» » » Mübariz Qurbanlı: Tolerantlıq xalqımızın həyat tərzidir

Mübariz Qurbanlı: Tolerantlıq xalqımızın həyat tərzidir

Mübariz Qurbanlı: Tolerantlıq xalqımızın həyat tərzidir

DQİDK-nin sədri İsrailin Azərbaycandakı səfiri ilə görüşüb.

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı İsrailin Azərbaycandakı səfiri Dan Stavı qəbul edib.

Komitənin mətbuat xidmətindən ucarliyiq.biz-ə verilən məlumata görə, komitə sədri Azərbaycan-İsrail münasibətlərinin tarixindən, yəhudi icmasının Azərbaycandakı fəaliyyətindən danışıb. 

Azərbaycanda multikultural və tolerant mühitin dərin tarixi köklərə malik olduğunu vurğulayan Mübariz Qurbanlı prezident tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsinin təsadüfi olmadığını bildirib: 

"Tolerantlıq xalqımızın həyat tərzidir. Azərbaycanda bütün dinlərin nümayəndələri, yəhudilər də daxil olmaqla, əsrlərdir sülh və qardaşlıq mühitində yaşayırlar".

Səfir Dan Stav fəaliyyəti dövründə Azərbaycanın bölgələrinə səfərlər etdiyini, multikultural və tolerant mühitin bütün ölkə ərazisində yüksək səviyyədə hökm sürdüyünün şahidi olduğunu, müxtəlif mədəniyyət və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında, qarşılıqlı hörmət şəraitində yaşadıqlarını bildirib. 

Ötən ilin noyabr ayında ABŞ-ın Kaliforniya ştatında yerləşən Sinay sinaqoqunun üzvlərindən ibarət 50 nəfərlik heyətin Azərbaycandan çox yüksək təəssüratla geri döndüklərini söyləyən səfir müxtəlifliyin geniş yayıldığı bir dünyada millətlərin birgə yaşamasını təşviq edən Azərbaycan modelinin unikallığı ilə seçildiyini deyib.