» » » Bacısının əri tərəfindən zorlandı.. - Xaçmazda rəzalət

Bacısının əri tərəfindən zorlandı.. - Xaçmazda rəzalət

Bacısının əri tərəfindən zorlandı.. - Xaçmazda rəzalət

Adını unutduğum yazıçılardan hansısa deyib ki, hər insan bir romandır. Dəfələrlə gördüyümüz, hər dəfəsində dilucu salamlaşıb yanından keçdiyimiz adamların kim olduğunu, hardan gəlib hara getdiyini bilmirik. Onların bizim həyatımıza taleyin hansı oyunu ilə atıldığının fərqinə varmırıq.

Orxan Pamuk "romançılıq nədir?" sualına belə cavab verir: "Romançılıq öz hekayətini başqasının hekayətiymiş kimi, başqasının hekayətini öz hekayətinmiş kimi yazmaqdır".

Biz bu rubrikamızda nə vaxtsa tanıdığımız, dostlaşdığımız, başına gələnləri bizə danışan adamların taleyini yazmaq, oxucularımızla paylaşmaq istəyirik. Danışmaq, dərdini kiminləsə bölüşmək insanı sakitləşdirir. Əgər siz də yaşadıqlarınızı paylaşmaq, sakitləşmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın. Unutmayın: dərdləşmək təskinlikdir!

Rubrikamızın birinci qonağı universitet tələbəsidir. İkinci kursda oxuyur. Tərgül adlı bu qızın 18 yaşı var. Tərgül xahiş elədi ki, onun əhvalatını öz dilindən yazaq.

Xaçmazda doğulmuşam. Evdə iki bacı olmuşuq. Atam da, anam da həkimdir. Böyük bacımın davalı-şavalı bir evlilik tarixçəsi var. Ailəmiz onu sevdiyi oğlana vermək istəmirdi. Bacım isə "ondan başqasına getmərəm", - deyirdi. Evimizdəki davalar indi də yadımdan çıxmayıb. O vaxt rayonda danışırdılar ki, bacımın sevdiyi oğlan içki içən, qumar oynayan, səfil həyat keçirən biridir. Anamın iş yoldaşları, rəfiqələri tez-tez bizə gəlir gizli-gizli danışırdılar: "Filan yerdə içib dava salıb", "Anasının qızılını oğurlayıb qumara qoyub", "Filankəsin qızını aldadıb yoldan çıxarıb", "Əşi, onun anası da heç düz-əməlli yuvanın quşu deyil"... Həmişə o arvadlar gedəndən sonra anam başına dəsmal bağlayar, təzyiqi qalxar, böyük bacıma qarğış eləyərdi. Bacım isə ağlayıb-sıtqayır, "varsa da odur, yoxsa da o", - deyib dururdu. Atam əvvəl-əvvəl qızı ilə arasındakı pərdəni götürmək istəməsə də, sonralar vəziyyətin ciddiləşdiyini görüb işə qarışdı, əvvəl bacımı şirin dilə tutub yola gətirmək istədi, gördü alınmır, keçdi şillə-təpiyə. Atam bacımın saçını əlinə dolayıb sürüyür: "O oğlana getməyəcəksən", - deyirdi. Artıq bizim evdə bütün pərdələr aradan götürülmüş, ata-qız, ana-qız arasındakı münasibətin müqəddəsliyindən əsər- əlamət qalmamışdı. Mən elə bilirdim ki, bacım tab gətirməyəcək, evdəkilərin təzyiqinə dözməyib, o oğlana getməkdən imtina edəcək. Amma faydası olmadı. Nə atamın davaları, nə anamın tez-tez kəlləçarxa qalxan təzyiqi heç bir kömək olmadı. Bacım oturub-durub gözünün yaşını axıdıb deyirdi: "Ya ona getməliyəm, yə qəbirə!"

