» » » Bakıda DƏHŞƏTLİ HADİSƏ: "İnternat müəllimimiz o gecə məni - 13 yaşlı uşağı dörd dəfə zorladı".

Bakıda DƏHŞƏTLİ HADİSƏ: "İnternat müəllimimiz o gecə məni - 13 yaşlı uşağı dörd dəfə zorladı".

Bakıda DƏHŞƏTLİ HADİSƏ: "İnternat müəllimimiz o gecə məni - 13 yaşlı uşağı dörd dəfə zorladı".

Onunla sosial işçi kimi əməkdaşlıq etdiyim sığınacaqda tanış olmuşdum. Dünyanın ən xoşniyyətli adamı olsanız belə, ona gözəl deyə bilməzdiniz. Gözəl deyildi, qadın kimi çəkiciliyi yox idi. Qısa əl-ayağı onun ümumi görünüşünü bir az da əzik-üzük edirdi. Kənardan siluetinə baxan hamilə olduğunu düşünərdi. Qarnının şişkinliyi ilə bədəni, boy-buxunu heç cür yaxın düşmürdü. Sığınacaqdakılarla var gücü ilə dil tapmağa, başqalarının da işini görməyə çalışırdı. Təbiət ona qadınlığın qırağını göstərib geri almışdı. Dinib danışmasa belə, ətrafındakı hamı qıcıqlanırdı.

Esmira ilə 15 dəqiqəlik söhbətdən aydın olurdu ki, körpəliyi uşaq evində keçən qızcığaz sonralar da ailə, ev mühiti görməyib. Danışığındakı jarqonların sayı, istər-istəməz ağzından çıxan söyüşlər Esmiranı ara-sıra utandırsa da, çox vaxt ətrafdan hansı münasibətə tuş gəldiyinin fərqinə varmırdı.

Dağılan ailə, körpələr evi

Valideynlərinin hansı səbəbdən boşandığını xatırlamır. Ancaq anasının onun səkkiz yaşı olanda əlindən tutub uşaq evinə gətirdiyini, arxasınca yalvarsa da, dönüb geri baxmadığını, günlərlə ağladığını, elə bu səbəbdən də tərbiyəçi və uşaqlara döyüldüyünü yaxşı xatırlayır. Bacı-qardaşları ondan böyük olduğu üçün bu illər ərzində onların izini itirir.

Uşaq evində Esmiranın qara günləri başlayır. Özündən böyüklərin şillə-təpiyi, yemək çatışmazlığı, internatın soyuq divarları körpənin həyatında ilk sözünü deyir. Çox keçmir ki, Esmira sarılıq xəstəliyinə yoluxur. İndi xatırlayanda sarılıq xəstəliyini iyrəndiyinə görə tutduğunu deyir: "Bizdən böyük uşaqlar tualetə getdikdən sonra onların batırdığı yerləri biz təmizləməli olurduq. Bu, bir qayda idi. Etməlisən. Yox, əgər ağlına gəlsə ki, şikayət edib müəllimlərə bir söz deyəsən, həm müəllimlər, həm də uşaqlar səni döyərdi. Tualet təmizləmək səkkiz yaşında uşaq üçün asan başa gəlmirdi.

İnternatda xlor maddəsindən başqa heç bir təmizlik vasitəsi olmur. Əskini xlora batırıb tualeti, yerləri təmizləyirdik. Bir dəfə necə oldusa, yaş yerdə ayağım səndələdi. Nəcis, sidik dolu yerə sərildim. Üz-gözüm, paltarlarım batmışdı. Əfruz adlı müəllimimiz məni sürüyə-sürüyə buz kimi suyun altına atdı. Bir saatdan çox fevral ayında soyuq su başıma vurdu. Həmin hadisədən bir həftə keçməmiş əllərim, göz bəbəklərim saraldı. Qara ciyərim şişmişdi. Olanları heç kimə danışa bilmədim. Müalicədən sonra həyatım yenidən əvvəlki vəziyyətinə qayıtdı. Yenə söyüşlər, un horrası, bir baş soğan, tualet təmizliyi, şillə-təpik... Bunların hamısına getdikcə alışırdım. Üzüm bərkimişdi. Özümü müdafiə edə bilməsəm də, etiraz etməyin nə ilə qurtaracağını yaxşı bilirdim".

Esmira başına gələnləri danışanda ona qulaq asanlar göz yaşına boğulurdu. O isə sanki, başqasının faciəsini və ya baxdığı filmi danışırdı. Heç elə bil həmin əzabları o yaşamamışdı.

"13 yaşım yeni tamam olmuşdu. Yaya az qalırdı. Evləri olanlar, aradabir evinə gedən uşaqlar internatdan bir müddətlik də olsa, getmişdi. İnternatda məndən başqa ancaq təzə gələn uşaqlar var idi. Onlar da məndən kiçik olduqları üçün qorxub yaxına gəlmirdilər. Tətil başlayandan otağa qapanmışdım. Eyni kitabları oxumaqdan əzbərləmişdim. Otaqdan çıxmamağımın yeganə səbəbi uşaqların tətildə olması deyildi. Uzun müddət idi ki, Sabir adlı müəllimimiz mənə gün vermirdi. Yeməkxanada, həyətdə, otaqda harada təkləsə məni divara sıxışdırırdı. Çox vaxt nə etdiyini uşaq ağlım ilə anlamasam da, yeni çıxmış döşlərimi elə sıxırdı ki, gözümdən yaş tökülürdü. Buna baxmayaraq səsimi çıxara bilmirdim. Qorxurdum, nə edə biləcəyini tam anlamasam da, onun mənə pislik edəcəyini hiss edirdim.

