» » » Ziya Məmmədovu kim vurmaq istədi?

Ziya Məmmədovu kim vurmaq istədi?

Ziya Məmmədovu kim vurmaq istədi?

Milyardları başqa yerdə və başqa adamlar talayırdı.

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun son zamanlar adı ətrafında yaranan vəziyyət qibtə ediləcək deyildi. Hətta beynəlxalq təyinatlı yolların, bir qədər yumşaq desək, keyfiyyətsiz inşaatı, milyardlarla vəsaitin təyinatına görə istifadə edilməməsi və mənimsənilməsi, daha öncə diqqətindən kənarda qoymadığı rəsmi tədbirlərdə iştirak etməməsinə dair ölkənin kütləvi informasiya vasitələri tərəfindən yayılan qalmaqallı əhvalatlar nazirin karyerasının tezliklə sona çatacağı barədə söhbətlərə səbəb olurdu.   

Kiminsə qüdrətli əli ictimai fikri, nazirin düz əməlli iş görə bilmədiyi, amma öz səlahiyyətlərini və büdcə vəsaitini öz məqsədləri üçün istifadə etməsi istiqamətinə yönləndirirdi, haqqin.az yazır.

Ziya Məmmədovu kim vurmaq istədi?

Ölkənin müəyyən dairələri tərəfindən nəzarət edildiyi bəzi KİV-in Məmmədovun, onun oğlunun və yaxınlarının vəhşi meşə və dəniz sakinlərindən kolleksiya yığdıqlarına və hətta onların daxili orqanlarını yediklərinə dair yazdıqları qəribə hekayətlərindən adamın tükləri biz-biz olurdu.

Amma boş yerdən yaradılan bu hücumlar iyun ayında Bakıda yüksək səviyyədə keçirilən Birinci Avropa Oyunları ərəfəsində və Oyunlardan sonra öz pik nöqtəsinə çatdı.

Bunu, hətta Oyunlara ciddi cəhdlə siyasi don geyindirməyə çalışan rəqiblər də etiraf etdilər. Siyasi fonu bəlkə də korlamağa müvəffəq oldular, amma göstəri çox yüksək səviyyədə təşkil edilmişdi, hətta çoxsaylı yarışlar görmüş idman rəisləri də bu haqda danışmaqdan yorulmurdular. Oyunlar yalnız kütləviliyi və yüksək idman nailiyyətləri ilə deyil, həm də qərbi yalançı demokratların və insan haqları müdafiəçilərinin bütün səylərini boşa çıxaran adi insani davranışlar ilə yadda qaldı.  

Polşalı gimnasta ciddi zədə almağa imkan verməyən könüllünü xatırlamamaq olmur. Bəs xəsarət almış azərbaycanlı idmançını qucağında arenadan çıxaran xarici idmançı? Bütün bunlar bir daha yarışların əsl məqsədinə nail olunduğunu – idmançıların milli nifrəti və siyasi quruluşu bir kənara qoyub, ədalətli şəkildə yarışdığını göstərdi.

Badalaq

Amma xarici siyasi düşmənlər və daxili müxalifət öz məqsədinə çatmaq üçün saman çöpündən belə yapışmağa hazır idilər. Ümumilikdə onlar buna nail ola bilmədilər, amma əhval-ruhiyyəni pozmağı bacardılar və “qurbanlıq quzu” yenə də Ziya Məmmədov oldu.

Yarışların ilk günündə tamamilə yeni, Nəqliyyat Nazirliyi tərəfindən böyük məbləğə alınmış avtobus idmançılardan ibarət qrupa çırpılır, nəticədə üç avstriyalı idmançı yaralanır.

Bundan başqa, Nazirliyin əməkdaşları hadisəni videoya çəkirlər, daha sonra isə həmin video sabiq həmkar tərəfindən bütün dünya KİV-də yayılır. Bu necə olur? Nazirliyin bir əməkdaşı asanlıqla siyasi xarakter veriləcək qəza törədir, polis onu videoya çəkir, başqa birisi isə sonradan Nazirliyin bildirdiyi kimi, avtobusun nasazlığını deyil, daha çox sürücünün özbaşınalığını sübut edən bu çarxı yayır.

Ziya Məmmədovu kim vurmaq istədi?