Bütün rayon bacımın sevdiyi oğlana görə ailəsini ayaqlamağından danışırdı. Məktəbdə özümü narahat hiss edirdim. Sinif yoldaşlarım, müəllimlərim tez-tez mənə bu məsələ ilə bağlı suallar verirdilər. Bu suallar məni boğurdu. Hamıdan qaçmaq, öz balaca dünyamla baş-başa qalmaq istəyirdim. Uzun-uzadı əzablı günlərdən sonra axır ki, bizimkilər razılıq verdilər: "Elçiləri göndərsinlər". Anam oturub-durub bacıma deyirdi: "Get, amma biz xeyir-dua vermirik". Nə qədər uşaq olsam da, bu cümlənin çox ağır olduğunun fərqinə varırdım: "Get, amma biz xeyir-dua vermirik". Bacımın elçiliyi belə yadımdadır: araya gərgin bir sükut çökmüşdü. Bizimkilər qız tərəfin adamlarına düşmən kimi baxırdılar. Dilucu razılıq veriləndən sonra oğlan tərəfin adamları çıxıb getdilər. Anam qudalarını yola salmaq üçün qapının ağzına da çıxmadı. Evin qapısını onların arxasınca bağlayan kimi ağlamağa, bacıma qarğış eləməyə başladı: "Belin qırılsın, gör bizi kimlərə urcah elədin, gör bizi kimlərə tay tutdun? Ay Allah, mənim qudamın geyindiyi dona bax. Ay Allah, mənim qızımın qaynatısının qızıl dişlərinə bax. Belin qırılsın ay qızım, belin qırılsın". Belə xoşbəxtlikmi olardı? Belə ərə gedən qız düz-əməlli ailə sahibimi olardı? Bacıma görə çox qorxurdum, amma həm də ona qəzəbli idim. Anama gələn təcili yardımlar, atamın dərman qutuları... Həkim ailəsi olsaq da, bizimkilər gündən-gündə müvazinətini itirir, xəstəlik üstünə xəstəlik tapırdılar.

Axır ki, uzun zülm-zillətdən, dava-şavadan, söyüş-qarğışdan sonra bacım ərə gedəsi oldu. Atam, anam toyda iştirak etsələr də, gözlərindən əzab yağırdı. Mikrofona xeyir dua versələr də, ürəklərindən qara qanlar axırdı...

Evlənəndən sonra bacım ər evinə köçdü. Əvvəl-əvvəl bizə tez-tez gəlirdi. Atama, anama yaltaqlanır, mənə hədiyyələr gətirirdi. Sonralar onun ayağı ata evindən kəsildi. Evdə danışılan söhbətlərdən belə başa düşürdüm ki, onu bizə gəlməyə əri qoymur. Anam atamdan və məndən nə qədər gizlətməyə çalışsa da, evə gələn qohum-əqrəbanın, rəfiqələrin danışdıqlarından gizlicə duyurdum ki, bacımın əri onu döyür, söyür, incidir. Anam gizli-gizli qızına görə ağlayır, onu gah söyür, gah da oxşayırdı: "Yazıq balam, anan ölsün, caduyla-pitiylə yoldan çıxartdılar səni, yad oğlu ağlını başından aldı sənin".

Bir gün axşam vaxtı həyət qapımız döyüldü. Gələn bacım idi. Bütün bədəni, titrəyirdi, saçları bir-birinə qarışmışdı, gözləri yaşlı qarşımızda dayanmışdı. Ağlaya-ağlaya hər şeyi etiraf edirdi: "Yaşaya bilmirəm, hər gün döyür, hər gün söyür məni", - dedi və atamın ayaqlarına qapandı. Bağışlanmağını istədi. Həmin gün atam bacımın ərinə zəng elədi. O həyatında ilk dəfə idi ki, bizim yanımızda söyüş söyürdü. Təzyiqi qalxdı. Anama yazığım gəlirdi. Ancaq onlar bacıma güldən ağır söz demədilər. Onsuz da o yazığa olan olmuşdu.

Bir-iki həftədən sonra bacım yavaş-yavaş özünə gəlməyə başladı. O bizimlə bir yerdə yaşayırdı və bu atamı da, anamı da, məni də rahatladırdı, ən azından bilirdik ki, söyüş, yumruq altında yaşamır. Manyakın biriylə bir yastığa baş qoymur. O adamı artıq sevmədiyini, unutduğunu bundan sonra bizimlə birlikdə yaşayacağını düşünürdük...

