» » » Prezident Şirvandakı partlayışla bağlı sərəncam imzaladı

Prezident Şirvandakı partlayışla bağlı sərəncam imzaladı

Prezident Şirvandakı partlayışla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda baş vermiş partlayışla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

2016-cı il iyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz" zavodunda partlayış baş verib, nəticədə yaralananlar var.

Dövlətimizin başçısı baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə qərara alıb ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz" zavodunda baş vermiş partlayışla əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:

Komissiyanın sədri

Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri:

Yavər Camalov – Azərbaycan Respublikasının müdafiə sənayesi naziri

Zakir Həsənov – Azərbaycan Respublikasının müdafiə naziri

Zakir Qaralov – Azərbaycan Respublikasının Baş prokuroru

Mədət Quliyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Vilayət Eyvazov – Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini

Səlim Müslümov – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Faiq Tağı-zadə – Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Abbas Vəlibəyov – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Mərdan Camalov – Şirvan şəhəri icra hakimiyyətinin başçısı

Dövlət Komissiyası:

- hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirsin və həyata keçirsin;

- hadisə nəticəsində xəsarət alanların müalicəsini və onlara digər zəruri yardım göstərilməsini təmin etsin;

- görülmüş işlər haqqında Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Baş Prokurorluğa Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş hadisə ilə əlaqədar istintaq tədbirlərini həyata keçirmək tapşırılıb.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.