» » » Binəqədidə yanan bina ilə bağlı MƏHKƏMƏ: iki nəfər...

Binəqədidə yanan bina ilə bağlı MƏHKƏMƏ: iki nəfər...

Binəqədidə yanan bina ilə bağlı MƏHKƏMƏ: iki nəfər...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təasirləndirilən şəxs, Binəqədi rayon icra başçısının sabiq birinci müavini Qəzənfər Novruzov barəsində təyin edilən tibbi ekspertizanın rəyi açıqlanıb.

Q.Novrozuvun səhhəti ilə bağlı verilən rəydə qeyd olunub ki, onda qaraciyərin hepatit C virus mənşəli sirrozu, şəkərli diabet, arterial hipertenziya, xroniki xolesistit, xroniki prostatik xəstəlikləri müəyyən edilib: "Bu xəstəliklər ağır kliniki gedişə malikdir və xəstənin müalicəyə ehtiyacı var. Adekvat müalicələr davam etdirilmədiyi təqdirdə, qeyd olunan xəstəliklər kəskinləşərək arzuolunmaz sonluqla nəticələnə bilər".

Dövlət ittihamçısı bildirib ki, Q.Novruzovun xəstəlikləri onun barəsində cinayət işinin icraatının dayandırılması üçün qanunvericilikdə müəyyən olunan ağır xəstəliklər siyahısına daxil deyil: "Buna görə də həbs-qəti imkan tədbirinin dəyişdirilməsinə ehtiyac yoxdur".

Təqsirləndirilən şəxs Uğur Bəşirovun vəkili Cavid Rzazadə məhkəməyə təqdim etdiyi yanan binanın görüntüsünü əks etdirən 52 foto barəsində ekspertiza təyin olunması ilə bağlı ötən prosesdə verdiyi və baxılmamış saxlanılan vəsatəti təkrar qaldırıb. Hakim bu barədə qərar çıxarıldığı üçün vəsatətin yenidən müzakirə edilməyəcəyini bildirib.

Sonra təqsirləndirilən şəxs Miryusif Mahmudov ifadə verib.

Prosesdə təqsirləndirilənlərdən biri, "Dərnəgül Boru Zavodu" QSC-nin laboratoriya müdiri Ağacavad Məmmədovun səhhəti pisləşdiyi üçün təcili tibbi yardım çağırılıb. Q.Novruzovun da səhhəti pisləşdiyi üçün fasilə elan olunub.

Proses günün ikinci yarısında davam etdiriləcək.