» » » Xərçəng xəstəliyinə tutulmamaq üçün nə etməliyik? - HƏKİM RƏYİ

Xərçəng xəstəliyinə tutulmamaq üçün nə etməliyik? - HƏKİM RƏYİ

Xərçəng xəstəliyinə tutulmamaq üçün nə etməliyik? - HƏKİM RƏYİ

“Hər 5 nəfərdən biri xərçəng xəstəliyindən ölür”.

Xərçəng xəstəliyi insanlar arasında izaha geniş ehtiyacı olmayan xəstəliklərdəndir. İnsan ölümünə səbəb olan xəstəliklər, faktorlar arasında bədxassəli şişlər ikinci yeri tutur. İnkişaf etmiş ölkələrdə tez və ya gec hər 4 insandan 1-i xərçəng xəstəliyinə tutulur. Hər 5 nəfərdən biri xərçəng xəstəliyindən ölür.

ucarliyiq.biz xəbər verir ki, bu sözləri onkoloq-cərrah Akif Nuri “Qafqazinfo”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, düzgün həyat tərzi ilə bu xəstəliyin yaranma riskini 80%-ə qədər azaltmaq mümkündür. Bundan əlavə, əgər xərçəng xəstəliyi ilkin mərhələlərdə aşkar olunarsa, ondan 90% ehtimalla tam sağalmaq mümkündür.

Beləliklə, xərçəng xəstəliyindən düzgün profilaktika olunduqda, bu xəstəlikdən ölmə ehtimalı minimaldır. 

Xərçəng xəstəliyindən düzgün müdafiə olunmaq üçün onun necə yarandığını bilmək lazımdır. Sadələşdirilmiş formada xərçəngin yaradan səbəbləri 2 qrupa ayırmaq olar: 1-ci səbəb anadangəlmə genetic “defect” (10-15 % hallarda), 2-ci səbəb xarici faktorların (kanserogenlərin) və insanın fəaliyətinin təsiridir (85-90 %).
Aydın məsələdir ki, bizim birinci səbəbə təsir etmə şansımız yoxdur. Amma gələcək nəslimizdə bu cür “genetik defektləri”in olmamasını istəyiriksə, ondan 2-ci səbəbin qarşısını almağa çalışaq.

“Bədxassəli şişlər üzrə Avropa ekspertlərinin məsləhətləri”ndə qeyd olunur ki, 80-90 % hallarda xərçəng xəstəliyinin yaranma səbəbləri – həyat tərzi, qidalanması, sosial və mədəni fəaliyyəti ilə bağlıdır. 

ABŞ-ın milli xərçəng əleyhinə institutun məlumatına görə, 30 % hallarda xərçəngin yaranma səbəbkarı siqaret çəkmə, 35 % hallarda qidalanma xüsusiyyətləri, 10% hallarda infeksiya (papiloma virusu, epişteyn- bar virusu, helikobakter, HİV, hepatit B, C virusları və s.), 4% hallarda istehsalat mühiti (zavodlar, sexlər və s.), 2-3% hallarda ətraf mühitin çirklənməsi, 19% digər faktorlardır.

Ümumdünya xərçəngi öyrənmə fondunun müşahidə və araşdırmalarının nəticəsinə görə təkcə sağlam qidalanmaq, fiziki aktivlik və bədən çəkisini normal saxlamaqla xərçəngin yaranma riskini 30-40% azaltmaq mümkündür.

Müxtəlif orqanların bədxassəli şişləri üçün profilaktika tədbirləri də müxtəlifdir. Məsələn, piylənmə süd vəzisi, uşaqlıq, yoğun bağırsaq və mədəaltı vəzi xərçəngi riskini dəfələrlə artırır.

Piylənmə ilə mübarizə apararaq normal çəkiyə sahib olsanız məhz bu xərçəng növlərinin yaranma riskini dəfələrlə azaltmış olarsınız. Siqaret çəkməməklə və ya tərgitməklə ağciyər, dodaq, dil, ağız boşluğu, sidik kisəsi riskini dəfələrlə azaltmış olursunuz. Spirtli içkilərin istifadə miqdarını minimuma endirməklə mədə- bağırsaq, qaraciyər, qida borusu, mədəaltı vəzi xərçəngi riskini xeyli azaltmış olursunuz.

Demək olar ki, bədxassəli şişlərin bütün formalarının və lokalizasiyalarının yaranma riskini bir neçə dəfə təkcə siqaret çəkməmək və ya onu tərgitməklə azalda bilərsiniz. Bu elə də çətin deyil. Təki, məqsəd olsun.

Qidalanma və fiziki aktivlik haqda ümumi məsləhətlər:

Bədən çəkisi

Çalışın normal bədən çəkinizi daim stabil saxlayasınız. Bunun üçün uşaq, yeniyetmə yaşlarından çalışmaq lazımdır. Məsələn, 21 yaşda bədən çəkisi indeksi 21-23 olmalıdır. (Bədən çəkisi indeksi= bədən çəkisi: boyun kvadratı kq/m2 ). Normal bədən çəkisi indeksi 18.5-25 kq/m2 olmalıdır.

Fiziki aktivlik

Hər gün orqanizminizə 30 dəqiqə fiziki gərginlik verin. Seçiminiz çoxdur: idman yerişi, qaçış, üzgüçülük, futbol, tennis, “jim”, turnikdə çəkinmə və s. Əsas odur ki, hər gün, ən azı 30 dəqiqə.

Bədən çəkisinin artmasına səbəb olan qida məhsulları və içkilər

Yüksək kalorili qidaların miqdarını minimuma endirin, tərkibində şəkər olan içkilərdən imtina edin. Fast-fud məhsullarından tam imtina edin.

Bitki mənşəli qida məhsulları

Gündə 5 porsiya müxtəlif meyvə və tərəvəzdən istifadə edin (ümumi olaraq 400 qram). Rafinəolunmuş, kraxmal tərkibli məhsullardan imtina edin. Ağ undan hazırlanan məhsullardan imtina edin.

Heyvan mənşəli qidalar

Qırmızı ətin miqdarını minimuma endirin (yoğun bağırsaq xərçəngi riskini artırır), konservləşdirilmiş ətlərdən, kolbasa və sosislərdən imtina edin (mədə xərçəngi riskini artırır).

Spirtli içkilər

Spirtli içkilərin miqdarını minimuma endirin. Spirtli içkilərin orqanizmə zərərsiz dozası kişilər üçün 2 porsiya, qadınlar üçün 1 porsiyadır (1 porsiya spirtli içki 10-15 qram etil spirtinə bərabərdir).

Duzun miqdarını məhdudlaşdırın. Duzun gündəlik miqdarı 6 qramdan çox olmamalıdır.

Qida əlavələri («БАД»)və vitaminlər

Qida əlavələri xərçəng xəstəliyinin profilaktikası üçün məsləhət görülmür. Onlar bəzi hallarda (xəstəlik və ondan sonrakı dövrdə, tamdəyərli qidalanma olmayan halda) faydalı ola bilər.

Qidaları məhsullarını, çayı, kofeni mülayim hərarətdə istifadə edin. Yandırıcı, istiotlu, duzlu məhsulların qəbulunu minimuma endirin, və ya tam imtina edin.

Dəriyə günəş şüalarının uzunmüddətli təsirindən qaçın. 

Xalları zədələnmək qoruyun. 

Ən azı ildə bir dəfə həkim müayinəsindən keçin. 

Sağlam olun və uzun ömür yaşayın.