Bir gün dərsdən gəlib, anamı ağlayan, atamı evdə gəzişə-gəzişə "mənim o adda qızım yoxdur, bizi ayaqladı, bizi o gədənin ayağına verdi", - deyən gördüm. Olan olmuşdu. Bacım onun arxasınca gəlib üzr istəyən, min dil tökən ərinə inanıb təzədən onunla bir yerdə ər evinə qayıtmışdı. Bu hadisə atamı sındırdı. Kişi özünü təhqir olunmuş hiss eləyirdi. Axı o dostlarına "qızımı bir də o küçədə qalmışlara vermərəm", - demişdi. Atam bizə bacımla danışmağı qəti qadağan eləmişdi. Biz o adda adam tanımamalı idik. Bacımın ər evinə qayıtmağından təxminən bir ay keçmişdi. Bir gün yenə axşam vaxtı eyni ssenari təkrarlandı. Bacım yenə ağlaya-ağlaya qapımızı döydü. Bu dəfə hər şeyin bitmiş olduğunu, daha onunla bir evdə yaşaya bilməyəcəyini dedi. Atam ona nə qədər qəzəbli olsa da, qızının göz yaşları qarşısında dayana bilmədi. Biz onu yenidən qəbul elədik. Bir neçə aydan sonra əri gəlsə də, bacım ondan imtina elədi, atam-anam onu söyüb evdən qovdu. Bacım bu müddətdə hamilə də qalmamışdı. Evdə gizli-gizli danışılanlardan onun ərinin narkoman olduğu və başqa qadınlarla görüşdüyü, yaşadığı deyilirdi. Əri bacıma xəyanət edirmiş.

Bir-iki ay keçdi, atamın bütün hirsi soyumuş, əvəzində onda mərhəmət duyğuları oyanmışdı. O indi bacımın ər evindən gətirdiyi fiziki və psixoloji yaraların müalicəsi ilə məşğul olurdu. Yavaş-yavaş hər şey qaydasına düşürdü, bu arada mən artıq böyüyürdüm, qadınlığın nə olduğunun fərqinə varırdım. Məktəbdə bir sinifdə oxuduğum oğlanla aramızda sevgiyə bənzər münasibətlər yaranmağa başlayırdı. İlk məhəbbətin, ilk öpüşün dadını, həyəcanını yaşayırdım.

Bir dəfə dərsdən evə gəlmişdim. Atam da, anam da işdə idi. Bacım isə atamın işlədiyi xəstəxanaya müayinədən keçməyə getmişdi. Evdə televizorun qabağını kəsdirmişdim. Həmişə açıq olan həyət darvazamız açılanda fikir vermədim, dedim, yəqin bacımdır, həkimdən qayıdıb. Evimizin qapısı döyüləndə isə təəccübləndim. Bacım qapını niyə döysün ki? Deməli, nəsə, başqa adamdır. Evin qapısı bağlı deyildi və mən gedib qapını açana kimi qapının arxasındakı adam özü qapını açdı. Bacımın əri qapının ağzında, mənim qarşımda dayanmışdı! Nə edəcəyimi bilmirdim, boğazım qurumuşdu, əlim-ayağım əsirdi. Əlimdə imkan olsaydı, onu doğrayardım. Dəvət gözləmədən içəri keçib divanda oturdu və ayağını ayağının üstə aşırdı. Eləcə, ayaq üstə donub qalmışdım, nifrətlə baxırdım ona. Gözləri qıpqırmızı qızarmışdı. Tez-tez burnunu çəkir, üz-gözünü qaşıyırdı. "Kayfda" olduğu bilinirdi. Məni yanına çağırdı, "gəl otur, söhbət eləyək" dedi. "Mən səni çox istəyirəm. Sən yaxşı qızsan". Həm əsəbi idim, həm də qorxmuşdum. Birdən ayağa qalxıb əlimdən tutdu. Elə bil dilim kilidlənmişdi. Heç nə deyə bilmirdim. Əlimi onun əlindən çəkib çıxarmaq istəsəm də, bacara bilmədim, məni özünə tərəf çəkdi və dodaqlarımdan öpdü. Nə gizlədim? Bu, dəhşətli hiss idi, bacımın keçmiş əri məni öpüşlərə qərq edirdi. Və mən heç nə eləyə bilmirdim. Onun əlindən xilas ola bilmirdim. Nə gizlədim? Əvvəl bir az ehtirasa gəldim. Bu bir az da xoşuma gəldi, ancaq özünü ələ almaq və xilas olmaq lazım idi. Mən ailəmizin düşməninin qolları arasında idim. Var qüvvəmlə onun əlindən xilas olmaq, canımı qurtarmaq istəyirdim, amma bir şey alınmırdı. Mən müqavimət göstərdikcə o daha çox öpür, daha çox özünə sıxırdı. Xilas ola bilmirdim. Sonra o, məni qucağına aldı və divanın üstünə atdı, özü də üstümə uzandı... Şalvarının qabağını açmağı yadımadır. Elə bil məni paltar kimi ütüləyirdilər. İndi o məqam gözümün qabağına gələndə halım pisləşir. Əlim-ayağım əsir. Şalvarının qabağını bağladı. Köynəyini tez əyninə keçirib: "Get yuyun, qorxma, ərə gedəndə, səni Bakıya aparıb tikdirərik, - dedi, kiməsə bir şey desən, səni alan olmayacaq, bədbəxt olacaqsan".