Xüsusi xidmətlərin sabiq rəhbəri Eldar Mahmudovun nəzarəti altında olan KİV yaxşı işləyib. Amma Avropa Oyunlarının təhlükəsizliyi üçün birinci növbədə Eldar Mahmudov cavabdeh idi. O zaman MTN əvvəllər məhkum olunmuş birinin avtobusun sükanı arxasında oturmağına necə imkan verib?

Amma E.Mahmudovun manipulyasiya etməyə çalışdığı ictimai fikir institutları yenidən bütün oxları elə də populyar olmayan Ziya Məmmədova tuşladılar.

Yeri gəlmişkən, KİV-də Beynəlxalq Bankda yuyulan 16,8 milyard dollar dəyərində İran pulunun Bakıya gətirilməsinə dair məsuliyyəti də Ziya Məmmədovun çiyinlərinə yıxmağa cəhd etdilər.

Ziya Məmmədovu kim vurmaq istədi?

Əlbəttə, Nəqliyyat Nazirliyi baş verənlərə görə məsuliyyət daşıyır, amma Bakı şəhər İcra Hakimiyyətindən sonra. Axı BakuBus şirkətini Bakı şəhər İcra Hakimiyyəti nəzdində təsis ediblər. Oxlar isə kiminsə bacarıqlı ötürməsi sayəsində Ziya Məmmədova tərəf atıldı.

Nəyə görəsə hamı adi texniki anlayışda qəzada bir ağızdan nazir Ziya Məmmədovu ittiham etdi. Bu, istənilən yol qəzasında Respublika Dövlət Yol Müfəttişliyi və ya Daxili İşlər Nazirliyini ittiham etməyə bənzəyir. Amma bunu heç kim etməyir. Aydındır ki, öz maşınını profilaktik baxışdan keçirməyən sürücüyə görə nazir cavabdeh deyil.   

Amma Eldar Mahmudovun təxribat maşını artıq işə düşmüşdü və Ziya Məmmədovun istefasından xəbər verirdi. Əgər Prezident İlham Əliyev müdaxilə etməsəydi, hər şey sanki öncədən hazırlanmış ssenari üzrə gedirdi.

Dövlət başçısı idmançıların təcili şəkildə Vyanaya çatdırılması üçün şəxsi təyyarəsini ayırdı və onların müalicəsi üçün bütün xərcləri öz üzərinə götürdü. Yalnız bu alicənab addım düşmənlərin əlverişli şəkildə ortaya gətirmək istədikləri bədheybət nazirin obrazını səhnədən götürə bilərdi.

Nəticədə isə töhmət almayan nazir Avropa Oyunlarının bir çox təşkilatçılarının təltif edildiyi mükafatı da almadı.

Atəş

Qusar rayonu son illərdə yeni turistik mərkəz kimi şöhrət qazanıb, yayda bura minlərlə turist təşrif buyurur. Amma Avropa Oyunları azərbaycanlıların iyun planlarına öz təsirini göstərdi. Yayın birinci ayında rayonda sakitlik idi. Bu, boş qalmış bazarda da, elə istirahət məkanlarında da nəzərə çarpırdı.

Hətta rayon mərkəzi ilə Çiləgir kəndi arasında tikilmiş və bu yaşayış məntəqələrini birləşdirən Bakı oliqarxlarının çoxsaylı villaları da boş idi. Qusarlılar bu vəziyyətə anlayışla yanaşdılar və keflərini pozmadılar.  

Onların dilində “Avropa Oyunları başa çatsın, bakılılar yenə də gələcəklər. Burda həyat qaynar axarına düşəcək” cümləsi əzbərə dönmüşdü.

Sadə adamlar ölkədə yaranan vəziyyəti gözəl başa düşürdülər. Müxtəlif səviyyəli rəhbərlər, onların ailələri də Bakıda olmalıdır. Potensial turistlərin böyük hissəsi Oyunlara xidmət etmək, müxtəlif tədbirlərdə iştirak etmək və s. ilə məşğul idi.

Bu, həqiqətən də belə idi. Hətta, Bakıda bəzən həftə ərzində 40 dərəcəyə çatan isti havada belə rayonun sakit istirahət guşələri boş qalırdı. Yalnız şənbə günləri bütün istirahət məkanları dolub daşırdı, bazar günü isə yenidən səssizliyə qərq olurdu.

