» » » Polis “qara bazarı” nəzarətə götürür

Polis “qara bazarı” nəzarətə götürür

Polis “qara bazarı” nəzarətə götürür

“Vətəndaşlar polisə müraciət etsinlər”.

Daxili İşlər Nazirliyi “28 May” metrostansiyası yaxınlığında “qara bazar” nümayəndələrinin fəaliyyətini şərh edib.

Xatırladaq ki, dekabrın 26-dan etibarən metronun “28 May” stansiyası yaxınlığında bəzi işbazlar manatın məzənnəsinin növbəti dəfə dəyişəcəyini, ayın 27-dən, yəni bu gündən dolların 2 manatdan baha olacağını bildirərək, dolların qiymətini rəsmi 1,57 manatdan 2 manatadək qaldıraraq, pul dəyişməyə başlayıblar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov ucarliyiq.biz-a bildirib ki, vətəndaşlar bu kimi hadisə ilə qarşılaşdıqları təqdirdə polisə müraciət etsinlər.

DİN nümayəndəsi qeyd edib ki, hazırda onlara “28 May” metrostansiyası yaxınlığında “qara bazar” nümayəndələrinin dolları 2 manata satmaları ilə bağlı heç bir müraciət daxil olmayıb:

“Vətəndaşlar bu kimi hadisələrlə rastlaşıblarsa və yaxud, bunun nəticəsində zərər çəkiblərsə polisə müraciət etsinlər”.

Öz növbəmizdə onu da əlavə edək ki, bu cür işbazlar əhali arasında panika yaratmaqla, külli miqdarda gəlir əldə etmiş olurlar.

Belə ki, dolların 2 manatdan baha olacağı barədə şaiyə buraxaraq əhali arasında çaşqınlıq yaradan şəxslər real məzənnə 1,55-1,56 manat olduğu halda valyutanı 1 dollar = 2 manat prinsipi ilə dəyişir.

Vətəndaşdan 400 manat alaraq ona 200 dollar satan şəxs, növbəti gün rəsmi valyuta satışı məntəqələrində rəsmi məzənnə isə cəmi 310 manat ödəyərək yenidən 200 dollar alır və beləliklə də, bu cür fırıldaq nəticəsində 90 manat qazanmış olur.

Vətəndaşları bu kimi hallara qarşı diqqətli olmağa, valyuta məzənnəsi ilə bağlı yalnız Mərkəzi Bank tərəfindən yayılan rəsmi məlumatlara inanmağa çağırırıq.

Qeyd edək ki, Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsinə əsasən valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasına və ya dəyişdirilməsinə görə inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizindən 70 faizinədək miqdarda cərimə tətbiq edilir.

Elvin Əhmədov