» » » “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun qəbul olunacaq

“Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun qəbul olunacaq

“Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun qəbul olunacaq

“Ölkənin bütün ərazisində dini ekstremizm baş qaldıra bilməz”.

Azərbaycanda “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun qəbul olunacaq.

ucarliyiq.biz xəbər verir ki, APA-nın məlumatına görə, 15 maddədən ibarət qanun layihəsi bu gün Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, Dini qurumlar və ictimai birliklər komitəsinin birgə iclasında müzakirəyə çıxarılacaq.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Zahid Oruc deyib ki, qanun Azərbaycanda dini ekstremizmə qarşı mübarizənin hüquqi və təşkilatı əsaslarını müəyyən edir, dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının və vətəndaşların hüquq və vəzifələrini təsbit edir. 

Layihədə radikalizm və fanatizmin təbliğ olunması, ölkənin Konstitusiya quruluşuna, onun dünyəvi xarakterinə qarşı fəaliyyətlərin həyata keçirilməsi, ərazi bütövlüyünün tanınmaması ekstremist fəaliyyət sırasına aid edilir. 

Qanunsuz silahlı birləşmələr yaratmaq, terror fəaliyyətləri həyata keçirmək, ölkənin hüdudlarından kənarda silahlı birləşmə və münaqişələrdə iştirak, milli ləyaqəti aşağılamaq, dini mənsubiyyətə görə vətəndaşlara qiymət vermək təhlükəli əməl sayılır. İnsanları dini etiqada vadar etmək, müxtəlif mərasimlərə gəlməyə məcbur etmək, müxtəlif dini təhsilə vətəndaşları cəlb etmək də qanunun hüquqi çərçivəsinə daxildir və eyni dərəcədə məsuliyyət yaradan hallar kimi müəyyənləşdirilib.
 
Layihəyə əsasən dini ekstremizmə qarşı mübarizənin əsas prinsipləri qanunçuluğun təmin edilməsi və dini ekstremizmə görə cəzanın labüdlüyüdür. Qanun layihəsində dini ekstremizm əleyhinə mübarizə aparılan xüsusi zonanın hüquqi rejimi ayrıca fəsil kimi verilib. 

Z. Oruc bildirib ki, bu, çox mühüm məsələdir. Sadə dilə çevirsək, ölkənin bütün ərazisində dini ekstremizm baş qaldıra bilməz, bunun lokal ərazilərdə mənbəyi olur: 

“Məsələn, bu gün Nardaran hadisələri zamanı Daxili İşlər Nazirliyi, Daxili Qoşunlar ictimai təhlükəsizliyin təmin olunması üçün fəaliyyət göstərir. Orada fövqəladə vəziyyət elan etmədən konkret əməliyyat-axtarış tədbirləri reallaşdırılır, xüsusi yoxlama rejimi müəyyənləşdirilir. 

Bu o deməkdir ki, hansısa qüvvələr dedikdə buradakı fəaliyyətin hüquqi əsası varmı, oraya hərbi qüvvələr yeridilə bilərmi, orada hansı qoşun növləri olmalıdır, komendant saatı tətbiq olunmalıdır, ya yox, yaxud konkret lokal ərazidə fövqəladə vəziyyət tətbiq olunmalıdırmı? Bütün bu məsələlərlə bağlı həmin zona üzrə hüquqi rejim qanunla tənzimlənəcək. Qanun layihəsində qeyd edilir ki, bu, hansı növ təhlükədir və bununla bağlı hansı addım atılmalıdır”.  
 
Z. Oruc qanun layihəsinin müzakirəsi zamanı təkliflərlə çıxış edəcəyini bildirib: 

“Konstitusion quruluşun dəyişməsinə görə cəzaların tətbiqləri, dini məzhəb bölgüləri və yaxud vətəndaşların məcburən dini fanatizm hərəkətlərinə məcbur edilməsi, müxtəlif dini ayinlərin həyata keçirilməsi hamanı qanunsuz hərəkətlərə yol verməyə görə hər birinin hüquqi məsuliyyəti müəyyənləşməlidir. Yəni hər bir cinayət və onun cəzasının konkret hüquqi çərçivəsi aydınlaşmalıdır”.
 
Layihə Milli Məclisin dekabrın 4-də keçiriləcək iclasına tövsiyə ediləcək.