Bu isə sakitcə Oyunların başa çatmasını gözləyən rayon sakinlərinin haqlı olmalarını bir daha təsdiq edirdi.

Ziya Məmmədovu kim vurmaq istədi?

Beləliklə, Bakıda idman bayramı başa çatdı. Bakıda finiş fişənginin gurultusu kəsilən kimi Qusara bürküdən yorulmuş bakılıların axını başladı. İlk növbədə əlbəttə ki, bu, oliqarxlar idi, onlar həm faydalı, həm də xoş amilləri birləşdirmək qərarına gəldilər. Belə ki, həm villalarına baş çəkdilər, həm də meşənin sərin havasından zövq aldılar.

Yerli sakinlər onları sevinclə qarşıladılar, onlar Oyunlar ilə bağlı itkiləri oliqarxların comərdliyi ilə bərpa edəcəklərinə ümid edirdilər.

Amma sən demə, bu heç də hamıya xoş deyildi. Bunu Çiləgirdə açılan atəş də sübut etdi. Kənd sakini Eynulla Hacıyev açdığı atəş ilə özünəməxsus şəkildə (bəlkə də sifariş ilə) Avropa Oyunlarının başa çatdığını və turist mövsümünün başlanğıcını xəbər verdi. O, odlu silahdan açılan atəşlə 70 yaşlı iş adamı Ramiz Vəliyevi qətlə yetirdi.  

İlk versiyaya görə, qətl qısqanclıq zəminində törədilib. Bu hadisə, əgər qətlə yetirilən şəxs nəqliyyat naziri Ziya Məmmədovun qardaşı - Nəriman Məmmədovun bacanağı olmasaydı, bəlkə də belə səs-küyə səbəb olmazdı. Həm də qətl zamanı Nəriman Məmmədov Ramiz Vəliyevin yanında olub.

İşlərin belə dönüşü nazirin düşmənlərinə qətlin indiyə qədər heç kimin nə təkzib, nə də təsdiq etmədiyi müxtəlif versiyaları, çoxsaylı şayiələri irəli sürməyə, yaymağa fürsət yaratdı. KİV-ə sızan ilkin versiyalara görə, qətl hadisəsi Hacıyevin qarovulçu işlədiyi Vəliyevlərin evində baş verib. Qatil sonradan polisə təslim olub.    

Qusar rayon hüquq-mühafizə orqanlarından verilən məlumata əsasən, E.Hacıyev nəqliyyat nazirinin qohumlarının evində qulluqçu işləyən bacısının namusunu müdafiə edib. Amma boş yerdən intriqa yaratmağı bacaranlar nazirə daha bir zərbə vurmaq üçün bu vəziyyətdən sui-istifadə etməyə bilməzdilər. 

Versiyalar çox, faktlar isə azdır

Digər versiyaya görə, Eynulla Hacıyev əslində nazirin qardaşı - villanın sahibi Nəriman Məmmədovu qətlə yetirməyə hazırlaşırdı, amma səhvən onun bacanağına atəş açıb. Amma hər iki versiyanın kəsişdiyi nöqtə qətlin qısqanclıq zəminində törədilməsi idi. Guya ki, E.Hacıyevin qohumu bu villada xadimə işləyirdi və o, qadını nazirin qardaşı ilə intim münasibətlərinin olmasından şübhələnib.

Bu hadisə Bakıda daha çox yayıldı, həm də N.Məmmədov bu hadisədən sonra şok keçirdi və hətta nitq qabiliyyətini itirdi.

Qətlin qısqanclıq zəminində törədilməsi əsas versiya olsa da, Urva kəndinin rayon İcra Hakimiyyəti nümayəndəsi Süləddin İsgəndərov bununla razılaşmadı.

Onun sözlərinə görə, Hacıyev tez-tez spirtli içkilər qəbul edirdi, bununla əlaqədar onun ailəsi ilə daima mübahisələri olurdu. Amma İcra Hakimiyyəti nümayəndəsi qətlin məhz qısqanclıq zəminində törədilməsinə inanmaqdan imtina etdi.

