» » » Rüfət Səfərovun səhhəti pisləşdi

Rüfət Səfərovun səhhəti pisləşdi

Rüfət Səfərovun səhhəti pisləşdi

Təcridxanaya təcili yardım çağırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğlu, rüşvət almaqda təqsirləndirilərək barəsində həbs-qətimkan tədbiri seçilən, prokurorluq orqanlarından xaric edilən Rüfət Səfərov 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Trend-ə R.Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib.

Vəkil bildirib ki, R.Səfərovla Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində görüşüb: 

"Onunla yanvarın 16-da görüşdüm. Müvəkkilim ittihamları qəbul etmir və rüşvət almadığını iddia edir. 

Saxlanılma şəraiti normal olsa da, səhhətində problem var. İstintaq təcridxanasında saxlanılarkən qan təzyiqi yüksəlib və təcridxanaya təcili tibbi yardım çağırılıb. Həkimlərin tibbi yardımından sonra onun səhhəti normallaşıb. Hazırda vəziyyəti sabitdir".

Vəkil qeyd edib ki, R.Səfərov yüksək qan təzyiqindən əziyyət çəkir.

Sabiq müstəntiqlə bağlı istintaq hərəkətləri aparıldıqdan sonra o, yanvarın 16-da 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edək ki, Zərdab rayon Prokurorluğunda müstəntiq işləyən Rüfət Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib.

Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.