» » » Azərbaycanlı məktəblilər beynəlxalq olimpiadada qalib olublar

Azərbaycanlı məktəblilər beynəlxalq olimpiadada qalib olublar

Azərbaycanlı məktəblilər beynəlxalq olimpiadada qalib olublar

Azərbaycan top 50 ölkənin sırasına düşüb.

Son on bir ildə Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda ən yüksək nailiyyət əldə ediblər. 

Təhsil Nazirliyindən ucarliyiq.biz-ə daxil olan məlumata görə, 2-10 dekabr 2015-ci il tarixlərində Cənubi Koreyanın Dequ şəhərində keçirilən yeniyetmələrin XII Beynəlxalq Elm Olimpiadasında (İJSO) məktəblilərimiz 2 gümüş, 3 bürünc medal qazanıb. 

43 ölkənin iştirak etdiyi bu olimpiadada ölkəmiz  uğurlu nəticə əldə edənlər sırasında olub.

Ölkəmizi təmsil edən Şirvan şəhəri 18 nömrəli Təbiət və humanitar fənlər təmayüllü məktəb liseyin X sinif şagirdi Hüseyn Babayev və Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin X sinif şagirdi Cəfər İsbarov gümüş, Bakı şəhərindəki akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin X sinif şagirdləri Turan Bədəlli və  Emin Qayıbov, Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin X sinif şagirdi Turan Məmmədli bürünc medal qazanıb.

Fizika, kimya və biologiya fənləri üzrə keçirilən XII Beynəlxalq Elm Olimpiadasında şagirdlər həm nəzəri, həm də praktiki biliklərini nümayiş etdiriblər.

Bu olimpiadada ölkəmizi təmsil edən məktəblilər 2004-cü ildə 1 bürünc, 2005-ci ildə 2 bürünc, 2007-ci ildə 3 bürünc, 2008-ci ildə 3 bürünc, 2009-cu ildə 1 gümuş, 2 bürünc, 2011-ci ildə 1 gümüş, 4 bürünc, 2012-ci ildə 4 bürünc, 2013-cü ildə 1 bürünc, 2014-cü ildə 1 bürünc medal  qazanıblar.

Qeyd edək ki, bu il Beynəlxalq Riyaziyyat Olimpiadasının nəticələrinə görə, Azərbaycan top 50 ölkənin sırasına düşüb. Həmçinin, uzun illlik fasilədən sonra Beynəlxalq Biologiya Olimpiadasında və Asiya Fizika Olimpiadasında qazanılan bürünc medallar bu istiqamətdə düzgün işin qurulmasını göstərir. Bakıda keçirilmiş Beynəlxalq Kimya Olimpiadasında isə  şagirdlərimiz 2 bürünc medal əldə ediblər.