Yerli sakinlər o zaman haqqin.az-a bu villada daha öncə Eynullanın qardaşı Şəkixanın və onun arvadı Maralın qarovulçu işlədiklərini danışıblar. Amma 2014-cü ilin fevralında onların hər ikisi villa ərazisində yardımçı tikilidə qaz sızmasından həyatlarını itirdilər. Bundan sonra villada Eynulla işləməyə başlayıb.   

Təəssüf ki, Qusar rayon prokurorunun köməkçisi Anar Salehov da işə aydınlıq gətirmədi.

O qeyd etdi ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən qətl törətmək) ilə cinayət işi açılıb və istintaq aparılır.

Onun sözlərinə görə, cinayəti törətdikdən sonra Eynulla qaçmağa çalışıb, amma tez bir zamanda hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılıb.

Anar Salehov istintaq əməliyyatlarına istinad edərək işin detallarının açıqlanmasından imtina etdi. Bundan sonra sanki sehirli çubuğun əmri ilə bu qətlə dair KİV-in marağı yox oldu.

O vaxtdan bəri bu barədə rəsmi məlumat yoxdur.

Ziya Məmmədovu kim vurmaq istədi?

Bizim nəticələr

Yarım il keçdi, zaman hər şeyi öz yerinə qoyur.

İlham Əliyevin islahatlarını, onun kadr dəyişikliklərini indi hər addımda hiss edirik. Qısa bir zaman ərzində öz vəzifələri ilə vidalaşıb Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində ifadə verən yüksək vəzifəli şəxslərin sayı heç də az deyil.   

Ziya Məmmədov isə öz işini davam etdirir. Yeri gəlmişkən, uğursuz, “nazirə açılan atəşdən” sonra, xüsusilə də MTN-nin sabiq rəhbərinin istefasından sonra onun adı artıq KİV-də hallanmır. Diqqət edin ki, Ziya Məmmədov sanki KİV səhifələrindən sözün əsl mənasında silindi.  

Prezident İlham Əliyevin yaxşını pisdən ayırmağı bacarmadığını təsəvvür etmək çətindir. Yalnız son aylar ərzində o, iki naziri, bir neçə nazir müavinini və idarə rəislərini, xüsusi xidmət generallarını işdən azad edib. Tezliklə sonunun gəldiyi elan edilən Məmmədov isə öz vəzifəsindədir.

Deməli o, əvvəlki kimi ağı qaradan seçməyi bacaran Prezidentin etimadına layiqdir. Hər şey həqiqətən bir qədər qəribə görünür. Görünür, onun ətrafında tüğyan edən hər şey adi toz imiş, hansısa qüvvələr onun haqqında rüşvətxor və milyardları talan edən bir imic yaratmaq istəyirdilər. Amma dövlət başçısı bizə rüşvətxorun, talayanın kim olduğunu və hətta çiynində xüsusi xidmətlilərin paqonlarını gəzdirən quldurların kim olduğunu dəqiq göstərdi.

Nazir Məmmədov onların sırasında deyil. Və deyəsən, olmayacaq da. Belə ki, bir daha xatırlatmaq istərdik ki, milyardları başqa yerdə və başqa adamlar talan edirdi.

Bu, həm Beynəlxalq Bank, həm onun rəhbərliyinə yan almış onlarla kredit oliqarxları və Milli təhlükəsizlik generallarının paqonları olan bədheybətlər və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərləridir...

Onların öz bunker-kabinetlərində gizlənərək öz çirkablarını onlardan fərqli olaraq həmişə göz qabağında olan Ziya Məmmədov ilə bölüşməyə cəhd etdikləri istisna olunmur.

Bunun üçün onlar məntiqi düşünməyi bacaran insanlara əvvəlcədən uydurma kimi görünən, hətta “qulağı çəkilən qardaşı” ilə bağlı hadisəni də xatırlamaq imkanını əldən vermədən hər xırda bir şeyi istifadə edirdilər.

Bir sözlə, onlar Məmmədovu bir növ ildırımötürən kimi istifadə etmək istəyirdilər. Amma alınmadı. Prezident İlham Əliyev cəmiyyətə kimin kim olduğunu göstərdi və burada necə deyərlər, şərhə ehtiyac yoxdur. (www.haqqin.az)