Sonra çıxıb getdi, əlimi üzümə tutub ağlayırdım. Özüm-özümdən iyrənirdim.

Həmin gün anamgil gec gəlib çıxdılar. Atam da növbətçi idi. Axşamdan yorğanı başıma çəkdim. Evdəkilər gələndə "başım ağrıyır, bu gün tez yatacağam", - dedim. Hava işıqlaşana kimi ağladım.

Məktəbdə məni sevən oğlana dərdimi açıb deyə bilməzdim. Bilirdim ki, məni almaq fikrindən daşınacaq və camaat bu səbəbsiz ayrılığın niyə olduğunu soruşanda məcbur olub səbəbi deyəcək. Başqa yolum yox idi. Tədricən onu özümdən soyutdum. Bir gün "artıq səni sevmirəm", - dedim və ayrıldım. Yazıq oğlan indi də o ayrılığın səbəbini bilmir.

Sonra universitetə qəbul oldum. Bakıya gəldim. Xəyallarım, arzularım var idi. Vurulan yaraları sağaltmaq, öz ayaqlarım üstündə durmaq istəyirdim. Bakıdakı insanların, əyalətdəkilərdən fərqli, daha geniş dünya görüşlü olacağını düşünürdüm. O dövrdə "bakirəlik mənim üçün önəmli deyil", - deyən bir oğlanla görüşməyə başladım. Davamlı onların evində görüşür, sevişirdik. Bu mənim öz istəyimlə yatağına girdiyim ilk kişi idi. Bir dəfə o mənə bəkarətimi harda itirdiyimi soruşdu. Bütün olanları danışdım. İndi hər şey aydın idi ona. Sevişməyə başlayanda niyə ayaqlarımı bir-birinə sıxdığımı anlamışdı. Bu psixi zədənin səbəblərini açıb tökmüşdüm ona. Məni bərk-bərk qucaqladı və "səni heç zaman tərk atmayacağam", - dedi. İndi də həmin oğlanla görüşürəm, münasibətlərimiz qalır. Evdən də ilişkimizi bilirlər. Hamı evlənmək məsələsini tələsdirməyimizi istəyir. Hər dəfə evlənməkdən söz düşəndə sevdiyim oğlan narahat olur. Artıq başa düşürəm, məni nə qədər sevsə də, bakirə olmayan bir qızla evlənmək onun üçün çətindir. Yaşım keçir, evdəkilər də məni tələsdirir. Nə edəcəyimi bilmirəm, sevgilimdən ayrılıb, başqa birinə getmək, toy günü gözəllik salonunun arxa otaqlarında pulla tutulmuş bir genekoloq tərəfindən tikilmək və ərə getmək... Bu, mənim üçün həddən artıq iyrənc bir şey olardı. Özümü təhqir olunmuş sayaram onda. Bəs neyləməli? Bütün olanları açıb danışmaq? Yox, bu, ola bilməz, atam yazıqdır! Ürəyi həmin dəqiqə dayanar! Çıxılmaz vəziyyətdəyəm, nə edəcəyimi bilmirəm. Mənə bir yol göstərin... /publika/