» » » Azərbaycanda yeni doğulan əkizlərdən biri öldü

Azərbaycanda yeni doğulan əkizlərdən biri öldü

Azərbaycanda yeni doğulan əkizlərdən biri öldü

"Aysel Qocayevanın ötən gecə dünyaya gətirdiyi əkizlərdən biri doğuş zamanı dünyasını dəyişsə də digərinin vəziyyəti stabildir". Bərdə Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Tünzalə Quliyeva ucarliyiq.biz-ə açıqlamasında bu barədə məlumat verib. 

Onun sözlərinə görə, uşaq küvezdə saxlanılır və onun yaşaması üçün əllərindən gələni edirlər.

“Ana 15 gün əvvəl zəhərlənmə diaqnozu ilə xəstəxanamıza müraciət etmişdi. O, özü kolbasadan zəhərləndiyini desə də yoldaşı qadının dərman ataraq zəhərləndiyini bildirmişdi. Xəstəxanamızdan da müalicəni yarımçıq qoyub qaçmışdı. Hətta onun arxasınca polis də göndərmişdik. Ötən gecə isə ananın ağrıları tutub. O, hamiləliyin 31-32-ci həftəliyində olub. Xəstəxanaya gələrkən artıq doğuşa hazır idi. Dərhal doğuş həyata keçirildi". 

Baş həkimin sözlərinə görə, hazırda uşağın müalicəsi üçün xəstəxanada kifayət qədər şərait var, amma lazım gələrsə, o, Bakıdakı xəstəxanaya göndəriləcək.

Körpələr dünyaya 1,500 və 1,300 kq çəki ilə gəliblər.

İki uşaq anası olan A.Qocayevanın həyat yoldaşı Tural İlyasov da yoldaşının 2 həftə əvvəl zəhərləndiyini təsdiqləyib. Lakin o, zəhərlənməyə səbəbin kolbasa olduğunu deyib. "Müalicə etdirdik və 3 gün xəstəxanada qaldıqdan sonra onu evə buraxdılar. Amma hər 3 gündənbir həkimə zəng vururdum ki, yoldaşım ağrıyır, normal müalicə yazın. Heç nə yazılmırdı".

Atanın sözlərinə görə, doğuş normal keçib və həkimlər ona hər iki uşağın sağ olduğunu deyiblər. O, körpənin ölümündə həkim səhlənkarlığının olduğunu bildirib. "Məndən 200 manat istədilər. Dedim ki, indi üstümdə yoxdur, qayınanam işdən gəlsin, gətirəcək. Amma həkimlər üz-gözlərini turşutdular və bir azdan dedilər ki, oğlun ölüb". 

T.İlyasov xəstəxana həkimlərinin kobud rəftarından da şikayət edib. 

Bu, Aysel Qocayevanın üçüncü hamiləliyi olub. Qadının digər iki hamiləliyi və doğuşları normal keçib. 
Saat 12:00

Ötən gün Bərdə Mərkəzi Rayon Xəstəxanasının doğum evində uşaq ölümü qeydə alınıb. 1994-cü il təvəllüdlü Aysel İlham qızı Qocayeva erkən doğuş diaqnozu ilə doğum şöbəsinə yerləşdirilib.
Azərbaycanda yeni doğulan əkizlərdən biri öldü


Qadının anası Şəhla Qocayevanın ucarliyiq.biz-ə verdiyi məlumata görə, qızının hamiləliyinin 7 ayının tamamlanmasına sayılı günlər qalmışdı. Lakin vaxtından öncə sancıları tutduğu üçün xəstəxanaya aparılıb. Gənc qadının əkiz övladı doğulub. Onlardan biri qız, digəri isə oğlan olub. Lakin körplərdən biri - oğlan ölüb. Digərinin vəziyyəti isə ağırdır.

"Qızımın ağrıları 10 gün öncə başlamışdı. Həkim körpələri dünyaya gətirəcəyini boynuna götürmüş, bizə söz vermişdi. Heç olmasa deyərdi ki, vəziyyəti ağırdır, Şəki və ya Bakıya aparın".

Ş.Qocayeva körpələrdən digərinin də vəziyyətinin olduqca ağır olduğunu deyib. 

Həkimlər isə ölüm faktını erkən doğuşla əlaqələndiriblər. 
Xatırladaq ki, bənzər hadisə ötən ay Salyanda da qeydə alınıb. Salyanda doğulan üçəmlərdən ikisi rayon xəstəxanasında dünyasını dəyişib.

Salyan şəhər sakini Abdullayeva Mirzabitə İlham qızı iyunun 21-də Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində 3 oğlan uşağı dünyaya gətirib. Doğuşdan sonra üçəmlərdən ikisi ölüb.

Valideynləri doğuşdan sonra küvezə yerləşdirilən körpələrin ölümünü elektrik enerjisinin kəsilməsi, yaranan oksigen çatışmazlığı ilə əlaqələndiriblər. Salyan Mərkəzi Rayon Xəstəxanasından isə uşaqların ölümünün elektrik enerjisinin kəsilməsi ilə əlaqəsi olmadığı açıqlanıb.

Körpələrdən biri isə Bakıya gətirilib. Lakin həkimlərin bütün müdaxiləsinə baxmayaraq o da keçinib.