» » » Uzaq uşaqlıqdan gələn sirk: kif, çirk və üfunət

Uzaq uşaqlıqdan gələn sirk: kif, çirk və üfunət

Uzaq uşaqlıqdan gələn sirk: kif, çirk və üfunət

Hər şeyin yaxşısı uşaqlar üçün olmalıdır.

Sirki sevməyən var?! Çox az sayda adamlar var ki, ömründə bir dəfə də olsun bu həyat bayramında iştirak etməyib. Sirk tamaşasına gəldikdə hər zaman möcüzə gözləyirsən. Sirkə səfər bizim bir qədər sovet/postsovet uşaqlıq illərimizin unudulmaz səhifəsi idi. Nə qədər bəsit səslənsə də, indi Bakı sirkinə göz yaşı olmadan baxmaq mümkün deyil.

İşçilərin binanı mümkün qədər normal vəziyyətdə saxlamaq cəhdləri o qədər əbəsdir ki, bəzən hətta gülməli görünür. Didilmiş divarları və dəliklər yaranmış döşəməni əsaslı təmirsiz gizlətmək mümkün deyil. Nə rəngli projektorlar, nə də ki, sirk ustalarının məharəti binanın köhnəliyini gizlədə bilər. Bakı Dövlət Sirki şəhərin mərkəzində Səməd Vurğun küçəsində yerləşir.

Son dəfə sirkdə beş və ya altı il bundan öncə olmuşam. Və iyirmi ildən artıq bir dövrdə onun vəziyyəti dəfələrlə pisləşib. Şahidlərin gözləri ilə desək: sirkimiz böhran vəziyyətindədir, oturacaqlar elə həmin uşaqlıqdan qalıb, nostalji hisslər yaradır, amma dəhşətli dərəcədə narahatdır, həm də çox nimdaşdır, döşəmələr didilib, divarlar dəlik-deşik, arena köhnəlib, xidmət sıfır, toz isə yetərincədir. Sirkin foyesi Bakı-Rostov qatarının yaxınlaşması ərəfəsində Bakı vağzalında yaranan vəziyyəti xatırladır, hər yerdə insanlar şütüyür. Havalandırma sistemi işləmir, ona görə də bəzən zalda tualetdən gələn üfunət ucbatından oturmaq mümkün olmur. Adama elə gəlir ki, saçlarına, geyiminə, dərinə bu üfunət hopub.

Sirkdə santexnika qovşağı bura gələn uşaqların və böyüklərin iştirakı ilə ictimai ekstremal attraksiondur. Bu attraksiona növbədə yəqin ki, sirkə uşaqla gələn bütün qadınlar dayanmışdı. Ən yaxşısı tamaşaya qədər su içməməkdir. Tualetin özü unudulmaz mənzərə ilə yadda qalır, belə ki, tam olaraq antisanitariya ocağıdır. Kif, çirkli divarlar, tökülən boya – bu təsvir etdiklərim sahibsiz qalan evin yağlı boya ilə çəkilmiş rəsmi deyil, Bakı sirkinin ayaqyolusudur. Nəfəs almaq mümkün deyil, üfunət adamın gözünü yandırır, yediyiniz nahar/ şam yeməyi mədənizdən bayıra can atır. Qadınlar qəzəblənir, qızlar burunlarını ovucları ilə tutaraq, ordan güllə kimi bayıra təmiz hava almağa qaçırlar.

Bax belə, sirkə gəlirsən, tamaşadan zövq alırsan, sonra isə fasilədə iyrənc ayaqyolunu görürsən, bunun başqa təsviri yoxdur. Təəssüf ki, dövlət sirkinin alternativi yoxdur, ona görə də uşaqları bu dəhşətli yerə - kabus-binaya tamaşaya baxmağa aparmalı oluruq.

Sirk korlanmış istirahətin yox, çox yaxşı istirahətin variantlarından biridir. Bakı sirkinə səfər adamda heç də xoş təəssürat yaratmır, ən əsası isə ordan çıxanda məyusluq hissi və bir daha bura qayıtmamaq qərarı olur.  Deyirlər, uşaqlar həyatın çiçəyidir, hər şeyin yaxşısı uşaqlar üçün olmalıdır.

Amma təəssüf ki, Bakı sirkini yaxşı adlandırmaq olmaz. Uşaqların istirahət məkanını nəyin və necə bu eybəcər hala saldığı məlum deyil. Yəni çoxmilyonluq şəhərdə nə vaxtsa unikal olan bu tikilinin təmirinə vəsait tapılmır?!

Qeyd edim ki, Azərbaycan Dövlət Sirkinin az qala 50 yaşı var, bina 1967-ci ildə tikilib. Sirk 2 min nəfərlikdir, keçmiş Sovet İttifaqında üç – su, buz və kauçuk maneji olan yeganə sirkdir.

Xatırladaq ki, yalnız 1971-ci ildə Vernadskidə 3310 nəfərlik Böyük Moskva Sirki tikilib.

Zarina Oruc