» » » Deputatlar dənizqırağı ərazidəki hasarların sökülməsini tələb etdilər

Deputatlar dənizqırağı ərazidəki hasarların sökülməsini tələb etdilər

Deputatlar dənizqırağı ərazidəki hasarların sökülməsini tələb etdilər

“Bu ümummilli məsələdir, milləti narahat edən məsələdir”.

Bu gün Milli Məclisdə Torpaq Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub.

ucarliyiq.biz-ın Modern.az-a istinadən verdiyi xəbərə görə, iclasda çıxış edən deputat Fazil Mustafa bildirib ki, ayrı-ayrı şəxslər imkanlarından istifadə edərək, dəniz qıraqlarını hasarlayırlar.

“İnsanların dənizə girişinə qadağa qoyurlar. Kimlərsə dənizə gedən məhəllələrdən dənizə çıxış yolunda hasar tikirlər. Yalnız bir nəfərin keçib getməsi üçün cığır saxlayırlar. Nəqliyyatın sərbəst hərəkət etməsi üçün yol qoyulmalıdır.

Bu gün dənizkənarı yerlərdə vəziyyət belədir. Dənizin insanların üzünə bağlanmasının qarışısı alınmalıdır. Dənizin bu cür istismar olunmasına, təbii sərvətin insanların əlindən alınmasına son qoyulmalıdır”, - deyə, o, bildirib.

Deputat Elmira Axundova bildirib ki, Abşeron, Qaradağ, Sumqayıt və bir çox yerlərdə sahilboyunda daş hasarlar tikilib.

“Keçən iclaslarda Zeynəb Xanlarova, Siyavuş Novruzov bildirirdilər ki,  bu hasarlar sökülsün. Lakin daş hasarlarla bağlı dəyişiklik bundan sonra tikiləcəklərə şamil ediləcək. Bunun isə elə də böyük əhəmiyyəti olmayacaq. Mən başa düşürəm ki, qanun geriyə şamil olunmur. Bu ümummilli məsələdir, milləti narahat edən məsələdir. Hesab edirəm ki, çəkilmiş hasarlara da aid edilməlidir”.

“Report”un xəbərinə görə, layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Dəyişikliyə əsasən, dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 4 min, vəzifəli şəxslər 8 min, hüquqi şəxslər isə 40 min manat miqdarında cərimə olunacaq.

Eyni zamanda, xətaların il ərzində inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 5 min, vəzifəli şəxslər 10 min, hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə olunacaq.