» » » Hər mandatdan yüksək kişi... – VİDEO

Hər mandatdan yüksək kişi... – VİDEO

Hər mandatdan yüksək kişi... – VİDEO

Onun deputatlıqdan geri çağırılması üçün facebookda səhifələr yaradılıb.

ucarliyiq.biz son günlər medianın gündəmində olan Məhəmməd Əmin Rəsulzadə mövzüsu ilə bağlı ANS TV-nin hazırladığı reportajı təqdim edir:

Məhəmməd Əmin Rəsulzadənin - Müstəqil Cümhuriyyətin qurucusunun adı iki gündür ölkə mətbuatında müzakirə predmetinə çevrilib. Böyük şəxsiyyətlər ətrafında həmişə söz-söhbət olar. Amma böyük şəxsiyyətlər xırda ambisiyaların predmetinə çevriləndə söz-söhbət də böyüyür.

Bu dəfə də böyük söhbəti Milli Məclisin deputatı Naqif Həmzəyev edib. Tamaşaçıya hələ bu ad heçnə demir. Çünki, Naqif Həmzəyev Milli Məclisdə təzədir, özü də cavan. Vur-tut 32 yaşı var, Gəncədən seçilib.

Açığı, gözləmək olardı ki, onun parlamentdə qaldıracağı ilk məsələ Məhəmməd Əmin Rəsulzadənin Gəncə parklarından birində başına torba keçirilmiş heykəli olacaq. Hansı ki, zaman-zaman mətbuatda bu haqda danışılıb.

Hətta ötən il prezident İlham Əliyevin Rəsulzadənin yubileyi ilə bağlı sərəncamı da bu torbanı pərçim edildiyi yerdən qoparda bilmədi.

Torbanı Rəsulzadənin başı üçün biçənlər hər cür reaksiyaya təxminən belə qarşılıq verdilər.

Gilasdı, torbadan tökülür... İndi də bir qrup jurnalistin əlinə fürsət düşüb eyni məsələni təzə seçilmiş deputatın diqqətinə çatdırıblar. Bəs deputatın cavabı nə olsa yaxşıdır?

Deyib ki, "mən Məhəmməd Əmin Rəsulzadə adında tarixi şəxsiyyət tanımıram. Rəsulzadə yaxşı kişi olsaydı, arvadına sahib çıxardı" və s. Bilmirəm, deputatla yemək içmək məclisində oturan jurnalistlərdən kimsə, ona deyə bilibmi ki, siyasi tarixi şərait üzündən arvad-uşağına sahib çıxa bilməyən Rəsulzadə bayrağına sahib çıxdı axı.

O, Azərbaycanın üçrəngli bayrağını ta ölən günə kimi redaktoru olduğu jurnalların üz qabığında yaşatdı.

Yaşatdı ki, Naqif Həmzəyev kimilər bu bayrağın altında deputat seçilib, millətinə, xalqına xeyirli övladlar olsunlar. Yaşatmadı ki, çıxıb onun haqqında hərzə-hədyan danışsınlar.

Məlumat üçün deyim ki, deputatın bu açıqlaması sosial şəbəkələrdə, mediada pislənilib. Hətta onun deputatlıqdan geri çağırılması üçün facebookda səhifələr yaradılıb.

Naqif Həmzəyevin Rəsulzadə haqqında dedikləri təmsil etdiyi Yeni Azərbaycan Partiyasındada sərt qarşılanıb.

Partiyanın mətbuat katibi Hüseyn Paşayev bizimlə söhbətində bildirdi ki, bu Naqifin şəxsi mövqeyidir və partiyada heç kim bunu dəstəkləyə bilməz: “Cənab prezident Rəsulzadənin yubileyilə bağlı sərəncam imzalayıb, hər il İstiqlala abidəsini ziyarət edir və dəfələrlə bildirib ki, indiki Azərbaycan 1918-ci il müstəqil Cümhuriyyətin siyasi varisidir”.

Xatırladım ki, Rəsulzadəyə sayğını hələ illər öncə Heydər Əliyev də nümayiş etdirib.

Rəsulzadə adlı tarixi şəxsiyyəti tanımayan Naqif Həmzəyev əminəm indi onu tanıyacaq. Çünki o, Rəsulzadədir. Hər cür mandatdan yüksəkdə duran kişi!