səbəb isə “Azəristiliktəchizat”ın “Azəriqaz”a olan borcudur. Eləcə də qeyd edim ki, sözügedən borcu bir neçə gün ərzində ödəyə bilməyəcəyik. Təmsil etdiyim struktur hal-hazırda ziyana işləyir. Bununla yanaşı, biz cari borclar yığılmasın deyə ödəməyə çalışırıq.

Bu soyuq dövrdə xəstəxanaları, məktəbləri, uşaq bağçalarını, yaşayış evlərini istiliksiz qoymaq çıxış yolu deyil. İki dövlət strukturu arasında borc məsələsi üzrə sadə vətəndaşlar əziyyət çəkir.

Həm “Azəriqaz”, həm də “Azəristiliktəchizat” dövlət strukturlarıdır, ən azından məsələnin hökumət səviyyəsində baxılması üçün müraciət etmək olardı. Bundan sonra məsələni məhkəmədə daha sivil yol ilə nəzərdən keçirmək lazım idi”, - strukturun nümayəndəsi qeyd edib.

“Azəriqaz”ın nümayəndəsi bununla əlaqədar olaraq respublika ərazisində təbii qaza olan ehtiyacın təmin edildiyini, vətəndaşların mənzillərinin təbii qazla təmin edilməsində heç bir məhdudiyyətin olmadığını, mənzillərdə istilik sistemlərinə gəldikdə isə bununla əlaqədar müvafiq qurumlara müraciət etmək lazım olduğunu bildirdi:

“Əgər bizə müvafiq struktur təhlükəsizlik normalarına cavab verən qazanxanaların təbii qazla təmin edilməsinə dair müraciət edərsə, biz istənilən qazanxananı təbii qazla təmin etməyə hazırıq”, - “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib.

“Azəristiliktəchizat”ın borcuna gəldikdə isə Kərbalayev şərh verməkdən imtina etdi.

Görünüşə baxılırsa “Azəriqaz” zaman-zaman bütün qazanxanaların qazla təmin edildiyi və müntəzəm işlədiyi paralel reallıqda olur.

Bəlkə də bu strukturun nümayəndələri Azərbaycanı Gürcüstan ilə səhv salıblar. Xatırladım ki, orada Azərbaycan tərəfi tamamilə havayı şəkildə yerli kilsələri qazla təmin edir.  

Nəzərə alın ki, bakılı məktəblilərin soyuq, qızdırılmayan sinif otqlarında donduğu bir dövrdə...

Çox ümid edirəm ki, müvafiq strukturlar bu yolverilməz vəziyyətə mütləq diqqət yetirəcəklər.

Aliyə İsmayılzadə