» » » Kəlbəcərli girovların vəziyyəti BQXK rəsmisi ilə müzakirə edilib

Kəlbəcərli girovların vəziyyəti BQXK rəsmisi ilə müzakirə edilib

Kəlbəcərli girovların vəziyyəti BQXK rəsmisi ilə müzakirə edilib

Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov avqustun 3-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elena Aymone Sesseranı qəbul edib. 

ucarliyiq.biz xəbər verir ki, bunu APA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, baş nazirin müavini münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həyata keçirilmiş humanitar proqramları yüksək qiymətləndirib və Azərbaycan prezidenti tərəfindən ölkədə olan bütün beynəlxalq təşkilatların azad və şəffaf fəaliyyət göstərməsi üçün hər cür şərait yaradıldığını diqqətə çatdırıb.

Elena Aymone Sessera ölkəmizdə fəaliyyətə başladığı zaman aprel hadisələri zamanı təmas xəttində baş vermiş hadisələrlə bağlı çox gərgin işlədiklərini bildirib.

Baş nazirin müavini qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələ ilə məşğul olurlar, ancaq onların fəaliyyətinin hələki heç bir nəticəsi yoxdur. 

Ə. Həsənov əlavə edib ki, aprel ayında ermənilərin Ağdam, Tərtər və Ağcabədi rayonlarının yaşayış məntəqələrini, mülki əhalini atəşə tutması nəticəsində 17 nəfər məcburi köçkün şəhid olub, ümumilikdə götürdükdə məcburi köçkünlərin məskunlaşdıqları 452 mənzilə ziyan dəyib, onlardan 15-i tamamilə, 437-si qismən dağıdılıb, 311 iri və xırdabuynuzlu mal-qara tələf edilib.

Baş nazirin müavini ermənilərin təxribatçı hücumları nəticəsində zərərçəkmiş bütün evlərin Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə əvvəlkindən də yaxşı səviyyədə bərpa edildiyini və bütün bu işlərin qısa müddətdə başa çatdırılacağını deyib: “Bundan başqa məcburi köçkünlərə dəymiş maddi ziyan hamısı hesablanıb. Onların hər birinə bankda hesab açılıb və bu vəsait onların şəxsi hesabına köçürülüb”.

Elena Aymone Sessera bildirib ki, aprel hadisələri zamanı artilleriya silahlarından istifadə edilməsi nəticəsində mülki əhaliyə böyük ziyan dəyib.

O əlavə edib ki, eyni zamanda əkin sahələrinə düşmüş mərmilərin partlamaması sonradan insanlar üçün böyük problemlər yaradıb. Elena Aymone Sessera qeyd edib ki, həm əvvəllər, həm də son hadisələr zamanı cəbhəyanı zonalarda yaşayan mülki əhali arasında yaranmış stressləri aradan qaldırmaq üçün bəzi layihələr müzakirə edilir.

Qəbulda Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz doğma yurdlarını və ata-analarının məzarını ziyarət edərkən ermənilər tərəfindən girov götürülmüş, sonra isə separatçı «Dağlıq Qarabağ» rejiminin «məhkəməsinin qərarı ilə» barələrində «hökm» çıxarılmış azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevlə və onların bugünkü durumları ilə bağlı fikir mübadiləsi aparılıb.

Ə. Həsənov eyni zamanda bildirib ki, bu məsələ ilk gündən prezident İlham Əliyevin daimi nəzarətindədir: 

“Cənab prezidentin tapşırığı ilə hər iki vətəndaşımızın girovluqdan azad edilməsi məsələsini Cenevrədə səfərdə olarkən Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti ilə müzakirə etmişəm. Mən Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentindən xahiş etdim ki, heç olmasa Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri ilə müasir kommunikasiya imkanlarından istifadə edilməklə birbaşa təmas qura bilməsi üçün köməklik göstərilməsini təşkil etsinlər. O da söz verdi ki, bu işlə məşğul olacaqlar. Lakin hələ də bir nəticə yoxdur”.