» » » "Xəzər Rayon Polis İdarəsi oğlumu döyənləri tapmır" – YAP-çı gəncin atası

"Xəzər Rayon Polis İdarəsi oğlumu döyənləri tapmır" – YAP-çı gəncin atası

"Xəzər Rayon Polis İdarəsi oğlumu döyənləri tapmır" – YAP-çı gəncin atası

"Şənbə günü saat 11:00-dan 13:00-a qədər gözlədim. Dedilər rəis saat 4-də qbul edəcək. Həmin saatda gəldim rəisin qəbul günü olmasına baxmayaraq qəbul etmədi".

Bu fikirləri Unikal.org-a oğlu döyülərək xəsarətlər alan Həziyev Rəsul Turab oğlu deyib. Vətəndaş bildirib ki, oğlu Elnur 3 ay əvvəl "Xəzri" kafesində 3 nəfər şəxs tərəfindən döyülüb və aldığı xəsarətlərdən bir neçə dəfə əməliyyat olunub.

Onun sözlərinə görə, bu müddət ərzində polis oğlunu döyüb xəsarət yetirən şəxsləri tapmır:

"Bu ilin iyul ayının 18-də oğlum Elnur dostu ilə birgə dəniz kənarında "Xəzri" kafesində istirahət edən zaman yaxınlıqdakı stolda əyləşən 4 nəfər şəxslə aralarında mübahisə yaranıb. Mübahisə zəmnində dava düşüb. Elnurun dostu qaçıb gizlənib. 4 nəfər şəxs oğlumu ölümcül döydükdən sonra qaçıblar. Aldığı xəsarətlərlə Elnur "Semaşko" ya yerləşdirilib. Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 127.2.3 və 221.3 maddələri ilə cinayət açılıb və araşdırma bu gün də davam edir. Ancaq oğlumu döyən şəxslər hələ ki, tapılmayıb. Həmin kafedə bir neçə yerdə kamerlar var. Xəzər Rayon Polis İdarəsi 2-ci polis bölməsinin əməkdaşları əraziyə baxış keçiriblər. Hansı dövrdə yaşayırıq ki, insanı 3 nəfər döysün, pis günə qoysun və polis 3 ay ərzində o insanları tapa bilməsin?".

R.Həziyev qeyd edib ki, məsələ ilə bağlı Daxili İşlər Naziri Ramil Usubova rəsmi müraciət də edib:
"Cənab nazir Ramil Usubova 3 dəfə müraciət etmişəm. Çox sağ olsun, müraciətimə baxılıb və aidiyyatı üzrə araşdırılması üçün Xəzər rayon polis idarəsinə göndərilib. Baş Prokurorluğa müraciət etmişəm, hələ cavab yoxdur. Hadisənin baş verməsindən 3 ay keçib. Oğlum 3 dəfə cərahiyyə əməliyyatı olunub. Onu döyüb bu vəziyyətə salanlar tapılıb cəzalandırılmır. Şikayətim budur ki, bu insanlar niyə tapılmır? Bilmirəm, 2-ci polis bölməsinin rəisi adamları gizlədir ya, yox. Bəlkə də, dostunun oğludu və ya tanışlarıdır, deyə bilmərəm. Kimə müraciət edirəm deyirlər ki, onları bölmə tapmalıdır. Bölmə isə bildirir ki, hələ də axtarırıq".

Məsələ ilə bağlı Milli Məclisin deputatı Məlahət İbrahimqızına da müraciət etdiyini deyən müsahibimiz, millət vəkilinin də məslə ilə bağlı DİN-ə rəsmi müraciət etdiyini vurğulayıb:
"Oğlum YAP-ın üzvüdür. Məsələ ilə əlaqədar millət vəkili Məlahət İbrahimqızına müraciət etmişik. O da öz növbəsində cənab Ramil Usubova məktub ünvanladı. Nazirlik məktubu Xəzər Rayon Prokurorluğuna göndərdi. Prokurorun yanında oldum. Xəzri müəllim məsələ ilə bağlı 2-ci Polis Bölməsinə hadisəni törədənlərin tapılması üçün tapşırıq verdi. Ancaq hələki nəticə yoxdur".

Oğlu döyülərək xəsarətlər alan ata Xəzər rayon polis idarəsində rəis tərəfindən qəbul edilmədiyini diqqətə çatdırıb:
"03 sentyabr 2016-cı il tarixdə şənbə günü Xəzər Rayon Polis İdarəsi rəisinin qəbuluna getdim. Rəisin qəbul günü olduğuna baxmayaraq saat 11:00-dan 13:00-a qədər gözlədim. Dedilər rəis saat 4-də qəbul edəcək. Həmin saatda da gəldim rəis qəbul etmədi".

Xəzər rayon polis idarəsinin müstəntiqi Anar Bəxtiyarovla əlaqə saxladıq. O Unikal.org-a bildirdi ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti ilə saxlayaq.

Nazirliyin mətbuat xidmətindən münasibət öyrənmək mümkün olmadı.