» » » Prezident təqaüdü alan əlillərin sayı açıqlandı

Prezident təqaüdü alan əlillərin sayı açıqlandı

Prezident təqaüdü alan əlillərin sayı açıqlandı

Nazir danışdı.

Azərbaycanda əlillik təyinatlarına ciddi nəzarətin həyata keçirilməsinin müsbət nəticələri kimi, respublikada ilkin əlilliyin dinamikası azalmaqla, əlilliyi olan şəxslər arasında reabilitasiya səviyyəsi artmağa başlayıb.

ucarliyiq.biz-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

Nazir qeyd edib ki, 2014-cü ildə ilkin və təkrar əlillik təyin olunanların sayı 2013-cü ilə nisbətən 11,6 min nəfərdən çox, cari ilin 10 ayında isə ötən ilin müvafiq dövrünə nisbətən 6372 nəfər azalıb:

“İlkin olaraq sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayında da azalma özünü göstərir və bu azalma cari ilin 9 ayında 35% təşkil edib.

Biz əlilliyi olan şəxslərin dəfələrlə əlillik müayinələrinə cəlb olunmaları ilə bağlı onlarda yaranan narazılıqları aradan qaldırmaqla bərabər, ən başlıcası, təkrar əlillik müayinələri zamanı əyintilərə şərait yaradan məmur-vətəndaş təmaslarının sayını dəfələrlə azaltmış oluruq. Əgər il ərzində təkrar əlillik müayinələrindən 275-280 min nəfər keçirdisə, bu rəqəm artıq 35-40 min nəfərə qədər azalacaq”.

S.Müslümov bildirib ki, hazırda nazirlik tərəfindən aylıq sosial müavinət, əmək pensiyası və Prezidentin aylıq təqaüdü ilə təmin olunanların 35%-dən çoxu məhz əlilliyi olan şəxslərdir: 

“Bununla yanaşı, nazirliyin tabeliyindəki bərpa-müalicə müəssisələrində hər il orta hesabla 8 min nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşağa bərpa-müalicə xidməti göstərilir. Həmin insanların xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili işləri yüksələn xətlə davam etdirilir. 

Cari ildə ötən illə müqayisədə 65%-ə yaxın çox, yəni 265 nəfər bu təbəqələrdən olan şəxs xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib. Bu təbəqədən olan şəxslərin protez-ortopedik xidmətlə təminatında mühüm işlər aparılır və təkcə bu ilin 11 ayında Nazirlik tərəfindən onlara ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,1% çox, yəni 31 923 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib”.

S.Müslümov onu da bildirib ki, indiyədək ölkəmizdə dövlət tərəfindən 5750 nəfər yaxın müharibə əlili və onlara bərabər tutulan şəxsə avtomobil verilib ki, onların 33,6%, yəni 1933 nəfəri keçən il və cari ilin ötən dövründə “Naz-LİFAN” markalı avtomobillə təmin olunublar.