Axşam tərəfi idi. Yenə də otağa qapanmışdım. İsti, ağcaqanadın çoxluğu nəfəsimi kəsirdi. Yenə də qapını açıb koridora çıxmağa cəsarətim çatmırdı. Aradabir Sabir müəllimin ayaq səslərini eşidirdim. Qapıya yaxınlaşır, hənirtisini qapıya verib asta səslə məni çağırırdı. Hər dəfə də onun mənə baxıb irişə-irişə gülməyi, ora-buramı dartışdırmağı yadıma düşəndə ürəyim bulanırdı. O, çağırdıqca özümü eşitməzliyə vururdum.

Gecə yarıdan keçirdi. Sığınacaqda əl-ayaq yığılmışdı. Arxayın olub yuxuya getdim. Nə qədər yatmağımdan xəbərim yoxdur. Öz xırıltıma ayıldım. Gözümü açanda Sabirin bir dizi qarnımın üstündə, bir əli isə boğazımda idi. Ağzımı yummağa çalışırdı. Qışqırmaq istəsəm də, alınmırdı. Göz qırpımında məni yatağa bağladı. Ağzıma isə hər gecə yatanda belimə sarıdığım yun şalı soxmuşdu. Gözlərim hədəqəsindən çıxırdı. Üst-başımı çoxdan soyundurmuşdu. İnternat müəllimimiz Sabir o gecə məni - 13 yaşlı uşağı dörd dəfə zorladı".

Esmira, bəlkə də, düşünürdü ki, o gecə həyatının ən dəhşətli gecəsidir. Ancaq yanılmışdı: "Solmaz adlı yaşlı müəlliməyə başıma gələnləri dedim. Xəbər qısa müddətdə internata yayıldı. Mən əvvəlki adam deyildim, qadın idim. Həm də ləkələnmişindən. Xəbər yayılan kimi Sabir internatdan yoxa çıxdı. Onu tapa bilmirdilər. Nə vaxtsa üzləşsəydik, onun üzünə dura biləcəyimə də arxayın deyildim. Solmaz müəlliməni isə çox keçmədi ki, işdən uzaqlaşdırdılar. İnternatımızın müdiri deyirdi ki, Solmaz müəllimə ştat yerinə görə şər atır. Bircə nəfər də olsun, nə müdir, nə həkimlər fikrimi soruşmadı. Sabir bir ay sonra geri qayıtdı. Qara günlərim yenidən başladı. Səssiz, ins-cins olmayan hər küncdə zorlamalar davam edirdi. Bu dəfə daha arxayın idi..."

Esmira iki ay yarım sonra başa düşür ki, vəziyyəti əvvəlki kimi deyil. Daha internatın həyətində işləyə bilmir, yemək olmayan kimi huşunu itirir, hər addımbaşı qusur. İki uşaq atası Sabir isə onun vəziyyətini anlayır. Esmira hamilə idi. Bu isə Sabirə böyük problem ola bilərdi. Sabir duyuq düşdükdən iki gün sonra səhərin erkən saatlarında Esmiranı internatdan 50-60 metr uzaqlıqda bir əraziyə çağırır. Son dəfə nə zaman aybaşı olduğunu soruşur. Esmira son tarixi deyən kimi Sabirin ilk işi Esmiranın balaca çiyinlərindən yuxarı qaldırıb daşlığa çırpmaq olur:

"Heç nə başa düşmədim. Çiyinlərimdən tutub yuxarı qaldırdı. Sonra bərk ağrı hiss etdim. Məni yerə çırpdı. Gözümü açanda reanimasiyada idim. İki həftəyə yaxın dünyadan xəbərsiz reanimasiyada qalmışdım. Burada eşitdim ki, Sabiri tutublar. Üç maddə ilə cinayət işi açılsa da, ölkədən qaça bilib. Mən isə əbədiyyən qadın, ana olmaq xoşbəxtliyimi itirmişdim. Orqanlarımın çoxu parçalandığı üçün bəziləri əməliyyat olunmuş, bəziləri tamamilə çıxarılmışdı. Bir ay tamam olduqdan sonra mən xəstəxanadan çıxdım. Bir daha da internata qayıtmadım. Məndən yaşca böyük internat rəfiqəmin ünvanını xatırlamağa çalışdım. Birtəhər evi tapdım. Onlar üç qız idi, üçü də internatdan. Bütün günü yatıb gecələr barda işləyənlərdən. Çox keçmədi ki, mən də onlara qoşuldum. Altı ilə yaxındır ki, gecə həyatı yaşayıram. Bar, hər gün başqa kişilər. Bütün bunlar kimin günahı idi? Bilmirəm..."

Esmira ilə tanışlığımdan xeyli vaxt keçir. O, zorakılıqla üzləşdiyi üçün sığınacağa yerləşdirilmişdi. İnternatda başına gələnlərlə müqayisədə bardakı zorakılıq yaşamayana, bəlkə də, adi görünür. İndi şikayət etmir. Hər şeyə bir cavabı var: "Mənimki də belə gətirdi"./femida.az/